“Moskva öz qonşularını nəzarətə götürməyə can atır” – “Rusiyaya yenidən görüşməyi təklif etdik”
NATO-nun genişlənməməsi ilə bağlı Rusiyanın Alyansa göndərdiyi tələblərdən sonra tərəflər arasında bir neçə görüş keçirilib. NATO-nun Baş katibi Yens Stoltenberq İtaliyanın “La Republica”qəzetninə verdiyi müsahibədə etiraf edib ki, Rusiya ilə keçirilən görüşlərdə hər hansı nəticəyə gəlinməyib.
“AzPoltika.info” sözügedən müsahibənin tərcüməsini təqdim edir:
– ABŞ və Rusiya arasında Cenevrədə, Brüsseldə və nəhayət, Vyanada keçirilən görüşlərdən sonra Rusiyanın danışıqlara yanaşması barədə nə düşünürsünüz? Rusiya danışıqları xoş məramla aparır, yoxsa,yox?
– Bunu söyləmək çətindir. Biz Rusiyadan cavab gözləyirik. Onlar son görüşdə bizə cavab verə blmədilər. Demək istəyirəm ki, müzakirə ağır keçdi, biz dörd saat ərzində geniş spektrli məsələləri müzakirə etdik. Onlar öz təhlükəsizlikləri ilə bağlı problemləri qaldırdılar, biz isə öz narahatlığımızı bildirdik. Biz öz mövqelərimizə görə bir-birimizdən çox uzaq idik. Ancaq müzakirələr açıq və səmimi keçdi. Belə bir kritik anda bizim danışıqlar masası arxasınada oturmağımız Avropanın təhlükəsizliyi üçün mühüm idi. Son belə görüşdən iki il ötür.
Biz yenidən görüşməyi təklif etdik və indi onların danışıqları davam etdirməyə razı olub-olmayacaqlarını gözləyirik. Gərginliyin bu cür yüksək həddə gəlib çıxdığı bir vaxtda dialoq vacibdir.
– Lakin Rusiya nümayəndəsi bildirib ki, yaxın vaxtlarda yeni görüş üçün əsas görmür. Əgər Rusiya Ukraynaya hücum edərsə, NATO Şərqi Avropada müharibəyə girişməyə məcbur qalacaqmı?
– Ukrayna qiymətli tərəfdaşdır. Biz ona fundamental özünümüdafiə hüququna uyğun olaraq kömək edirik. Biz, Ukraynanı dəstəkləyirik, xüsusən də ABŞ, Böyük Britaniya və Türkiyə texnika ilə təchiz edir və onun hərbçilərinə təlimlər keçirlər. Amma Ukrayna NATO üzvü deyil. NATO üçün öz müttəfiqlərini mütləq qorumaq öhdəliyi yalnız Alyans üzvlərinə aiddir. Əgər Rusiya yenidən Ukraynaya qarşı güc tətbiq edərsə, bu, strateji səhv olacaq və o, siyasi, iqtisadi və maliyyə sanksiyaları ilə üzləşəcək. Biz Ukraynanı dəstəkləməkdə davam edirik və bilirik ki, Kiyev indi 2014-cü illə müqayisədə daha yaxşı müdafiə oluna bilər. Onun hərbi gücləri yaxşı təlim görüblər və yaxşı silahlanıblar.
Ancaq bir daha təkarar edirəm: müttəfiqlərin müdafiə olunması öhdəliyi yalnız Alyans üzvlərinə aiddir. Ukrayna ilə bağlı biz artıq demişik ki, Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq olunacaq. Biz, Ukraynaya dəstək verəcəyik.
– Əgər Kiyev onun NATO-ya qəbulunu xahiş edərsə, o zaman cavab necə olacaq? Hə, ya yox?
– Ukrayna artıq Alyansa üzv olmağa dair ərizə verib və biz bunun üzərində işləməyə qərar vermişik. Biz silahlı qüvvələrin modernləşdirilməsini, standartlarımıza uyğun islahatların aparılmasını dəstəkləyəcəyik. Aydındır ki, biz Ukrayna və Gürcüstan üçün açığıq.
Biz hələ 2008-ci ildə razılığa gəlmişdik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq, ancaq bunun nə vaxt baş verəcəyi baradə razılığa gəlməmışık. Onu da deyim ki, Alyansa birləşmək yalnız Ukraynaya və təşkilata daxil olan 30 ölkəyə aid məsələdir.
Rusiya isə NATO-nun genişlənməməsi barədə müqavilə öhdəliyinin olmasını istəyir. Bu, bizim dövlətlərin öz müqəddəratını həll etmək haqqındakı əsas prinsiplərimizn pozulması deməkdir. Ukraynalılar, finlər və isveçlilər NATO-ya qoşulmaq barədə qərarları müstəqil şəkildə verməlidirlər. Rusiya onların işinə müdaxilə edə bilməz, amma Rusiya inadkarlıqla böyük dövlət avtoritetini bərpa etmək istəyir. Belə qaydaları olan Avropa mənim yaşamaq istədiyim Avropa deyil. Avropa dövlətləri azad və müstəqildirlər.
– Siz deyirsiniz ki, qapı açıq olacaq, amma müddət haqqında danışılmır. Bəlkə, NATO-ya (Ukrayna və Gürcüstan) daxil olma prosesi növbəti aylar ərzində baş verəcək?
– İndi gündəlikdə islahatlar, Ukraynaya kömək durur. Təkrar edirəm, bizim üçün indi söhbət başqa şeydən yox, Rusiyanın aqressiyasından gedir. Onlar Ukraynanın bir hissəsini – Krımı tutublar, separatçıların köməyi ilə Donbasa nəzarət edirlər. İndi isə bizi məcbur etmək istəyirlər ki, dövlətin suverenliyini pozan hüquqi öhdəlik müqaviləsini qəbul edək.
– Bəs, Qazaxıstanda nə baş verir? Moskva Orta Asiyada öz strateji təsirini genişləndirməyəmi çalışır? Nəyə görə Putin və Çin regionda belə güclü ola bildilər, onlara böhranmı kömək etdi?
– Ümumiyyətlə, biz görürük ki, Rusiya müəyyən mənada öz təsir sferasını bərpa etməyə çalışır. Rusiya bunu Ukraynada və Orta Asiyada edir. Biz çox narahatıq. Vacib olan odur ki, insan haqları qorunsun, həmçinin də dinc nümayişçilərin haqları qorunmalıdır. Qazaxıstanda demokratik haqlarla bağlı problemlər var, orada insan haqlarına riayət olunmur. Moskva öz qonşularını nəzarətə götürməyə can atır.
– İnsan haqları ilə bağlı Çində də problemlər var…
– Bu, həqiqətdir. NATO-nun əsasında fundamental dəyərlər – insan haqları, azadlıq, demokratiya dayanır. Biz, Çində demokratik güclərin əzilməsini, azlıqların təqib olunmasını görürük. Honkonqda isə müstəqil KİV-lər təqib olunur. Ona görə də demokratiyanın müdafiəsi üçün Şimalı Amerika və Avropanın ittifaqı mühümdür. ABŞ və Avropa Birliyinin ittifaqı ona görə vacibdir ki, ortada Avropanın təhlükəsizliyi dayanır.
– Sizin səlahiyyət müddətiniz sona çatır. Sizcə, xələfləriniz hansı əsas çağırışlarla üzləşəcəklər?
– Biz proqnozlaşdırılması çətin olan dünyada yaşayırıq, sürprizlər olur. Növbəti böhranın necə baş verəcəyini bilmək çətindir. Mənim başlıca məsləhətim gözlənilməz vəziyyətlərə hazır olmaqdır. ABŞ və Avropa birlikdə dünya iqtisadiyyatının 50 faizini təşkil edir. Biz birlikdə sülhü qoruyb saxlaya bilərik.
– Növbəti ildə NATO üzv ölkələrin yeni missiyasını müəyyənləşdirən “strateji konsepsiya”nı təsdiq edəcək. Çin strateji təhlükə hesab ediləcəkmi?
– 2010-cu ildəki “strateji konsepsiya”da Çinin adı keçmir. Amma çox tezliklə o, dünyanın böyük iqtisadiyyatına və miqyasına görə dünyada ikinci hərbi donanmaya malik ölkəsi olacaq. Çin Afrikaya yaxınlaşır, Arktika tərəfə genişlənir, Avropa infrastrukturunu nəzarət altına almağa cəhd göstərir. Çin həm də kiberməkanda üstünlüyə yiyələnir və uzaq məsafəyə daşına biləcək nüvə silahına sərmayə yatırır. Bütün bunların hamısı bizim təhlükəsizliyimizə aiddir.
Çinin yüksəlməsi həmçinin bizim iqtisadiyyatımız üçün imkanlar açır, ancaq biz iqlim dəyişikliyi məsələsində Pekinlə qarşılıqlı əməkdaşlıq etməliyik. Bütün bu faktorlar “strateji konsepsiya”da dəqiq şəkildə öz əksini tapacaq.