Müsahibədə uğur qazanmış hakimliyə namizədlərin siyahısı açıqlandı

Sentyabrın 25-də Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.
Polise.az-ın xəbərinə görə, iclasda qeyd olunub ki, test və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən müsahibələr keçirilib.
Müsahibə zamanı namizədlərin hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilib, biliklərini tətbiqetmə və özünü təqdimetmə bacarıqları, ümumi dünyagörüşü, təmkinliliyi, fikir və rəylərini ifadə etmək, analitik düşünmək qabiliyyəti yoxlanılıb.
Həmçinin hakim vəzifəsində çalışmaq üçün zəruri keyfiyyətlərə malik olmaları Komitə tərəfindən qiymətləndirilən namizədlərdən 40 nəfər müsahibədə müvəffəqiyyət qazanıb. Onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.
Qanunvericiliyə uyğun olaraq, 2026-cı il sentyabrın 29-da Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərlə söhbət keçiriləcək və onların ixtisaslaşması müəyyən ediləcək.
Qaydalara əsasən, hakimliyə namizədlər hakim təyin olunduqdan dərhal sonra peşə hazırlığı məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında təşkil olunacaq təlimə cəlb ediləcəklər.
Müsabiqədə uğur qazanmış hakimliyə namizədlərin siyahısı ilə bu linkdən tanış olmaq olar.
Polise.az



