“Milana” hospitalda bir kabus dolaşmaqdadır, ittiham!

Xuraman Muradova: “Qurban Məmmədovun bu əsassız ittiham və ağır təhqirlərinə hüquqi müstəvidə cavab veriləcək…”
“Təəssüf edirəm ki, kanalın özünü hüquqşünas sayan rəhbəri heç bir ölçü–sərhəd bilmədən mənə və sahibi olduğum tanınmış klinikaya qarşı qərəzli və yalan məlumatları ilə ictimaiyyəti aldatmaqdadır“
…İki gün əvvəl təsisçisi və rəhbəri bir müddətdir Azərbaycandan kənarda mühacir həyatı yaşayan hüquqşünas Qurban Məmmədov olan “AzerFreedomTV“nin efirində, məhz onun özünün moderatorluğu ilə Azərbaycanda tibb sahəsində yetərincə imici və işgüzar fəaliyyəti olan “MilanaHospital“ın sahibi Xuraman Muradovanın şəxsiyyətinə qarşı olduqca sərt və ağır formada təhqirli ifadələrlə müşaiyət edilən reportaj verilmişdir. Həmin reportajda, həmçinin klinikanın fəaliyyətinə kölgə salan, korrupsiya hüquqpozmalarını nəzərdə tutan çoxsaylı ittihamlar səsləndirilmişdir.
XXX
“Təzadlar“ın elektron poçtuna adı çəkilən klinikada çalışan xanım tibb işçilərindən biri tərəfindən göndərilmiş məktubda həmin ittihamlar sıralanır. Bu ittihamlar toplusu çoxsaylı suallar doğurduğundan «Media haqqında» Qanunun tələblərinə və jurnalist statusuna uyğun olaraq klinikanın sahibi, xeyriyyəçiliyi ilə tanınan Xuraman Muradovaya media sorğusu göndərdik… Bir müddət sonra X.Muradova redaksiyamızla əlaqə saxladı, bəzi suallara eksklüziv cavab verməsini xahiş etdik:
–Xuraman xanım, martın 31-də «AzerFreedomTV“nin efirində gecə saatlarında yayımlanmış məlum canlı yayımlı reportajı biz də izlədik. Açığı, həm Sizə, həm də rəhbəri olduğunuz klinikaya qarşı inanılmaz ittihamlarla qarşılaşdıq…
– Nəinki inanılmaz ittihamlar, həmçinin inanılmaz və ağır formada təhqirlərə məruz qalmışam. Hazırda bununla bağlı hüquqi müstəvidə cavab addımları atılmaqdadır və inanıram ki, YouTube rəhbərliyi üzvlük qaydalarını ciddi şəkildə pozduğuna görə bu kanal barədə ciddi tədbir görəcək. H.əmin qaydalarla tanışsınızsa, orada xüsusi olaraq qeyd edilir ki, şəxslərin ailə institutuna toxunmaq, təhqirlərə yol vermək, heç bir məhkəmə qərarı və ya hökmü olmadan insanları ağır cinayətlərdə ittiham etmək və s. yolverilməzdir. Amma təəssüf edirəm ki, özünühüquqşünas adlandıran Qurban Məmmədov Azərbaycan xanımı olaraq mənə və ailəmə qarşı ağır formada və açıq mətnlə təhqirlərə yol vermiş, eləcə də məni ağır cinayətlərdə ittiham etmişdir. Vəkilim bu barədə ingilis dilində arayış hazırlayaraq həm YouTube rəhbərliyinə təqdim edəcək, həm də Qurban Məmmədova mühacir statusu vermiş Böyük Britaniyanın hüquq–mühafizə orqanlarına göndəriləcək. Bununla yanaşı, hüquqi müstəvidə də digər sərt addımlarımız atılacaq…
– Xuraman xanım, istinad edilən reportaj– buraxılışda çoxsaylı ittihamların və təhqirlərin olduğunu söylədiniz. Açığı, biz media olaraq tərəf ola bilmərik, amma ədalətli yanaşmanı ortaya qoymaq da jurnalist olaraq vəzifəmizə və statusumuza daxil olduğundan bir vacib məqama aydınlıq gətirmənizi istərdik. Qurban Məmmədovu hüquqşünas kimi tanıdığımızdan, qeyd etdiyiniz ittihamlara əvvəlcə inanmağımız belə gəlmirdi ki, bəlkə bunlar onun oxşarı tərəfindən, yəni süni intellekt icraçısı rolunda kimsə təqdim etmişdir… Ümumiyyətlə, bu efir– sosial media münaqişəsinin əsl mahiyyətində nə durur? Axı siz Azərbaycanda tanınmış, işgüzarlığı ilə fərqlənən sahibkar xanımlardansınız. Niyə sizə qarşı belə sərt münasibət sərgilənməlidir?
– Mənim bu söylədiklərimi Qurban Məmmədova cavab kimi yox, Azərbaycan ictimaiyyəti üçün, həmin ittihamları eşitmiş, izləmiş ictimaiyyət üçün deyirəm ki, söylənilənlərin heç birinin nə hüquqi, nə də mənəviyyat baxımından əsası yoxdur, bunlar mənə və rəhbəri olduğum klinikaya qarşı böhtandır, ağır formada təhqirdir, ağır cinayətdə ittiham etmədir, nəhayət, başdan–ayağa qərəz və təhdiddən ibarətdir…
–Sualımız belədir: bu münaqişənin əsl kökündə hansısa bir ciddi səbəblər varmı? Çünki motivlərdə şəxsi məqamlar daha qabarıq görünür? Bəlkə aranızda nə vaxtsa bir münaqişə, problem yaşanıb?
– Açığı, mən Qurban Məmmədova onun məlum intellekt səviyyəsinə uyğun cavab vermək istəməzdim, amma bəzi faktları və əsl səbəbləri də bəyan etməyi özümə borc bilirəm, çünki o ittiham və təhqirlərə cavab verməsəm, sussam, belə başa düşülər ki, demək, deyilənlər doğrudur, yaxud susmaq razılıq əlamətidir…
–Buyurun…
– Xatırladım ki, Qurban Məmmədovun bu cür ölçüyə sığmaz hərəkəti, özü də xanıma qarşı qanunsuz əməlləri, hərəkətləri hələ 2022- ci ildən başlamışdır, indi də eynilə təkrarlanmışdır. O vaxt reaksiya vermədim, dedim, bəlkə özü səhvini başa düşər… Ardıcıl olaraq barəmdə təhqir və ittiham dolu videolar paylaşdı…
– Buna səbıb nə idi ki?!
– Səbəb çox sadədir, amma utancvericidir… Təsəvvür edin, üstündən bir il ötür, ailə bizə müraciət edir ki, qız ailə qurmaq istəyir, onu incə hala gətirmək lazımdır və s. Biz də pasiyent olaraq onun qızına öz balamız kimi yanaşmışıq, hazırda Almaniyada çalışan ən peşəkar həkimimizi bu əməliyyata girməsinə etibar etmişik… Əməliyyat uğurla başa çatdı. Səsli və mətnli mesajlar var ki, qızı və özü, yəni ailə həkimlərimizə dərin minnətdarlıq edirlər… Yəni, bu gün klinikamızı qanunsuz əməllərdə ittiham edən, bizi hədələyən, ağır cinayətlərdə suçlayan Qurban Məmmədov ictimaiyyətə hələ 2022- ci ildən ““Milana Hospital” təhlükə mənbəyidir, həyatınızı təhlükəyə atmayın!” kimi anti– reklamlı müraciətini təkrarlayarkən, niyə 2023-cü ildə öz qızının taleyini məhz bu klinikanın həkim personalına etibar edirdi??? Bəlkə bundan xəbəri yox idi??? Və qızı bir müddət sonra rahatlıqla xaricə çıxıb getdi, bundan sonra Qurban Məmmədovun bizə qarşı təhdid və ittihamları baş qaldırdı.
“Qurban Məmmədov isə dirəndi ki, bir şərtlə: 100 min manat pulu verin, o təhqiramiz videoları YouTube- dən silim… Biz də dedik ki, bağışlayın, ünvanı səhv salmısınız…”
–Nə mənada?
–Başladı ki, bəs qızımda əməliyyat xoşagələn deyil, nə bilim, pis əməliyyat edilib və s. Bu ittihamların ardınca, əvvəl dedim, həmin əməliyyatı uğurla aparmış və hazırda Almaniyada yaşayıb- işləyən sabiq əməkdaşımızın həkim həyat yoldaşından külli miqdarda təzminat istəməyə başladı… Əvvəlcə elə bildik zarafat edir, amma gördük ki, yox, özü hüquqşünas olan, qayda– qanunları yaxşı bilən insan belə etməməlidir, nəsə anlaşılan deyil… Lakin sonra gördük ki, ciddi deyir, bizi özünün TV kanalında təhdid və təhqir etməyə başladı… Biz ona mülayim davranaraq təklif etdik ki, buyursun, qız gəlsin, burada Səhiyyə Nazirliyi səviyyəsində komissiya yaradaq, əgər dedikləri təsdiqini taparsa, məhkəmə müstəvisində də bu problemi çözək, təzminat nədir, ödəyək. Qızı isə bu əməliyyata görə 3500 manat ödəməli idi, onu da tam ödəməmişdi…
–Razılaşdımı?
–Yox, o, bu təklifimizi rədd edərək, ardınca rəhbəri olduğu TV vasitəsilə bizi təkrarən təhdid və təhqir etməyə başladı… Bizim nümayəndə bir daha onunla danışdı ki, ayıbdır, tələbini hüquqi müstəvidə etmədən bu təhqirlərə son ver… Qurban Məmmədov isə dirəndi ki, bir şərtlə: 100 min manat pulu verin, o təhqiramiz videoları YouTube- dən silim… Biz də dedik ki, bağışlayın, ünvanı səhv salmısınız…
– Bu barədə maddi sübutlarınız varmı?
– Əlbəttə, onun səsli və mətnli mesajları və s. var, bu dəfə lazimi ünvanlara göndəriləcək… Demək, o təhqiramiz videolarda məqsədi də pul alıb silmək imiş… Günahımız olsaydı, yaxud onlar haqlı olsaydılar, məhkəməyə verərdilər… Bu dəfə isə dilə gətirilməsi mümkün olmayan sonuncu qanunsuz hərəkəti! Bu azmış kimi, qərəzli, kinli şəkildə müzakirə açıb ki, mənə niyə xarici ölkələrin Elmi Araşdırmalar Akademiyalarının Fəxri professoru diplomu verilib və ya bu guya dələduzluqdur və s. Özünü hüquqşünas hesab edən Qurban Məmmədov bilmək istəmir ki, sahibkar xanım olaraq mənim işgüzar fəaliyyətim yüksək qiymətləndirilərək “Fəxri professor” diplomu təqdim edilib. Qurban Məmmədova tövsiyyəm: Bakı Dövlət Universitetinin saytına daxil olsun və Fəxri professorların və Fəxri doktorların siyahısına, sayına diqqət yetirsin. Orda dünyanın ən azı yüzə yaxın ölkəsinin peşəsindən, ixtisasından asılı olmayaraq yüksək statuslu dövlət və siyasi xadimlərinin… adları var. Fəxri professorların, Fəxri doktorların sayı, adları orada fotoşəkilləri ilə vardır… Ən naqis hərəkət və mövqedir ki, Azərbaycanda yüzlərlə tanınmış şəxslər belə ABŞ–ın, Türkiyənin, Avropa ölkələrinin ayrı– ayrı təşkilatlarının, qurumlarının, elm mərkəzlərinin… diplom və medalları, ordenləri ilə təltif ediliblər. Bunların bir çoxu ictimai əsaslarla edilibdir. Sual verirəm: niyə Qurban Məmmədovun gözü, ancaq məni gördü? Mənim günahım- suçum nədir axı?! Yaxud, niyə o, məhz indi məni hədəfə almışdır??? İstədiyi pulu vermədiyimizə görə?!
–Elə bu sualı vermək istəyirdik ki, niyə?
–Cavabını və səbəbini yuxarıda söylədim…
–Xuraman xanım, yaranmış situasiyadan çıxış yolunu nədə görürsünüz?
–Məsələ ondadır ki, bu ağır təhqir və ittihamları hansısa savadsız, məsuliyyətini dərk etməyən biri etsəydi, bəlkə də günahından keçərdim ki, əşşi, bilməyib, başa düşməyib… Amma Qurban Məmmədov bir halda ki özünü hüquqşünas, millət vəkili elan edib, deməli, bunları bilərəkdən, məqsədli şəkildə, şəxsi maraqları ilə etmişdir. Belə olan surətdə ona söz ilə deyil, hüquqi müstəvidə əməllərinin toplusu və sanksiyası ilə məsuliyyətini başa salmaq lazımdır. Bunun da yolunu yuxarıda dedim… Azərbaycanın 30 illik erməni işğalına son qoymuş sahibi, rəhbərliyi var və hər kəsin hüquqi müstəvidə Konstitusion hüquqlarını müdafiə etmək üçün imkanları, vəzifə və hüquqları vardır. Qurban Məmmədov o ağır təhqirləri, ailəmin şərəf və ləyaqətinə uzatdığı dilinin potensial sərhədini tanımalıdır! Vəkillərim artıq hüquqi müstəvidə hərəkətə keçiblər, o, yaxın vaxtlarda Azərbaycan xanımını ağır formada təhqir etmənin məsuliyyətini və bunun sinda nə demək olduğunu görəcəkdir! Qurban Məmmədov bu diluzatmaya başlamamışdan gərək özünün xanım ailə üzvlərini göz önünə gətirəydi… Bu hüquqşünas kişiyə yaraşan hərəkətdirmi? Mən neyləmişəm ona? Sözü var idi, hüquqi müstəvidə deyə bilərdi, lap tənqid edəydi, amma ta bu qədər də yox…
–İnanaq ki, bu məsələ tezliklə nöqtələnər…
Təqdim etdi: “Təzadlar“ın Araşdırma Qrupu
P.S.Qurban Məmmədovun da əsaslandırılmış cavabını təqdim etməyə hazırıq.