Nəsirov Araiki hədələdi: Bunun cavabı veriləcək
Keçmiş və qondarma “dqr” terrorçusunun bu yeni təxribatı Bakı-Moskva münasibətlərini gərginləşdirməyə yönəlib.
Bu sözləri axar.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov keçmiş və qondarma “dqr”in separatçı-terrorçu rəhbəri Araik Arutyunyanın rus dilini “rəsmi dil” elan etməsinə münasibət bildirərkən deyib.
Deputat qeyd etdib ki, burada yaşayan ermənilər, Azərbaycan vətəndaşı olaraq, Azərbaycan dilini bilməli, bilmirlərsə, öyrənməlidirlər:
“Bütün dünya, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dövlətimizin birmənalı mövqeyi ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşı olaraq bu ölkənin pasportunu daşımalı və Azərbaycan dilini bilməlidirlər. Azərbaycan vətəndaşı deyillərsə, onların həmin ərazilərdə nə işləri var?!”
E.Nəsirovun sözlərinə görə, bu, gərginlik ocağını saxlamağa, onun sönməsinə imkan verməməyə hesablanıb:
“Çalışırlar ki, erməni ictimai fikrində özlərinin kompromissiz, güzəştə getməyən siyasətçi obrazlarını yaratsınlar. Azərbaycanla Rusiya arasında gərginlik elementləri yaratmağa çalışırlar. 44 gün ərzində işğaldakı ərazilərimizi azad edə bildiksə, bu kimi təxribatçı addımları da aradan qaldıracağıq. Azərbaycan öz işini görür. Keçmiş və qondarma rejimin terrorçu başçısı isə bu cür qanunsuzluqlarla özünə daha ciddi problemlər yaradır. Azərbaycan dövləti bunu cavabsız qoymayacaq”.