Moskvadan İrəvana təlimat: “Qarabağ səhifəsi”ni açıq saxlayın!

Rusiya ləğv edilmiş separatçı rejimin İrəvandakı qalıqlarının saxlanılması barədə Ermənistan hökumətinə təlimat verib.
Teleqraf-ın xəbərinə görə, bunu “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, son aylarda Ermənistan hakimiyyəti separatçıların İrəvandakı fəaliyyətinə loyallıq nümayiş etdirir: “Əvvəllər Ermənistan hökumətinin rəsmiləri bildirirdilər ki, “dövlət daxilində dövlət”ə (qondarma qurumun fəaliyyətinə – red.) dözməyəcəklər”.
Məlumatda deyilir ki, İrəvan dəfələrlə separatçıların başçısı Samvel Şahramanyana qondarma qurumun tamamilə ləğvi barədə ultimatum ünvanlayıb. İndi isə İrəvan separatçıların özlərini “yeni prezident” seçməsinə susqunluq nümayiş etdirir.
“Hraparak” qeyd edir ki, Ermənistan hakimiyyətinə Rusiyadan xəbərdarlıq edilib. Hakimiyyətin susqunluğunun səbəbi də budur. Rusiya ləğv edilmiş separatçı rejimin İrəvandakı qalıqları saxlanılmasını tələb edir.
Qondarma qurumun saxlanılmasında Kremlin marağına gəlincə, nəşr bunu bir başqa məqaləsində izah edir:
“Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı Slavyan Universitetində qonaq olub və Ermənistan-Rusiya münasibətləri barədə kifayət qədər açıq söhbət edib. Zaldakılardan birinin müvafiq sualına cavab olaraq, Lavrov Qarabağın (Azərbaycana) təhvil verilməsinə dair ermənilərin Rusiyaya qarşı təəssüratının yanlış olduğunu deyib.
Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyan 2022-ci ildə Praqada Qarabağ probleminin həllini Almatı Bəyannaməsində, yəni Qarabağın Azərbaycan ərazi olaraq tanınması çərçivəsində gördüyünü bəyan edəndə, bu, Moskva üçün gözlənilməz olub”.
“Hraparak” əlavə edir ki, Rusiya “Qarabağ səhifəsi”nin bağlanılmasını istəmir. Sergey Lavrovun “gözlənilməz” vurğusu da buna işarədir.
Xatırladaq ki, “Qarabağ səhifəsi” Azərbaycanın 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük antiterror tədbirlərində parlaq qələbəsi ilə başa çatıb. Öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan üçün öz ərazisinə dair kənar iddialar müzakirə mövzusu deyil. Hazırda Azərbaycan və Ermənistan süh sazişinin imzalanması üzrə danışıqları davam etdirir və ölkəmizə qarşı ərazi iddialarını ehtiva edən heç bir məsələ bura daxil deyil. Əksinə, rəsmi Bakı sülh sazişinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsi kimi açıq tələb qoyub. Top Ermənistanın meydançasındadır, əgər kimlərinsə vədlərinə uyub ərazi iddialarını davam etdirəcəklərsə, ərazi itirən biz olmayacağıq.
Polise.az