Milli-mənəvi dəyərlərimizlə bağlı SOS: Bir ildə qadın məhkumların sayı 15% artıb…

2023-cü illə müqayisədə 2024-cü ildə ölkəmizdə qadın məhkumların sayı 15,9% artıb. Bu məkumat “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Statistikadan da məlum olduğu kimi, cəmi bir ildə qadın məhkumların sayında 15,9%-lik kəskin artım müşahidə edilib. Bu isə milli-mənəvi dəyərlərə hədsiz bağlılığı ilə tanınan , qadın-ana faktorunun hər zaman uca tutulduğu Azərbaycanın bugünü və gələcəyi baxımından ciddi təhlükənin əlamətidir.
Heç kimə sirr deyil ki, Azərbaycan qadını hər zaman öz əxlaqı, zəkası, mənəviyyatı ilə bütün dünyaya örnək olub, bəşəriyyətə ağlı, biliyi ilə yanaşı, həm də ləyaqəti ilə seçilən böyük dahilər bəxş edib. Belə olan halda 2023-cü illə müqayisədə 2024-cü ildə qadın məhkumların sayının 15,9% artması ciddi mətləblərdən, arzuedilməz gedişatdan xəbər verir. Əgər qadın məhkumların sayındakı bu artım tempi yaxın illərdə də davam edərsə, bu, doğma Azərbaycanımız, onun genefondu və milli-mənəvi dəyərlər sistemi üçün əsl faciə olacaq.
Milli-mənəvi dəyərlərimiz, gələcəyimiz üçün əsl SOS hesab edilə biləcək bu statistika, bu statistikaya gətirib çıxaran amillər ciddi araşdırılmalı, məlum tendensiyanın qarşısı alınmalıdır. Unutmayaq ki, Azərbaycan qadınını evindən, ailəsindən, cəmiyyətdən qopararaq həbsxanaya gətirib çıxaran səbəblər təsbit edilərək ortadan qaldırılmadığı təqdirdə, bu tendensiyanın qarşısını almaq, milli-mənəvi dəyərlər sistemimizdəki bu böyük çatı qapatmaq, yeni faciələrdən qaçmaq mümkün olmayacaq.Moderator/az
Polise.az