MEDİA-NI GÜNAHKAR GÖRƏNLƏR GÜZGÜDƏ QƏZETLƏRİNƏ BAXSALAR, YAXŞIDIR???

…Bunu məcburən yazmalı oldum: MEDİA dünən həm çap, həm də elektron media subyektləri üçün yeni qayda və şərtlərlə qarşıdakı 6 ay üçün müsabiqə layihəsini təqdim etdi. Çap mediasl üçün bəlkə də gözlənilməz, amma gözlənilən qərar verildi: uzun illərdir Dövlət büdcəsindən maliyyə ayrılan qəzetlərin mövcud durumu- oxuculuğu nəzərə alınaraq, indiyədək(20 ilə yaxın müddətdə) verilən külli miqdarda yardımların səmərəsizliyi diqqətdən keçirilərək bu dəfə bütün qəzetlərin yalnız həftəlik sayının maliyyələşməsi qərara alındı.
Əslində, bu o deməkdir ki, belə davam etsə, bir müdət sonra bu həftəlik yem də kəsiləcək!
İndi gəlirəm mətləbə: şəxsən özüm də 33 ildir gündəlik, sonra günaşırı, ötən ildən həftəlik nəşr edilən “Təzadlar” qəzetinin rəhbəri kimi çəkinmədən deyirəm ki, MEDİA Agentliyinin rəhbərliyi çox doğru qərar verdi. İndi gündəlik yemləməyə uzun illərdir öyrəşmiş bəzi qəzetlərin rəhbərliyi və ya əməkdaşları, eləcə də mahiyyəti bilmədən bəzi QHT rəhbərləri və s. vay- şivən qoparır ki, guya bu qərar minlərlə jurnalistin işsiz qalmasına səbəb olacaq! Və hamı MEDİA rəhbərliyini günahkar gözündə görür.
Sual verirəm: necə olur ki, əvvəllər KİVDF- dən, bir neçə ildir MEDİA- dan bir manat yardım almadan mən təkbaşına “Təzadlar” qəzetini 33 ildir gündəlik, günaşırı, həftəlik qəzet olaraq buraxa bilirəm, amma hər ay dövlət büdcəsindən 20 min manata yaxın yardım alanlar bunu edə bilmir?! Əhməd İsmayılov günahkardırmı? Uzun illərdir alınan yardımların səmərəsizliyinə görə Əhməd İsmayılov cavabdehlik daşıyır? Yəni, bu qədər də ədalətsizlik olmaz axı!
Hamıdan min budaq uzaq: bazardan bir erkək quzu alıb 4-5 ay yemləyirsən, kökəlir, sonra satıb- kəsib yerinə yenisini alırsan! 20 ildir milyonlarla yardım alan bu qəzetlər “kökəlib- yekəlib” qurtarmadı?! Nə qədər “hazıra- nazir” olmaq olar? Bəsdirin! Bəsdirin… Maklaturaya çevrilən, kimsənin demək olar oxumadığı o qəzetlərə ayrılan büdcə pullarında hamımızın vergi öhdəliyi yatır. Etməyin, danışmayın… Və bilin k, günü bu gün “Təzadlar” qəzeti heç vaxt dövlət büdcəsindən media üçün ayrılan o pullardan almayıb, indi də almır… Tezadlar.az saytı isə iki ildir MEDİA- nın şərtlərini ödəmədiyinə görə və s. Layihədən keçmir, necə deyərlər, qəpiyə güllə atırıq… Amma indi biz vicdanı və ədaləti ata, haqsız iradlara susa bilmərik və yalan iddialara göz yuma bilmərik! Kim iddia edirsə, gətirsin, onun qəzetini korrektordan başqa kimsənin oxumadığını, oxumadığına ehtiyac olmadığını sübut edərəm… Hər kəs güzgüdə MEDİA- nı yox, özünü görməyə çalışsın! Qəzetinizi bu səviyyədə heç kim oxumayacaq, çalışın qəzet buraxın, maklatura yox…
SONDA: mətbəələrdən də statistikamız var: kim hansı tirajla qəzet buraxır, spekulyasiya edir, o da bizə bəllidir, yəqinki MEDİA- ya lap çoxdan…
Asif MƏRZİLİ



