Musiqi xəstənin sağalma prosesini sürətləndirə bilər – ARAŞDIRMA
Yeni araşdırmalar göstərir ki, müəyyən mahnılar, zərif melodiyalar və dinamik ritmlər insanların əməliyyatdan daha rahat sağalmasına və daha az ağrıkəsici istifadəsinə kömək edə bilər. Musiqi dinləmək əməliyyatdan oyanan xəstələrin narahatlığını, ağrısını və ürək döyüntülərini azaldır. Nəticədə musiqi dinləyən cərrahi xəstələr çox az miqdarda dərman tələb edirlər.
Polise.az xarici mediaya istinadla xəbər verir ki, Kaliforniya Şimali Dövlət Universiteti Tibb Kollecinin cərrahiyyə professoru, aparıcı tədqiqatçı dr. Eldo Frezza bununla bağlı məlumatlarını paylaşıb. O bildirib ki, xəstələr əməliyyatdan sonra oyandıqda bəzən çox qorxur və harada olduqlarını bilmirlər: “Musiqi oyanma mərhələsindən normal vəziyyətə keçidi asanlaşdıra bilər və stressi azaltmağa qadirdir”.
Tədqiqatçılar musiqinin cərrahiyyə əməliyyatından sağalma prosesindəki rolunu araşdıran 35 əvvəlki tədqiqatın məlumatlarını təhlil ediblər. Musiqi dinləyən xəstələrdə əməliyyatdan bir gün sonra ağrı və narahatlıqda müəyyən dərəcədə azalma qeydə alınıb.
Tədqiqatın baş müəllifi, Kaliforniya Şimali Dövlət Universiteti Tibb Kollecinin üçüncü kurs tələbəsi Şehzaib Reis musiqinin narahatlığı aradan qaldıran ən yaxşı vasitə olduğunu diqqətə çatdırıb: “Tədqiqatlar göstərdi ki, xəstələr musiqi dinlədikdə daha az ağrı hiss etdiklərini düşünürlər və biz də bunun əhəmiyyətli olduğunu hesab edirik. Musiqi dinlədikdə, xəstə ağrını unudaraq rahatlaşa bilir. Bu şəkildə çox şey etməyə və ya diqqəti bir şeyə yönəltməyə ehtiyac yoxdur və sadəcə musiqi yetər ki, xəstə özünü sakitləşdirə bilsin”.
Araşdırma nəticəsində musiqi dinləyən xəstələrdə ürək döyüntüsü də aşağı olub ki, bu da bədənin oksigen və qida maddələrinin effektiv dövranını təmin edərək sağalma prosesini yaxşılaşdıra bilər. Bu nəticələr Amerika Cərrahlar Kollecinin illik toplantısında təqdim olunub. Bu kimi tədqiqatlar elmi jurnalda dərc olunana qədər ilkin nəticələr hesab edilməlidir.
Tədqiqatçılar musiqi dinləməyin stress hormonu olan kortizol səviyyəsinin azalmasına səbəb olduğunu düşünürlər. Onlar əlavə ediblər ki, xəstə üçün ən yaxşı musiqi onun ən çox zövq aldığı musiqi olmalıdır.
Polise.az