Maska altındakı həqiqət

“Avropada, Amerikada oturub anti-Azərbaycan kampaniyası aparan, azərbaycanlı olub, özlərini erməni kimi göstərən şəxslərin həmişə Moskvaya bağlı olduğunu düşünmüşəm və illərdir ki, bunu deyirəm. Yəni həqiqətən də Amerikadan, Avropadan Azərbaycana qarşı hansısa hücumlar olanda bunun səbəbini hər şeydən öncə Moskvada görmüşəm. Çünki bizə ABŞ-ni və Avropanı demokratiyanın beşiyi kimi təqdim edirlər və iddia olunur ki, orada ictimai rəyə təsir edə bilən ictimai-siyasi xadimlər ədalətli olurlar. Lakin həmişə demişəm ki, bu elə deyil, bir maskadır”.
Bunu siyasi şərhçi Azər Həsrət Musavat.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə, AŞPA da daxil olmaqla ayrı-ayrı strukturlarda, ABŞ konqresində belə Rusiyanın istəyi ilə hərəkət edən siyasətçilər var: “Onlarla bərabər söyüş müxalifəti dediyimiz bir ovuc adam da Moskvadan idarə olunur. İşin ən dəhşətli tərəfi odur ki, Moskvanın idarə etdiyi bu kəsimlərə informasiya təminatını Bakıdan həyata keçirirlər. Əvvəlki illərdə bunu Ramiz Mehdiyevin vaxtında onun komandası edib. Təəssüflər həmin komanda və ya ona bənzər komanda o fəaliyyətlə məşğul olur. Deməli, Ramiz Mehdiyevin adamları həmin o pis əməllərini davam etdirir. Yəni Azərbaycanın başına nə gəlibsə və nə gəlirsə bu, birmənalı olaraq Rusiya və Rusiyaya bağlı qüvvələrin əməlidir”.
Şərhçi deyir ki, Rusiya ilə birdəfəlik üzülüşməyin tərəfdarıdır: “Azərbaycan Rusiya ilə eyni təşkilatlarda təmsil olunmamalıdır. Bunlardan ən birincisi MDB-dir. Artıq Azərbaycan o birlikdən uzaqlaşmağın yollarını aramalıdır. Bizimlə bərabər Orta Asiya türk dövlətləri, o cümlədən Ermənistan uzaqlaşmalıdır. Çünki MDB kimi qurumlar Rusiyanın arxa bağçasıdır. Rusiyanın qlobal müstəvidə öz çəkisini qoruyub saxlamağa xidmət edir. Əgər Rusiya bizə qarşı bu münasibəti bəsliyirsə, biz niyə onun qlobal çəkisini artıran bu qurumlarda təmsil olunmalıyıq. Azərbaycan yeni mərhələdə bunu nəzərə almalıdır. Bundan sonra AŞPA və digər bənzər qurumlarda o zərərli qüvvələrin səsi yavaş-yavaş batacaq. Rusiya da anlayacaq ki, Azərbaycan daha sərt addımlar ata bilər”.\Şahanə Rəhimli Musavat\
Polise.az



