Milli Məclisin deputatı vəfat edib
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov vəfat edib.
Bu barədə Milli Məclisdən məlumat verilib.
Qeyd edək ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan Muxtar Respubliukasının (MR) Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.
1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib.
1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri işləyib.
1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub. 1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri olub.
Xatırladaq ki, F.Heydərovun ölümü barədə ilk xəbəri “Bakıpost” yayıb.