Müdafiə Nazirliyi Hulusi Akarın Azərbaycana səfəri ilə bağlı məlumat yaydı
Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzində “Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!” adlı tədbir keçirilib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Tədbirin rəsmi hissəsi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq iki ölkə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından vacibliyini xüsusi vurğulayıb.
Türkiyəli nazir də öz növbəsində Azərbaycan ilə Türkiyə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini qeyd edib.
Tədbir zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon vasitəsilə əlaqə saxlayaraq iştirakçıları salamlayıb, Vətən müharibəsində qazanılan zəfərlə bağlı Azərbaycan dövlətini, xalqını və əsgərini bir daha təbrik edib.
Sonda qonaqlar Azərbaycan və Türkiyə qardaşlığını əks etdirən foto sərgi ilə tanış olublar.