Milli Məclisin futbol komandası beynəlxalq futbol turnirində gümüş medal qazanıb

Türkiyənin Antalya şəhərində 1–5 aprel tarixlərində Türkiyə Böyük Millət Məclisinin (TBMM) təşkilatçılığı ilə Türk Dünyası Parlamentlərarası Futbol Turniri keçirilib. Azərbaycan Milli Məclisinin komandası da turnirdə uğurla təmsil olunub.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyəti ilə B qrupunda yer alan Milli Məclisin komandası bütün rəqiblərini qabaqlayaraq qrupu birinci pillədə tamamlayıb və finala vəsiqə qazanıb.
Turnirin həlledici mərhələsində iki qardaş ölkənin — Azərbaycan və Türkiyə parlamentlərinin komandaları üz-üzə gəlib. Yüksək səviyyəli qarşılaşmada TBMM komandası 3:1 hesabı ilə qələbə qazanıb.
Azərbaycan Milli Məclisinin komandası isə turniri fəxri ikinci yerdə başa vuraraq gümüş medala layiq görülüb.
Qeyd edək ki, Türk Dünyası Parlamentlərarası Futbol Turnirində Azərbaycan Milli Məclisini parlamentin komitə sədrləri Fazil Mustafa, Şahin İsmayılov, Azər Əmiraslanov, deputatlar Zaur Şükürov, Ramid Namazov, Məzahir Əfəndiyev, Nurlan Həsənov, Erkin Qədirli, Kamran Bayramov və Eyvaz Qurbanov, eyni zamanda Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, şöbə müdirləri İlkin Məmmədov, Elmar Hüseynov, Milli Məclis sədrinin köməkçisi Aqşin Hümmətov, şöbə müdirinin müavini Emin İmanov və aparatın digər əməkdaşları — Rüfət Ələkpərov, Təbriz Tağıyev, Fərid Məmmədquluzadə və baş məşqçi Şahin Diniyev təmsil ediblər.







