Mehdiyevin dövlətə qarşı dirəniş çağırışı? – Sensasion məqalə

AMEA prezidenti, akademik, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında baş verən proseslərin səngidiyi və az qala gündəmdən çıxdığı bir vaxtda AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova Tohidinin AMEA-nın rəsmi saytında yayılan məqaləsi sensasiya sayıla bilər.

Professor Tohidi məqaləsində Ramiz Mehdiyevin müdafiəsinə qoşulmadığını dönə-dönə vurğulamaqla bərabər, eyni zamanda AMEA Rəyasət Heyətinin nüfuzlu alimlərinə də “çağırış” edib.

“Akademik” çağırışın məqsədi

“Rəyasət Heyəti və akademiklər cameəsinin nə üçün indiyədək məhz AMEA-nın nüfuzu bucağından bütün bu söhbətlərə münasibət nümayiş etdirmədikləri mənim üçün sual olaraq qalır. Lakin bu sualın cavabını onların özünə buraxaq”, – deyə Rüstəmova Tohidi alimləri məlum qalmaqala reaksiyasızlıqda ittiham edir.

Yəqin professor da bilməmiş deyil ki, AMEA prezidentinin nəvəsinə karantin qaydalarını pozaraq toy etməsinin AMEA-ya və onun nüfuzlu alimlərinə yaxından-uzaqdan heç bir aidiyyəti yoxdur. Hətta 150 qonağın iştirak etdiyi o nəvə toyunda indi reaksiyasızlıqda ittiham edilən akademiklərin bircəciyi də dəvət edilməyib.

Yəni Ramiz Mehdiyev Solmaz Tohidinin dili ilə dəstək gözlədiyi akademikləri sayıb (el arasında, “adam yerinə qoymayıb” da deyirlər), heç nəvəsinin toyuna dəvət etməyib. Akademiklər hansı səbəbdən R.Mehdiyevin şəxsi zəmində dövlətə qarşı demarşına haqqazandırma prosesinə qoşulmalıdırlar?

Digər tərəfdən, AMEA-nın nüfuzu heç bir halda AMEA prezidentinin şəxsi müstəvidə ətrafında gedən proseslərlə və ümumiyyətlə, hansısa akademikin elmdənkənar, siyasi iddiaları ilə ölçülmür. Əgər Tohidi hesab edirsə ki, AMEA Ramiz Mehdiyevin şəxsi nüfuzu üzərində bərqərardır, onda onun bu strukturdan qəti anlayışı yoxdur.

AMEA öz nüfuzunu elmi araşdırmalarında axtarmalıdır. Əgər AMEA Rəyasət Heyəti üzvlərindən reaksiya tələb olunursa, onda zəhmət çəksinlər, AMEA-nın elmi hesab olunan rəsmi saytının Ramiz Mehdiyevin şəxsi-siyasi iddialarının girovuna çevrilməsinə etiraz etsinlər. Tohidi hansı elmi-araşdırmaçı meyarı ilə bu məqaləni AMEA-nın elmi saytında tirajlayır?

AMEA saytında dövlətə meydanoxuma

Professor şəxsi müstəvidə akademik Ramiz Mehdiyevin ona bu və ya digər formada dəstəyini xatırladandan sonra sözün bütün mənalarında dövlətə və dövlət rəhbərliyinə qarşı çağırış edir.

Məqalədən sitata baxın:

“Vaxtilə Azərbaycan Parlamentinin bir iclasında ölkə Prezidenti Heydər Əliyev hansısa mübahisəli məsələnin müzakirəsində akademik Midhəd Abbasovu danlayarkən ona töhmətlə “Axı sən mənim adamım idin” demişdi. Bu qınağa Midhəd müəllimin dərhal və kəskin şəkildə: “Mən sizin adamınız deyiləm. Siz bu dövlətin rəhbərisiniz, mən də onun alimi, bir institutun direktoru” – cavabını xatırlayan varmı? Necə oldu bu şəxsiyyətlər? Mənə Midhəd Abbasovun və onun rəhbərlik etdiyi institutun sonrakı aqibətini xatırlatmayın. Bilirəm. Amma Midhəd Abbasovların sayı daha çox, özünü ziyalı adlandıran zümrənin müqavimət dirənişi isə daha güclü olsaydı, cəmiyyət indiki halına gəlib düşərdimi?”

Bu hissədə professor, birincisi, cəmiyyətin indiki hala (? – red.) düşməsini “xatırladır”, ikincisi isə M.Abbasovun Ümummilli liderə qarşı hansısa mövqeyini təqdir edir və belə alimlərin olmadığından “şikayətlənir”. Maraqlıdır, AMEA-nın rəsmi saytında dərc edilən və Ramiz Mehdiyevin əvvəlcədən oxuduğuna və dərcinə razılıq verdiyinə heç bir şübhə olmayan məqalədə cəmiyyət niyə ittiham edilir? Cəmiyyət hara “düşüb” ki?!

Digər tərəfdən, ziyalıların dövlət və onun rəhbərinə qarşı “dirənişinə” çağırış nə deməkdir? Xüsusilə indiki pandemiya şəraitində və ermənilərin ciddi şəkildə müharibəyə hazırlaşdığı, ölkəmizə qarşı geosiyasi müstəvidə ağalarının tapşırığı ilə diplomatik savaş açdığı, Azərbaycanın öz diplomatik münasibətlərini yenidən çeşidlədiyi bir vaxtda!

Mehdiyevin “siyasi sistem”ə sensasion etirazı

Daha bir şok məqam professorun məqaləsində mövcud siyasi sistemə qarşı demarşıdır. Sitata baxaq:

“Çox hörmət etdiyim bir təhlilçi-ekspert Azərbaycan cəmiyyətini və onun ziyalı təbəqəsini indiki durğun vəziyyətə mövcud siyasi sistemin gətirib çıxardığını iddia edir. Çünki bu sistemin qurduğu modelin işləməsi üçün məhz belə cəmiyyət lazım idi. Onunla tam razılaşa bilmirəm. Cəmiyyət və onun aparıcı qüvvəsi olan ziyalılar bu sistemə, modelə qarşı, onun formalaşmağa başladığı andan zəif də olsa heç müqavimət göstərdimi? İstənilən seçkilərdə – akademiyaya, ya Milli Məclisə – sistemin təklif etdiyi şərtlər daxilində seçilməkdən imtina edən olubmu? Olubsa da, bütün mümkün vasitələrlə seçilməyə razı olanlarla imtina edənlərin say nisbəti haqda məlumat varmı? Ümumiyyətlə belə bir nisbət mövcuddurmu? Kimi qınayırıq? Kim qınayır?”

Solmaz Tohidi ölkənin bütövlükdə siyasi seçki sisteminə qarşı bir çağırış edir və bunu Ramiz Mehdiyevin inhisarında olan elmi portalda dərc etdirir?

Akademiyaya seçkilərə etiraz edən Tohidi (əslində Ramiz Mehdiyev) o prosesin kimin nəzarətində olduğunu nə tez unudur? Yoxsa Akif Əlizadə öz postundan Ramiz Mehdiyevə hörmət əlaməti olaraq istefa verdi? AMEA-da vaxtından tez seçkilər niyə keçirildi?

Yoxsa parlament seçkiləri Ramiz Mehdiyevin nəzarətindən çıxarıldığı və payızda deyil, 9 fevralda keçirildiyi üçün “siyasi sistem” narazılıq doğurur?

Tohidi (oxu: Ramiz Mehdiyev) kimi müqavimətə çağırır və niyə? Hansı zərurətdən yaranıb bu çağırış?

Ramiz Mehdiyev “gücünü” göstərir

Növbəti məqam isə hədədir və ümumilikdə bəlli dairələrə Ramiz Mehdiyevin bir güc olduğunu nümayiş etdirməkdir:

“Hücumçular” sanki unudurlar ki, akademik Ramiz Mehdiyev bu gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidentidir, on mindən artıq əməkdaşı olan ali elmi müəssisəsinin rəhbəridir və onun ünvanına deyilən təhqir və təhdidlər istər-istəməz akademiyanın hər bir əməkdaşında xoşagəlməz hisslər oyadır. Bütün bu olaylarda yeganə sakitləşdirici hal əsl alimlərin (elmi dərəcəsi olan deputatlar və digərləri nəzərdə tutulmur) bu “toy əhvalatının” doğurduğu miskin tamaşada iştirak etməməsidir. Mümkündür ki, akademiya kollektivinin bu ümumi sükutu içində kimlərsə müşahidəçi mövqe tutaraq bu işlərin nə ilə bitəcəyini gözləyir. Amma mən əminəm ki, Elmlər Akademiyasının çoxsaylı kollektivi Ramiz Mehdiyevlə bağlı bu kampaniyanın gedişində respublikada yeganə ali fundamental akademik elm ocağının da ən natəmiz niyyətlərlə haqsız tənqid və əsassız ittihamlara məruz qalmasından olduqca narahatdır”.

Akademik Ramiz Mehdiyevin ətrafında 12 minlik AMEA kollektivinin “böyük əksəriyyətinin” toplandığı kimə və niyə xatırladılır və ümumiyyətlə, dövlətimizin içində indiki siyasi proseslər fonunda bu çağırış nəyə lazımdır?

Ramiz Mehdiyev ətrafında baş verən qalmaqalın səngidiyi bir vaxtda bu məqalə heç bir halda təsadüfən ortaya çıxmayıb. Bəs, sual olunur, niyə indi? Ümumiyyətlə,

Nə baş verir?

Ötən məqalədə xatırlatmışdıq: Ramiz Mehdiyev Qaraqoyunlu zamanı bir ovuc erməni keşişə kilsə tikilməsini xatırladaraq, ermənilərin Qarabağa köçürülməsi ilə bağlı mövcud tarixi “daha əvvələ” təsadüfən sürümək istəməmişdi: 15 keşişə kilsə tikən Qaraqoyunlunun tolerantlığını təbliğ edilmək əvəzinə, Azərbaycan tarixinə erməniləri razı salacaq araşdırma aparılması və ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsinin 150 illiyi ilə bağlı 1978-ci ildə qoyulan (Marağa-150) abidəsindən təbliğat vasitəsi kimi istifadə imkanlarına qarşı “akademik yanaşma” ilə çıxması təsadüf deyildi.

Ramiz Mehdiyev Rusiyadan Ermənistana hərbi yüklərin daşınması fonunda ölkə siyasi və ictimai dairələrinin ciddi narazılığına qarşı “Rusiya ilə ehtiyatlı davranmaq” eyhamını da elə-belə xatırlatmamışdı.

Aradan xeyli müddət keçir və proseslər inkişaf edir: Prezident İlham Əliyev Yunanıstan səfirinə Yunanıstan-Cənubi Kipr-Ermənistan hərbi-siyasi ittifaqından narazılığını bildirir və açıq mətnlə diplomatik-siyasi və iqtisadi münasibətlərdə inkişaf yolu təklif edir, ardınca Rusiya generalları Türkiyəyə müzakirəyə gedir və türk ordusunun Suriyadakı əsgərlərinin sayının azaldılmasını tələb edir, türk generallar dərhal bu istəyi geri çevirir; Ermənistan XİN rəhbəri aktivləşir, Yunanıstanla eksklüziv saziş imzalayan Misirə gedir və bu sazişin parlamentdə ratifikasiya olunması üçün dəstəyini ifadə edir, “Türkiyə-Misir gərginliyində Misiri müdafiə etdiyini” deyir, Misirin ingilisdilli kanallarına çıxıb, Azərbaycana İŞİD terrorçularının daşınması barədə hədyan-böhtanlar yağdırır; Ermənistan XİN son iki gündə Azərbaycanı şərləyən 4 bəyanat yayır, Ermənistan parlamentində Azərbaycana terrorçuların daşındığı barədə “məsələ” müzakirəyə çıxarılır…

Və Anna Akopyan Qarabağa gəlib, avtomatla poz verir, “dqr” rəhbəri Araik Arutyunyan danışıqlardan imtina edib tam müharibə qərarı vermək və Gəncə və Goranboyu tutmaq təklifi edir, “100 minlik xalq ordusu”nun yaradılmasını müzakirəyə çıxarır, Ermənistanda ehtiyatda olan zabitlər Rusiyanın göndərdiyi yeni silahlardan istifadəni öyrənmək üçün 15 sentyabrdan orduya çağırılır, mülki əhalinin orduya çağırılması prosesi başlayır, Livandan rəsmi etiraf etdikləri kimi 1100 nəfər İrəvana və Qarabağa köçürülür və onların sırasında Livanda kök salan ASALA terrorçularının olması ehtimalı çox böyükdür…

Bu proseslər fonunda ölkə daxilində, ölkəmizin ən mötəbər elm ocağında – ki burda 12 min alim toplanıb – “siyasi sistemə” qarşı çağırış başlayır, buna bəhanə kimi isə Ramiz Mehdiyevə qarşı artıq unudulan “toy qalmaqalı” əsas götürülür.

Yaza bilmədiyimiz və hərbi sirr saydığımız daha başqa mətləbləri də bura əlavə etsək, tam mənası ilə elan etmək olar:

Ramiz Mehdiyev dövlətçiliyimiz üçün çox təhlükəli bir oyunun tərkib hissəsinə çevrilib…

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button