Müxalifət Paşinyanı sıxışdırdı – İrəvan müharibəni seçəcək?

“Ermənistanda revanşist qüvvələr hər zaman fəal olur, son dövrlər bu fəallıq nisbətən artıb. Şübhəsiz ki, Ermənistanda revanşist qüvvələrin olması regionda sülh prosesini ləngidən əsas amillərdən biridir. Ermənistan cəmiyyətinin əksər hissəsi məhz bu təfəkkürün daşıyıcısıdır, belə bir zehniyyətə sahibdir”.
Bunu Ajans.az-a açıqlamasında politoloq Oqtay Qasmov deyib. O bildirib ki, Paşinyan özü də əslində son 5 ildə revanşistlərin davranışlarından istifadə edərək prosesi uzadırdı, son dövrlərdə bunun çox getməyəcəyinin fərqindədir.
“Paşinyanın son verdiyi açıqlama da buna hesablanıb. Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinadın aradan qaldırılması ilə bağlı, həm də ATƏT-in Minsk qrupu ilə bağlı məsələlərə münasibəti pozitiv sayıla bilər. Lakin bizim üçün verilən bəyanatlardan daha çox, atılan real addımlar önəmlidir. Paşinyan arxasında duran dövlətlərin təkidi ilə prosesi uzadır. Məqsəd Azərbaycana qarşı təzyiqləri və sərhədlərdəki gərginliyi artırmaq, İrəvanın istəklərinə uyğun sənəd imzalanmasına nail olmaq, yaxud gələcək revanşa hazırlaşmaq, sürətlə silahlanmanı həyata keçirməkdir. Görünən budur.
Bu revanşist davranışların İrəvana bir faydası olacağını düşünmürəm. Azərbaycan bütün prosesləri diqqətlə izləyir və bütün ssenarilərə hazırdır. İrəvan anlamalıdır ki, bölgədə sülhün alternativi yoxdur. Alternativ olacaqsa, bu, İrəvan üçün ciddi nəticələrə gətirəcək”.
Qeyd edək ki, son günlərdə Nikol Paşinyan və sabiq prezidentlər arasında qarşıdurma aktivləşib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.