Maskdan erməni revanşistlərinə DƏSTƏK

“Forbes” yazır ki, gələn il Ermənistanda müharibələrdə geniş istifadə edilən peyk şirkəti qurulacaq 

Ermənistan Azərbaycanla hərbi qarşıdurmalarda İlon Maskın “Starlink” peyk şirkətindən istifadə etməyi planlaşdırır. Bu barədə “Forbes” nəşrinin yayımladığı məqalədə bəhs olunur. 

Nəşr yazır ki, oktyabr ayında Ermənistanda keçirilən Ümumdünya İnnovasiya və Texnologiya Konqresinin (WCIT) bağlanış mərasimində İlon Maskın çıxışı gözlənilsə də, onun əvəzinə amerikalı erməni biznesmen Razmik Hovaqimyan çıxış edib və Maskın müraciətini oxuyub. Mask müraciətində bildirib ki, növbəti dəfə Ermənistana gəlməyə çalışacaq. O, “Starlink”i Ermənistana gətirməkdən məmnun olduğunu deyib. Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan “Starlink”in hazırda sınaq mərhələsində olduğunu deyib. Qeyd edib ki, “Starlink”in sürətləndirilmiş qrafikinin işə salınması 2025-ci ildə planlaşdırılsa da, bundan daha tez istifadəyə verməyə çalışacaqlar.

Erməni analitik Erik Hakobyan iddia edir ki, Azərbaycanın guya Ermənistanda interneti söndürmək və ya zəiflətmək imkanı vardı, “Starlink” bu problemi aradan qaldıracaq. “”Starlink” Ermənistana Azərbaycanla davam edən ərazi mübahisələri və vaxtarışı hərbi gərginlik zamanı da üstünlük qazandıra bilər”, – nəşr yazır.

Məlum olur ki, Ermənistan Maskın “Starlink” şirkətindən, ölkədə internet keyfiyyətini yaxşılaşdırmaqdan daha çox, Azərbaycana qarşı istifadə etmək niyyətindədir. Bütün bunlar əslində dünyanın informasiya kommunikasiya texnologiyalarının Ermənistanın militarizasiya prosesində iştirakıdır. Azərbaycandan heç bir təhlükə gözlənilmədiyi halda onlar Ermənistanın mövqeyini gücləndirirlər.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, bu, Ermənistanın silahlandırılmasına digər formada verilən dəstəkdir: “Məsələnin kökündə dayanan başlıca faktor onunla bağlıdır ki, bəlli xarici dairələr 4 il əvvəl Ermənistanın müharibədə uduzmasını hələ də həzm edə bilmirlər. Halbuki Azərbaycan bununla Ermənistana hansısa təcavüz etməyib. Azərbaycan beynəlxalq hüquqa dayanaraq işğala son qoyub, ərazi bütövlüyünü təmin edib. Ancaq Fransa başda olmaqla, bəzi dövlətlər, müəyyən xarici dairələr Ermənistanı revanş məqsədi ilə silahlandırırlar. Hətta peyk vasitələrini də hərbi məqsədlər üçün Ermənistanın xeyrinə istifadə etməyə çalışırlar. “Starlink” peyk şirkətinin imkanlarının Ermənistana təqdim olunması bunun tərkib hissəsidir. Nəzərə almaq lazımdır ki, Ukrayna hərbiçiləri müharibə ilə əlaqədar “Starlink”in xidmətlərindən geniş istifadə edirlər. Bu xidmətin əsas xüsusiyyəti ondan ibarətdir ki, internet təminatı peyk vasitəsilə təmin edilir. Hansısa optik kabel xətlərinə üstünlük verilmir. Xüsusən dağlıq və ucqar ərazilərin internetə çıxışının təmin edilməsində bu sistemin üstünlükləri böyükdür. Ona görə də bütün bunlarda məqsəd odur ki, Ermənistan hərbi baxımdan “Starlink”dən istifadə etsin”.

“Yeni Müsavat” 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button