Müharibənin sonunda onlardan biri daha prezident olmayacaq
Zelenski inad edir ki, onu cəllad kötüyünə çıxardanlar heç olmasa, əllərini bıçağın altına qoysunlar; Putinin üz ifadələrini isə oxumaq çətindir, amma o da…
Bu gün mətbuat nümayəndələri ilə görüşən Ukrayna prezidenti Vladmir Zelenskinin dəyişkən ruh halını başa düşmək çətin deyildi. Heç kim, hətta dəmir iradəsi olan da deyə bilməz ki, indi Zelenskinin yerində olsaydı, nəyi və necə edərdi. Adamın bir şər işi düşəndə karıxır, bilmir nə etsin. Rusiya adlı bir şər hərb maşını onun və vətəndaşlarının evinin qapısına dirənibsə, sakit davranmaq asan deyil.
Vəziyyətin ağır olduğu Zelenskinin son çıxışını dinləmədən də aydındır. Donbas istiqamətində separatçılar xeyli irəliləyiblər, qondarma qurumların yeni sərhədləri indi Donetsklə yekunlaşmaya da bilər. Odessa və Mariupolun itirilməsi ilə Rusiyanın təkcə Krıma quru yolu açılmır, Ukraynanın dənzinə çıxışı bağlanır. Putin ordusu sanki hamını yanıltmış kimi görünür, bütün diqqəti Kiyevə yönəltməklə əslində digər istiqamətlərdə Ukraynanın dərinliklərinə irəliləyirlər.
Zelenski mətubuat konfransında Qərbi yenə qınadı, bu dəfə artıq gecikmiş sanksiyalara görə… Mesajları ünvanlı, dedikləri təsirli idi. Zelenski ən çox istəyir ki, Qərb Ukrayna üzərində hava uçuşlarını əngəlləsin. Bu isə ABŞ-ın və NATO-nun müharibəyə cəlb edilməsi deməkdir. Zelenski bunu əlbəttə ki, bilir, hansı qlobal nəticələri olacağının da fərqindədir. Amma demək istəyir ki, siz də indi canınınız təhlükəyə atın.
NATO və ABŞ vəziyyətin bu yerə gəlməsi üçün hər şeyi etdi. İndi çəkilib kənarda durmayıblar da-silah verirlər, Kiyevə ən yüksək səviyyədə kömək var. Amma belə anlaşılır ki, Zelenskinin qəbul etmədiyi gerçəkliklər var. O nədənsə, istəyir ki, hamı (hətta İsrail, hətta Gürcüstan, hətta Qazaxıstan) Ukraynaya görə özünü Rusiya tankının qarşısına atsın. Bunu yəqin ki, gündəlik təmasda olduğu dünya liderlərinin votsapına da yazır, çünki daha çəkinəsi yeri qalmayıb…
Zelenski müharibəni ya belə təsəvvür etmirdi, ya da buna psixoloji baxımdan hazır olmayıb. Qərb gəlib Ukraynada döyüşməyəcəyini müharibənin “iyi” duyulandan bəyan etmişdi. Zelenski isə indi Qərbə deyir ki, etdikləriniz Rusiyanı durdurmaq üçün kifayət etmir. Zelenski Baydenin, Makronun və ya Stoltenberqin müharibə başlayan kimi gəlib Kiyevdə oturacaqlarına inanacaq qədər sadəlövh ola bilməzdi. Amma bəs, bu adama nə söz veriblər ki, onu Zelenski hələ dilə gətirmir, amma açıq şəkildə işarə edir, yumşaq desək aldadıldığını göstərir.
Zelenskinin çıxışında bir həyəcan əlbəttə ki, vardı, amma bu daha çox ona yüklənmiş çox ağır məsuliyyətlə bağlıdır. Bu məsuliyyət həqiqətən də çox ağırdır, altından çıxmaq üçün Qərbin dəstəyi belə, bəlkə də yetməz. Zelenski isə inad edir ki, onu cəllad kötüyünə çıxardanlar da heç olmasa, əllərini bıçağın altına qoysunlar. Bəlkə də qəsdən edir, gerçəkləşməyəcəyini bilərək inad edir. Düz də edir!
Bu gün Vladmir Putin də Təhlükəsizlik Şurasının iclasını keçirəndə fevralın 24-də müharibə qərarı verən adamdan fərqli görünürdü.
Qalstukunun qara rəngi də buna bir işarə idi. Putinin üz ifadələrini zatən oxumaq çətindir, amma üzü bir qırağa, onun da üzərində ciddi məsuliyyət var. Ordu zabitlərinin qəhrəmanlığından danışdı, ölən hər əsgərə görə pul ayırdı, amma hiss olunur ki, bu, onun üzərindəki ağır yükü azaltmır. Bəli, o, Rusiyada hakimiyyətdə olduğu müddətdə çox çətin qərarlara imza atıb. Putin indi də nəyə qərar verdiyinin fərqindədir. Qərbi o da qınayır-baxmayaraq ki, Qərbin indi onu eşitməyə həvəsi, Putinin isə buna zamanı yoxdur.
Zelenski Qərbi ittiham etməkdə yerdən göyə haqlıdır. Amma müharibədən qaçmaq lazım idi. Putinlə anlaşmalı idi. Bəlkə də yeni vədlərlə. Ukraynanın neytral statusu ilə bağlı müzakirəyə açıq saxlamalı idi qapını. Putin ordunu yeridəndən sonra bu status müzakirəsinə artıq Rusiyanın ehtiyacı qalmamamıdı.
Əgər Ukrayna bu müharibədən çox ciddi ərazi itkiləri ilə çıxarsa, Qərb məsuliyyətdən qaçacaq, bir az yenə də ayaqda alqışlayacaq, amma sonda məsuliyyəti Zelenskinin üzərinə atacaq.
Bu müharibənin sonunda iki Vladimirdən biri mütləq olmayacaq, ya da həmin şəxs prezident olmayacaq. İndi bir-birlərini bəlkə də ən yaxşı anlayan da elə Zelenski və Putindir. Biri müdafiə olunan, o biri hücum edən tərəf olsa da…