“Maydan”da parçalanan Ukraynanın revanş şansı: Rəsmi Kiyev Azərbaycan örnəyindən faydalanmaq niyyətindədir
Ukraynanın rəsmi dairələri hərbi əməliyyatlara başlamaqdan öncə ABŞ və Qərbin dəstəyi ilə Rusiyanın münaqişəyə müdaxilə imkanlarını məhdudlaşdırmağa çalışır; Rusiyanın postsovet məkanında hərbi toqquşmalara cəlb edilməsi Kremlə qarşı yeni təzyiq və təhdid mexanizmlərinin işə salınmasına şərait yarada bilər…
Azərbaycan 44 günlük savaşda qazandığı tarixi hərbi zəfərlə dünyada bir çox anlayışları dəyişməyə nail oldu. Bir çox problemlərin həlli yollarını göstərdi. Və indi analoji problemlərlə üzləşən dünya dövlətləri Azərbaycanın təcrübəsini öyrənməyə başlayıblar.
İndi əksər dünya dövlətləri müasir savaş taktikasının fərqli olduğunu birmənalı şəkildə qəbul ediblər. Yeni savaş taktikası və strategiyasının yaradılması üçün hərəkətə keçiblər. Buna paralel olaraq, həm də öz silah-sursat və hərbi texnika arsenalını yeniləyirlər.
Məsələ ondadır ki, Azərbaycan ordusunun 44 günlük savaşda tətbiq etdiyi döyüş strategiyası və istifadə etdiyi ən müasir silah növləri dünya dövlətlərinin sahib olduğu hərbi texnikanın artıq köhnəldiyini sübut etdi. Hər halda, məsələn, bahalı döyüş təyyarələri ilə müqayisədə onlardan xeyli ucuz PUA-ların daha effektiv savaş aləti olduğu təsdiqləndi. Yəni Azərbaycanın savaş təcrübəsi müasir dünyada hərbi anlayışların dəyişməsi üçün real praktik örnəyə çevrildi.
Ancaq Azərbaycanın dünyaya təqdim etdiyi örnəklər bununla məhdudlaşmır. Belə ki, rəsmi Bakı separatizm bağlı etnik münaqişələrin həlli yollarını da bütün dünyaya göstərdi. II Qarabağ savaşına qədər beynəlxalq siyasi iradə mərkəzləri etnik münaqişələrin yalnız sülh danışıqları vasitəsilə həll edilə biləcəyini iddia edirdilər. Üstəlik, bu iddialar heç vaxt özünü reallıqda doğrultmurdu. Məsələn, erməni separatizmi ucbatından törədilmiş Dağlıq Qarabağ münaqişəsi 30 illik sülh danışıqları vasitəsilə nizamlana bilmədi. Əksinə, daha da qəlizləşərək, nizamlanma imkanlarını böyük ölçüdə itirdi.
Məhz belə bir çıxılmaz durumda rəsmi Bakı yeni nizamlama modelini gündəmə gətirdi. Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları vasitəsilə həllinin artıq mümkün olmadığını bəyanladı. Və dərhal da bu problemin yeganə həlli yolunun hərbi variant olduğunu qətiyyətli şəkildə vurğuladı.
Nəticədə Azərbaycan dünyanın nüfuzlu qurumlarının, o cümlədən də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son 30 ildə sülh danışıqları prosesində bir addım belə, irəliləyişə nail ola bilmədiyi münaqişəni cəmisi 44 günlük qısamüddətli savaşla həll etdi. Bu, separatizmdən əziyyət çəkən bütün ölkələr üçün praktik örnəkdir. Və indi hər kəs anlayır ki, separatizmə qarşı yeganə təsirli çıxış yolu hərbi müdaxilədir.
Maraqlıdır ki, Azərbaycan örnəyindən faydalanmaq həvəsinə düşən ilk dövlət kimi Ukrayna diqqəti çəkir. Çünki, bu dövlətin üzləşdiyi separatizm modeli də məhz Azərbaycanın 30 il mübarizə apardığı problemlə oxşardır.
Məsələ ondadır ki, Azərbaycanın müstəqilliyə can atdığı ötən əsrin 90-cı illərində Kreml erməni separatimini hərəkətə gətirdi. Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq təhdidləri ilə rəsmi Bakını üzünü Türkiyə və Qərbə çevirmək niyyətlərindən yayındırmağa çalışdı.
Ukraynada da təxminən oxşar proseslər cərəyan etdi. Belə ki, Ukrayna müstəqil dövlət olduqdan sonra belə, uzun illər bu ölkə Rusiyanın təlimatlarını qeyd-şərtsiz yerinə yetirən prezidentlər tərəfindən idarə olunurdu. Ona görə də, Ukraynanın gələcəyini Qərbə inteqrasiyada görən əhali “Maydan” hərəkatı ilə ölkəni Rusiyanın vassalı vəziyyətindən çıxartmaq qərarına gəldilər. Nəticədə amansız mübarizədən sonra nəhayət ki, hakimiyyətə Qərbyönümlü siyasi qüvvələr sahiblənə bildilər. Və Ukrayna Rusiyanın təsir dairəsindən qopub, üzünü Qərbə çevirdi.
Ancaq “Maydan” hərəkatı həm də Ukraynanın parçalanmasına yol açdı. Belə ki, bu ağır geopolitik itki ilə barışmaq və Qərbi postsovet məkanına buraxmaq istəməyən Rusiya Ukraynanı “separatizm kartı” ilə vurdu. Yəni Ukraynanın cənub-şərqində rus separatizmini fəallaşdırdı və onları silahlandırdı.
Nəticədə Ukrayna ərazisində iki rus separatizminə bağlı iki bölgə əmələ gəldi. Yenə də etnik münaqişələrin nizamlanmasında əngəl rolunu oynayan daha bir Minsk Qrupu yaradıldı. Və münaqişənin həlli uzun illər boyunca dondurulmuş vəziyyətdə qaldı.
Göründüyü kimi, Ukraynadakı qondarma “DXR” və “LXR”-in yaradılması və “nizamlanma oyunları” eynilə qondarma “DQR”-in icad edilməsi ssenarisinin təkrarından başqa bir şey deyil.
Maraqlıdır ki, rəsmi Kiyev Ukrayna ərazisində olan hər iki separaçı bölgə ilə bağlı münaqişələrin həllində də Azərbaycan örnəyindən yararlanmağa daha çox meyl edir. Yəni, rəsmi Kiyev də Ukrayna ərazisində ikinci və üçüncü rus dövlətlərinin yaradılması ilə barışmaq niyyətində deyil. Əksinə, Azərbaycanın erməni separatizminə qarşı tətbiq etdiyi hərbi nizamlama modelini rus separatizmi üzərində sınaqdan çıxartmağa hazırlaşır. Və bəzi ehtimallara görə, Ukraynanın bu sınaqdan uğurla çıxmaq şansları da olmamış deyil.
Məsələ ondadır ki, Azərbaycan uzun illər hazırlaşdığı hərbi əməliyyatlara başlamaq ərəfəsində Kremli neytrallaşdırmaq üçün Rusiya ilə yaxın münasibətlərə və dünyada böyük nüfuza malik olan Türkiyənin dəstəyindən faydalanmışdı. Rəsmi Kiyev də bu faktora böyük önəm verir. Və genişmiqyaslı hərbi əməliyyatlara başlamazdan öncə ABŞ və Qərbin dəstəyini təmin etməyə çalışır.
Eyni zamanda, rəsmi Kiyev Ukrayna ordusunun modernləşdirilməsini də vacib hesab edir. Əvvəlki hakimiyyətlərin dövründə diqqətdən kənarda qalaraq, zəifləmiş Ukrayna ordusuna Azərbaycan örnəyinə istinadən müasir silahlar alınır. Və bəzi məlumatlara görə, rəsmi Kiyev artıq Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larını Ukrayna ordusunun silahları sırasına qatıb.
Maraqlıdır ki, Ukraynadakı separaçı bölgələrin rəhbərləri də təhlükənin sürətlə yaxınıaşdığının fərqinə varmağa başlayıblar. Belə ki, separaçılar Rusiyanın verdiyi köhnə model tanklar və zenit-raket kompleksləri ilə “Bayraktar TB2” PUA-larına müqavimət göstərə bilməyəcəklərini anlayırlar. Və bu, onların ciddi narahatlığına səbəb olmaqdadır.
Digər tərəfdən, ABŞ və Qərbin Rusiyaya qarşı təzyiqlərinin hər ötən gün daha da gücləndirilməsi də vəziyyətin dəyişməsinə imkan verir. Belə ki, ABŞ və Qərbin Rusiyaya qarşı təzyiqləri dolayısı ilə Ukraynanın separatizmə qarşı mübarizəsinə dəstək keyfiyyəti də qazana bilər. Hər halda, münaqişə yenidən aktiv fazaya keçirilərsə, ABŞ və Qərbin bundan Rusiyaya qarşı istifadə etməyə çalışacağı qətiyyən istisna deyil.
Əslində, rəsmi Kiyev artıq bu mövzuda açıq şəkildə danışmağa da başlayıb. Belə ki, Ukrayna separatçıların münaqişəni yenidən alovlandıracağı təqdirdə, ABŞ və Qərbdən hər cür dəstək ala biləcəyinə qətiyyən şübhə etmir.
Məsələ ondadır ki, son günlər separaçıların silahlı qüvvələri Ukrayna ordusunun mövqelərini ağır artilleriya qoşunlarından atəşə tutduğu bildirilir. Rusiya mətbuatı Ukrayna ordusunun ciddi itkilər verdiyini iddia edib. Və münaqişənin daha da genişlənərək, aktiv döyüş əməliyyatlarına yol aça biləcəyini vurğulayıb.
Ancaq Ukraynanın rəsmi dairələri Rusiya mətbuatının iddialarını dərhal təkzib edərək, canlı qüvvə itkisinin olmadığını bəyan ediblər. Eyni zamanda, rəsmi Kiyev separatçılara atəşkəs rejiminin pozulması cəhdlərinin onlar üçün baha başa gələ biləcəyi barədə xəbərdarlıq da edib. Və Ukrayna ordusunun artıq fəal hərbi əməliyyatlara tam hazır vəziyyətdə olduğunu da qabardıb.
Göründüyü kimi, Ukraynada uzun müddətdən bəri dondurulmuş vəziyyətdə olan etnik münaqişələrlə bağlı yeni situasiya yaranmağa başlayıb. Belə davam edərsə, yaxın vaxtlarda təmas xəttindəki silahlı toqquşmalar tezliklə genişmiqyaslı hərbi əməliyyatlar mərhələsinə keçə bilər. Və bu, Rusiya üçün də əlverişli olmayan situasiya yarada bilər.
Hər halda, ABŞ və Qərbin Ukraynadakı etnik münaqişələrin yenidən aktiv vəziyyətə gətirilməsində maraqlı ola biləcəyi qətiyyən istisna deyil. Çünki, etnik münaqişələrin aktivləşdirilməsi ABŞ və Qərbə Rusiyanı postsovet məkanında hərbi toqquşmalara cəlb etmək imkanları açır. Bu isə Rusiya üzərində yeni təzyiq və təhdid mexanizmlərinin işə salınmasına münbit şərait yarada bilər.