“Müharibə gözləmirik, amma nə olacaq, onu təkcə Putin bilir…”
Amerikalılar həqiqətən Rusiya ilə gərginliyin dərhal yumşaldılmasını istəyirlər, amma Ukrayna sərhədlərində on minlərlə Rusiya hərbçisinin cəmləşdirildiyi bir vaxtda bu mümkün deyil. Bu barədə NATO-dakı yüksək rütbəli mənbə (həmin mənbə Avropa İttifaqına üzv olan ölkəni Brüsseldə təmsil edir) EURACTIV portalına bildirib.
Mənbə əlavə edib ki, indiki gərgin vəziyyətdə “qəza istənilən an mümkündür”, hətta Qərb Moskvanın Ukraynaya hərbi müdaxilə planlaşdırmadığı barədə bəyanatlarına inansa belə.
Ukrayna ətrafındakı böhran və Moskvanın sonrakı addımları barədə suala cavab verərkən mənbə bildirib ki, ancaq prezident Vladimir Putin nə baş verəcəyini bilir, hətta Kreml rəhbərliyində də onun planlarının nədən ibarət olduğu barədə aydın təsəvvürə malik deyillər.
Mənbə əlavə edib ki, Qərb “bir az da Ukraynanın qulağını dartsaydı pis olmazdı”, çünki Kiyevdə bir çoxları lüzumsuz təxribatlara əl atırlar. “Ukraynada da problemlər var, hakimiyyətdə, əsasən orduda”, – mənbə deyib.
Yüksək rütbəli NATO rəsmisi onu da bildirib ki, indiki situasiyada Rusiyanın Ukraynaya hərbi müdaxilə planlaşdırdığına əmin deyil. “Ukrayna kimi böyük və bu cür silahlı qüvvələrə malik olan ölkəyə müdaxilə üçün indi sərhəddə cəmləşdiriləndən fərqli hərbi imkanlar lazımdır”, – o deyib.
Mənbə Ukraynanın NATO üzvü olmadığı üçün alyansın onu qorumaq öhdəlikləri olmadığını xatırladıb. Amma əlavə edib ki, əgər Rusiya səhvə yol verib hansısa NATO üzvünə hücum etsə üçüncü dünya müharibəsi olacaq.