Misir, Qətər, ABŞ və İsrail Qəzzada atəşkəsi uzatmağa çalışır
Misir, Qətər, ABŞ və İsrail Qəzza sektorunda aparılan hərbi əməliyyatlarda humanitar fasilənin uzadılmasına çalışır və HƏMAS hərəkatının noyabrın 29-da azı 10 girovu qaytaracağına və atəşkəs rejiminin noyabrın 30-da da davam edəcəyinə ümid bəsləyir.
Polise.az xəbər verir ki, bu barədə CNN telekompaniyası məlumat yayıb.
Məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, İsrailin “Mossad” kəşfiyyat idarəsinin rəhbəri David Barnea və HƏMAS-ın siyasi rəhbərliyi ilə sıx əlaqələr saxlayan Qətər nümayəndələri hazırda Doha şəhərindədir. Onlar atəşkəs barədə razılaşmanın növbəti mərhələsini müzakirə edəcəklər.
Noyabrın 22-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS hərəkatı və İsrail Qəzza sektorunda dörd günlük humanitar atəşkəs haqqında razılığa gəlib. Razılaşma çərçivəsində İsrail həbsxanalarında saxlanılan 150 fələstinli yeniyetmə və qadının azad edilməsi və Fələstin eksklavında saxlanılan 50 nəfərin azadlığa buraxılması nəzərdə tutulur.
Noyabrın 27-də Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari HƏMAS və İsrailin Qəzzada humanitar atəşkəs rejiminin daha iki gün uzadılması barədə razılığa gəldiklərini bildirib.
Polise.az