Müharibə bitir: SSRİ-nin bərpası planı masada – Putinin hədəfindəki ölkələr
Ukrayna-Rusiya müharibəsi dayandırıla bilərmi? Əsas diqqətin HƏMAS-İsrail savaşına yönəlməsi haqda fikirlər artır. Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak savaşın qəfil bitə biləcəyini deyib. Ukrayna ordusunun baş komandanı Valeri Zalujnının da buna bənzər fikri rezonans doğurdu. Qərbdən verilən mesajlarda da təkzib formasında olsa da, bele ifadələr yer almağa başlayıb.
– Şübhəsiz ki, Yaxın Şərqdə baş verənlər, xüsusən də İsrail-HƏMAS savaşı Rusiyanın Ukraynaya təcavüzü ilə başlayan müharibəni arxa plana keçirdi. Çox güman ki, HƏMAS-ın İsrailə hücumunu hazırlayanlar da məhz bunu hesablamışdılar. Əlbəttə, söhbət təkcə Ukrayna məsələsinin arxa plana atılmasından getmir. Düşünürəm ki, HƏMAS-ın İsrailə hücumu ilə Yaxın Şərqdə başlayan proses daha geniş və ya əhatəli təsirlərinin olacağı məsələdir. Konkret Ukraynadakı vəziyyətdən söhbət gedirsə, təəssüf ki, pessimist notlar durmadan artır, xüsusən də Ukrayna rəsmiləri tərəfindən. Bu da səbəbsiz deyil, əvvəldən Qərbdə – ABŞ-la Avropa Birliyi arasında Ukraynadakı savaşa münasibət fərqli idi. İndi görünən budur ki, ABŞ-ın özündə belə Ukraynaya əvvəlki maraq yoxdur. Ukrayna rəsmiləri bunu bizim kimi kənar müşahidədən yox, aparılan danışıqlar və atılan addımlardan görürlər. İstər Zelenskinin ofisinin, istərsə də Zalujnının açıqlamasında bu pessimist əhval-ruhiyyə görünür.
Baş verənlər, ilk növbədə, ABŞ Konqresinin Nümayəndələr Palatasında çoxluq təşkil edən Respublikaçıların Ukraynaya hərbi yardımı dayandırmaq istəklərindən irəli gəlir. Bayden administrasiyası çox dərinə gedə bilmir, çünki qarşıdan seçkilər gəlir. Seçkilərə təxminən bir il qalır, bu, çox görünsə də, ABŞ seçkiləri üçün çox da uzun müddət deyil. Administrasiyasının qarşıdakı bir ildə öz xarici siyasətini eyni anda iki cəbhəyə – həm Yaxın Şərqə, həm də Ukraynaya kökləməsi daxildə məğlubiyyətə gətirib çıxara bilər. ABŞ daxilində baş verən siyasi gəlişmələr, demək olar ki, qlobal proseslərə təsirsiz ötüşmür. Qlobal proseslər də öz növbəsində ABŞ-ın daxili siyasətinə təsir göstərir. Baş verənlərin səbəblərini belə görürəm.
– Rusiya Ukraynada qalib gəlsə, nə baş verərdi?
– Rusiya Ukraynada qalib gəlsə, digər postsovet ölkələrini öz təsiri altına qaytarmağa çalışacaq. Onsuz da bir çoxu hələ də Rusiyanın təsirindən çıxa bilməyib. Bir neçəsi qismən çıxıb, tam çıxanı yoxdur. Əlbəttə, NATO və Avropa Birliyi üzvləri olan Baltikyanı ölkələri nəzərdə tutmuram. Beləliklə, Rusiya müharibəni udsa, bu coğrafiyada yerləşən qalan ölkələri öz təsir dairəsinə qaytarmağa cəhd göstərəcək ki, Putinin SSRİ-ni bərpa etmək missiyası öz məntiqi nəticəsinə çatsın. Bu, bir çoxlarına xülya, nağıl kimi görünür, amma mən düşünürəm ki, Putin məhz bu məqsədi güdür. Putin çalışır ki, tarixdə SSRİ-ni bərpa etmiş lider kimi qalsın. Ukraynadakı müharibənin başlıca səbəbi bu idi.
Ukraynadan Rusiyaya heç bir təhlükə yox idi. Ukraynanın NATO üzvlüyündən söhbət getmirdi. Faktiki olaraq, üzvlük prosesi çoxdan dondurulmuşdu. Rusiyanın hücumunun başlıca səbəbi postsovet məkanının ən böyük ölkəsi olan Ukraynanı zərərsizləşdirməklə, digərlərini də öz oribitinə qaytarmaq və “İttifaq Dövləti”nin yaradılmasına nail olmaq idi. Rusiya Ukraynada qalib gələrsə, hətta Rusiyanın nə xeyrinə, nə də ziyanına olan bir sülh və ya atəşkəs anlaşması olarsa, onun digər postsovet ölkələrinə təsir və təzyiqləri güclənəcək.
– Belə bir yayğın fikir də var ki, Qərb nə Rusiyanın, nə də Ukraynanın qalib gəlməsini istəyir. Nə qədər məntiqli fikridir?
– Bu fikirlə razılaşmıram. Məsələ budur ki, belə olmasaydı, Qərb tam başqa bir yol tutardı. Bəli, Qərb bu gün Ukraynaya böyük həcmdə yardım göstərir. Amma hər bir halda qüvvələr və resurslar bərabər deyil. Rusiyanın müharibə taktikası Qərb strateqlərinə yaddır. Buna görə də, onlar hesablaya bilmirlər ki, insan amilinin Rusiya üçün heç bir əhəmiyyəti, hərbi texnikanın tükənməsi anlayışı yoxdur. Rusiya indi ən köhnə silahları və texnikaları da istifadə edir. Son təhlillər və məlumatlardan da görünür ki, Rusiya artıq öz hərbi sənayesini əvvəlki çöküş vəziyyətindən xeyli dərəcədə çıxarmağa müvəffəq olub.
Həmişə demişəm ki, Rusiyanın manevr imkanları çox genişdir. Çünki bu ölkədə heç bir daxili siyasi münasibətlər sistemi yoxdur, ifrat avtoritar və ya diktaturaya yaxın bir rejimdir. Belə bir şəraitdə hakimiyyətin qəbul etdiyi qərarlar müzakirəsiz icra olunur. Qərb anlayır ki, Rusiya Ukraynanı işğal etmək üçün var gücü ilə müqavimət göstərəcək, ən azı ələ keçirdiyi ərazilərdə qalsın. Mümkündür ki, reallığı nəzərə alaraq, Rusiyanı yorucu müharibəyə çəksinlər. Amma bunun da perspektivləri o qədər optimist deyil. Çünki Rusiya və Ukraynanın nə insan, nə hərbi, nə də iqtisadi resursları müqayisəyə gəlir.
Qərb də Ukraynaya sonsuzadək yardım edə bilməyəcək. Çünki Qərbin tərəflərdən birinə dəstək verməsi (istər Ukrayna-Rusiya, istərsə də İsrail-HƏMAS savaşında), bu ölkələrin daxili siyasi konyunkturasına təsir göstərir. Bu mənada Qərbin öz zəif nöqtələri var. Görünən budur ki, başqa variant olmadığından Qərb Rusiyanı yorucu müharibə taktikasına çəkir. Bunun nə qədər uğurlu olacağını söyləmək çətindir. Mən hesab edirəm ki, uğurlu taktika deyil, Rusiyanın xeyrinədir.
– İsrail-HƏMAS müharibəsinə diqqət daha çoxdur, nəinki Rusiya-Ukrayna savaşına. Sizcə, fərq nədən irəli gəlir?
– Bu, bir neçə amillə əlaqəlidir. Birincisi, şübhəsiz ki, İsrail-HƏMAS savaşının yeni olmasıdır. Bu münaqişə Hindistan-Yaxın Şərq-Avropa dəhlizi (IMEC) ilə bağlı anlaşmanın imzalanmasından sonra başladı. Deyək ki, Rusiya-Ukrayna savaşında iki tərəf var: Qərb tərəfdən dəstəklənən Ukrayna və Rusiya. Məsələn, orada Çin yoxdur, İran və Türkiyə dolayısı ilə iştirak edir. Amma Yaxın Şərqdəki proses daha mürəkkəbdir. ABŞ bölgədə böyük hərbi güc toplayıb, demək, böyük müharibə təhlükəsi var. Yaxın Şərqdə maraqlar o qədər dolaşıq və ziddiyyətlidir ki, proses faktiki olaraq, Üçüncü Dünya Müharibəsinin başlanğıcı kimi dəyərləndirilə bilər.
İkincisi, Yaxın Şərqlə bağlı daha önəmli geosiyasi maraqlar var. Bu, həmişə belə olub. Üçüncü səbəb İsrail amilinin Qərb ölkələrinə təsiridir. İsrailin bütün Qərb ölkələrində, ilk növbədə, ABŞ və Britaniyada güclü lobbi qrupları var. Həmin ölkələrdəki siyasətçilər bu amillə hesablaşmağa məcburdurlar. Eyni zamanda, Britaniya və ABŞ-da anti-İsrail hərəkatı da çox güclüdür. Bu hərəkat ABŞ-da demokratların sosial bazası daxilindədir. Bu münaqişənin niyə başladılmasının səbəblərindən biri də ortaya çıxır.
Düşünürəm ki, İsrail-HƏMAS savaşını başladanlar Qərb ölkələrində daxili siyasi sabitliyi pozmaqmı deyək, ya oradakı hakimiyyətlər seçkilərdə dəyişməsinmi deyək, bunu da nəzərə alıblar. Yəni lobbilərin təsiri və israilpərəst tendensiyaların güclü olması Qərb siyasətçilərini məcbur edir ki, bu bölgəyə və ya bu konfliktə daha çox diqqət yetirsinlər.
– Cənubi Qafqaz formalaşan yeni dünya düzənində haradadır?
– Hələlik “formalaşan düzən” deməzdim, bu nizam yoxdur. Hələlik onu formalaşdırmaq cəhdləri var. Bu cəhdlərin nə qədər uğurlu olacağını söyləmək çətindir. Hələ görmək olmur ki, hansı yeni formatlar qurulacaq. Məsələn, qlobal əməkdaşlıq formatları, yeni qlobal təhlükəsizlik sistemi, onların iştirakçıları və sair. Təəssüf ki, Cənubi Qafqaz qlobal geosiyasi gəlişmələrin mərkəzindədir. Birincisi, ona görə ki, Cənubi Qafqaz Böyük Yaxın Şərqin tərkib hissəsidir. İkincisi, bölgə Yaxın Şərqə çıxışdır, ilk növbədə, Rusiya üçün. Rusiyanın Cənubi Qafqazdan Yaxın Şərqə çıxmaq istəyi məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə Rusiyanın əleyhinə, rəqibi və onunla bu savaşda düşmən olan Qərbin Cənubi Qafqazda Moskvanın qarşısını kəsmək istəyi ola bilər. Bu da tamamilə təbii bir istəkdir. Görünən də budur.
Azərbaycan-Ermənistan sülh danışıqları ətrafındakı gəlişmələr göstərir ki, Qərbin bölgədə maraqları var. Bu da Cənubi Qafqazı növbəti qarşıdurma coğrafiyasına çevrilməsi təhlükəsini yaradır. Söhbət təkcə Qərb və Rusiyadan getmir, burada İran da var, Çin də maraqlıdır. Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin qurulması qərarı verildikdən sonra Çinin Cənubi Qafqaz və Mərkəzi Asiyaya marağı daha da artıb. Nəhayət, Cənubi Qafqazda Türkiyə var. Görürük ki, bütün geosiyasi oyunçuların bütün diqqəti bölgəmizdədir. Bu, bölgədə şanslarla yanaşı, riskləri də artırır.
Bir sözlə, mümkün düzəndə Cənubi Qafqazın harada olacağını demək çətindir, çünki belə bir nizam hələlik yoxdur. Bölgə ölkələri – Azərbaycan, Gürcüstan və Ermənistan bu prosesdən ən azı itkisiz çıxmaq üçün manevrlər edirlər. Bu manevrlərin harada daralacağını söyləmək çətindir, bu, gedişatdan asılıdır.