Merts Trampla Ukraynadakı nizamlamada Avropanın iştirakının vacibliyini müzakirə edib

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması proseslərində Avropanın iştirakının vacibliyini müzakirə edib.
“Müharibənin nəticəsi necə olacaqsa, bu, Avropanın təhlükəsizliyi üçün nəticələr doğuracaq”, – NTV telekanalı Mertsdən sitat gətirib.
“Əgər Ukrayna bu müharibədə uduzarsa, bu, bütün Avropa siyasətinə, bütün Avropa qitəsinə təsir göstərəcək. Ona görə də biz bu məsələdə fəal iştirak edirik”, – deyə o bildirib.
Eyni zamanda kansler qeyd edib ki, Ukrayna üçün Budapeşt Memorandumunda təsbit olunmuşlardan fərqli təhlükəsizlik təminatları və razılaşmalar tələb olunur: “Biz, avropalılar, almanlar, bu prosesdə iştirak etməyə hazırıq. Fikrimcə, hazırda müharibəni başa çatdırmaq üçün şans var, lakin biz hələ ümumi yaxşı nəticədən xeyli uzağıq”.
Daha əvvəl Aİ ölkələrinin liderləri ABŞ-nin sülh planının bir sıra bəndləri ilə razı olmadıqlarını və onun təkmilləşdirilməsinə ehtiyac olduğunu bəyan etmişdilər.
Polise.az



