Moskvanın səbr kasası doldu: Kremlin növbəti hədəfi Paşinyandır? – ŞƏRH

Ermənistan–Rusiya münasibətlərində son dövrlərdə müşahidə olunan gərginlik yeni mərhələyə qədəm qoyur.
İrəvanın Qərbə doğru siyasi kursunu gücləndirməsi və Moskvanın regiondakı təsir imkanlarının zəifləməsi fonunda tərəflər arasında etimad böhranı daha da dərinləşib. Məlumatlara görə, Kreml artıq Ermənistanın baş naziri Nikol Paşinyan ilə bağlı əvvəlki mövqeyini dəyişir və onu etibarlı tərəfdaş kimi görmür.
Bu isə iki ölkə arasındakı münasibətlərin gələcək istiqaməti ilə bağlı ciddi suallar yaradır. Ekspertlər hesab edir ki, yaranmış vəziyyət təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə Cənubi Qafqazdakı siyasi balansın dəyişməsinə də təsir göstərə bilər.
Turkustan.az mövzu ilə bağlı sualları politoloq Oqtay Qasımova ünvanladı.

Oqtay Qasımov
Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşməsi əslində yeni proses deyil. Bu münasibətlərin soyuması və Ermənistan hakimiyyətinin Rusiyadan uzaqlaşma meyilləri 2020-ci ildən sonra daha açıq şəkildə görünməyə başlayıb. Məlum olduğu kimi, Ermənistan uzun illər Rusiyanın dəstəyi ilə Azərbaycan ərazilərini işğal altında saxlayırdı.
Lakin sonrakı dövrdə bu münasibətlərdə çatlar yaranmağa başladı və zaman keçdikcə bu çatlar daha da dərinləşdi. Xüsusilə son illərdə Ermənistan hakimiyyətinin Qərbə yönələn siyasəti, Rusiyanın isə Ukrayna müharibəsi səbəbindən regiondakı təsir imkanlarının zəifləməsi İrəvanı alternativ istiqamətlər axtarmağa məcbur etdi. Ermənistan öz təhlükəsizlik və siyasi dayaqlarını şaxələndirməyə çalışdı.
Bununla yanaşı, Ermənistan Azərbaycanla sülh müqaviləsinin hazırlanması istiqamətində addımlar atmağa başladı. Hazırda bu müqavilənin mətni böyük ölçüdə razılaşdırılıb və tərəflər arasında münasibətlərin normallaşması istiqamətində real irəliləyiş müşahidə olunur. Rusiya isə ənənəvi olaraq regionda təsir imkanlarını qorumağa çalışır.
Tarixən Cənubi Qafqazda gərginlikdən istifadə edərək mövqelərini saxlamağa çalışan Moskva üçün hazırkı vəziyyət arzuolunan deyil. Çünki təsir imkanları zəiflədikcə, Rusiya Ermənistan üzərində təzyiqlərini artırmağa çalışır. Bu, Rusiya prezidenti ilə Ermənistan baş naziri arasında keçirilən görüşlərdə də açıq şəkildə hiss olunur.
Rusiya tərəfi Ermənistana müxtəlif mesajlar verir, o cümlədən Rusiyada yaşayan ermənilərin siyasi proseslərdə iştirakı məsələsini gündəmə gətirir və regionda bəzi məsələlərin hələ tam həll olunmadığını vurğulayır. Eyni zamanda, Ermənistan cəmiyyətinə Qərbyönümlü siyasətin riskləri ilə bağlı siqnallar göndərilir. Bunun fonunda Paşinyanın çıxışlarında diplomatik üslub qorunsa da, müəyyən məqamlarda sərt mövqelər də müşahidə olunur.
Bütün bunlar göstərir ki, Ermənistan artıq Rusiyanın forpostu olmaqdan uzaqlaşmağa çalışır və münasibətlərdə ciddi transformasiya baş verir. Rusiya isə Ermənistan daxilində özünə daha yaxın siyasi qüvvələrin hakimiyyətə gəlməsində maraqlıdır. Bununla Moskva Cənubi Qafqazda mövqelərini qorumağa çalışır. Lakin Ukrayna müharibəsi səbəbindən Rusiyanın regiondakı təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyib.
Seçkilər kontekstində müəyyən dəyişikliklər mümkün olsa da, hazırkı vəziyyət göstərir ki, Paşinyanın reytinqi əsas rəqibləri ilə müqayisədə daha yüksəkdir. Onun əsas məqsədi seçkilərdə kifayət qədər səs toplayaraq təkbaşına hökumət qurmaq və siyasi manevr imkanlarını genişləndirməkdir.
Ümumilikdə isə Rusiyanın dəstəklədiyi qüvvələrin Ermənistan cəmiyyətində ciddi sosial dayağa malik olmadığı müşahidə olunur.
Polise.az



