Moskvada tanınmış azərbaycanlı rəssamın sərgisi açılıb

Moskvanın Paytaxt Rəssamlar Qalereyasında Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun əsərlərindən ibarət “Nar dastanı” adlı sərgi açılıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, sərgidə 40-dan çox rəsm – natürmort, portret, mənzərə, qrafika nümayiş etdirilir.

Rəssam qeyd edib ki, nar və onunla bağlı qədim adət-ənənələr Azərbaycan xalqının həyatında, folklorunda, mifologiyasında xüsusi yer tutur.

“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Mənim yaradıcılığımda da narın xüsusi yeri var. Nar kainatın görünüşüdür, onun dənələri isə həm də səma cisimlərini əks etdirir və mənim üçün onun hər bir dənəsi tam bir dünyadır. Budəfəki sərgimin məqsədi Rusiya tamaşaçılarına Azərbaycan haqqında, xalqım haqqında bəhs etməkdir. Ümummilli Lider Heydər Əliyevin bizə vəsiyyət etdiyi kimi, Vətəndən uzaqlarda yaşayan azərbaycanlılar öz milli adət-ənənələrini, dillərini unutmamalıdırlar. Əsərlərimdə xalqımızın adət-ənənələrini, ruhunu çatdırmağa çalışıram”, – deyə o bildirib.

Əsgər Məmmədov Qarabağda dünyaya göz açıb. Gənc rəssam olarkən o, böyük faciə ilə üzləşib: evində baş verən yanğın zamanı bütün əsərləri yanıb. Amma sənətkar həmişə yaxşılığa, ədalətin təntənəsinə inanıb.

“İkinci Qarabağ müharibəsindən əvvəl Ağdamda sərgim keçirilirdi. Həmin vaxt ərazinin bir hissəsi işğal altında idi. Rəsmlərimin nümayiş olunduğu binanın pəncərəsindən erməni postları, onların arxasında isə bir addım məsafəsində olan doğma torpaqlarımız görünürdü. Və o zaman “Xarıbülbül” tablosunun yaradılması ideyası ağlıma gəldi, kətanda təsvir olunan, qələbəmizin simvolu olan Xarıbülbülə uzanan qanayan əl”, – əməkdar rəssam qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Tatyana Şirokova bildirib ki, qurumda da Əsgər Məmmədovun rəsm sərgisinin keçirilməsi planlaşdırılır: “Mən Əsgər Məmmədovun yaradıcılığı ilə 15 ildir ki, tanışam. “Nar dastanı” sərgisi məndə dərin təəssürat yaratdı. Rəssamın rəsmlərindəki nar cücərtiləri bu gün çox aktual olan sülhə çağırışdır. Əsgər Məmmədov incə sənətkar, gözəl insandır və mən ona bundan sonra da yaradıcılıq uğurları arzulayıram”.

Sərginin açılışında, həmçinin Paytaxt Rəssamlar Qalereyasının direktoru Lyudmila Titova, Azərbaycan Mədəniyyətinin İnkişaf Fondunun nümayəndəsi Elşən İbrahimov, şair və tərcüməçi Sultan Mərzili, Rusiya Elmlər Akademiyasının Psixologiya İnstitutunun əməkdaşı Bayan Uzıxanova və başqaları iştirak ediblər.

Sərgi dekabrın 20-dək davam edəcək.

Əsgər Məmmədov Rusiya Rəssamlar İttifaqının və Rusiya Kinematoqrafçılar İttifaqının, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının, Paris Elm və İncəsənət Akademiyasının üzvü, həmçinin Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Rəssamın fərdi sərgiləri Fransa, İspaniya, İsrail, Türkiyə, Latviya, Rusiya və digər ölkələrdə keçirilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button