Müdafiə naziri bayramlar münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Polise.az xəbər verir ki, zabitləri, gizirləri, miçmanları, kursantları, çavuşları, əsgərləri, matrosları və mülki işçiləri təbrik edən, onlara möhkəm cansağlığı, şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayan nazir bildirib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş bu əlamətdar gün dünya azərbaycanlılarının birliyini, həmrəyliyini təcəssüm etdirir. Xalqımızın xoşbəxt gələcəyi, ölkəmizin müstəqilliyi, suverenliyi naminə həmrəyliyin nə qədər vacib olduğunu bir daha xatırladır.
Tarixi sınaqlardan qəhrəmanlıqlarla çıxmış dünya azərbaycanlılarının həmrəyliyinin, xalqımızı uğurlara aparan azərbaycançılıq ideyasının rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin nailiyyətləri həmvətən¬lərimizin müstəqil dövlətimizin ətrafında birləşməsini təmin edən mühüm amildir.
Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində də uğurla davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasət, ordumuzun kadr hazırlığı, müasir silah və texnikalar ilə təchiz edilməsi və döyüş potensialının artırılması istiqamətində həyata keçirdiyi layihələr nəticəsində Azərbaycan Ordusu müzəffər və qalib ordu statusuna sahib olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə xalqımızı daha da sıx birləşdirərək uğurlu gələcəyə inamını möhkəmləndirmişdir. Ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilmiş, milli maraqları, əhalisinin rifah və dəyərləri qorunan respublikamız regionun lider dövləti olub.
Hər zaman olduğu kimi, bu bayram günündə də ölkəmizin müstəqilliyinin, suverenliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizi hörmət və ehtiramla yad edir, unudulmaz xatirələrini əziz tuturuq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman şəhidlərimizin ailə üzvləri, hərbi əməliyyatlar zamanı sağlamlığını itirmiş hərbi qulluqçularımız daimi qayğı ilə əhatə olunub. Şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirmiş hərbi qulluqçularımızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Əminəm ki, Azərbaycan Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalacaq, Vətən müharibəsində əldə olunan qələbədən ruhlanaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız”.
Z.Həsənov qarşıdan gələn ildə şəxsi heyətə möhkəm cansağlığı, uzun ömür, sevinc dolu firavan günlər, ailə səadəti, şərəfli xidmətlərində uğurlar arzulayıb.
Polise.az