“Minlərlə məmur təsadüfən Ağ Evin məxfi planlarına çıxış əldə edib” – “The Washington Post”

“Pozuntular ötən həftə aparılan audit zamanı üzə çıxıb, araşdırmalar davam edir…”
ABŞ-ın Ümumi Xidmətlər İdarəsinin daimi əməkdaşları təsadüfən 11 200-dən çox məmura “Google Drive”-da məxfi sənədlərin yerləşdiyi qovluğa çıxış imkanı açıb.
Moderator.az xəbər verir ki, bj barədə “The Washington Post” nəşri yazıb.
Sənədlər arasında Ağ Evin mərtəbə planları, partlayışa davamlı qapılarla bağlı məlumatlar və Donald Tramp administrasiyası ilə əməkdaşlıq edən bir təchizatçının bank məlumatları yer alıb.
“Bu sənədlər qətiyyən 11 200 nəfərlə paylaşmaq istədiyiniz məlumatlar deyil”, – beynəlxalq təhlükəsizlik üzrə ekspert Maykl Uilyams bildirib.
Faylların əksəriyyəti CUI statusuna malik olub, yəni, bu məlumatlar rəsmi şəkildə məxfi hesab olunmasa da, onların qorunmasına ehtiyac var. Ən azı on sənəd redaktəyə açıq olub.
Bu cür sızmalar 2021-ci ildən baş verir, o cümlədən Ağ Evin Şərq və Qərb qanadlarının planları da sızdırılıb. 2021-ci ilin dekabrında əməkdaşlardan biri Oval kabinet və Situasiya otağına dair sənədləri paylaşıb. Bir halda isə Ağ Evə gələn ziyarətçilər üçün mərkəzin qapılarının dizayn layihələri açıq qoyulub.
“Təbii ki, onlar rəsmi şəkildə məxfi sənəd olmasa da, təhlükəsizlik baxımından onların gizli saxlanması vacibdir”, – təhlükəsizlik siyasəti üzrə analitik Stiven Afterqud bildirib.
Hadisə həm Bayden, həm də Tramp administrasiyalarında həssas məlumatlarla səhlənkar davranış meylini təsdiqləyir. Bundan öncə məlum olub ki, Trampın əməkdaşları rəsmi yazışmalar üçün şəxsi Gmail hesablarından istifadə edib, Baydenin evində isə məxfi sənədlər saxlanılıb.
Pozuntular ötən həftə aparılan audit zamanı üzə çıxıb. Cümə axşamına qədər İT şöbəsi faylların sahiblərini müəyyənləşdirib və çıxışı bağlayıb. Komanda araşdırmanı davam etdirir.
ABŞ-da məlumat sızmaları – son qalmaqallar
Bundan öncə xəbər verilib ki, ABŞ müdafiə naziri Pit Heqset husilərə qarşı əməliyyatın detalları ilə bağlı məlumatı şəxsi telefonundakı “Signal” çatında paylaşıb. Çatda həyat yoldaşı, qardaşı və vəkili də olub.
Bu çat Heqsetin təyinatının təsdiqi zamanı yaradılıb və o, nazir təyin edildikdən sonra da həmin çatdan istifadə etməyə davam edib. Çatda ondan çox insan yer alıb. Belə qruplar da istintaq mövzusuna çevrilib.
Polise.az