NARAHAT GECƏLƏR – 2 hissə

Zaman bizi sınağa çəkir…
II hissə
İşləmək üçün həmişə belə əlverişli hava olmur. Narın-narın yağan yağış şəhərə nur çiləyirdi. Adamın könlünə, açıq səma altında gəzmək düşürdü.Gəzmək rəisin xobbilərindən idi. Əllərini qoynuna qoyub pəncərədən yağan yağışa baxır, cinayət-axtarış şöbəsinin rəisi ilə bəzi versiyaları təhlil edirdi.
-Yaxşı, deyirsən ki, motiv təcavüz də ola bilər? Onda, niyə məhz belə bir yerdə,bu istəyə düşsünlər? Hələ ki, tələsməyə ehtiyac yoxdur.İndi ustaların şəxsiyyəti barədə tam məlumat əldə etmək lazımdır. Yubanmayın, sən əməliyyat müvəkkili Mübarizlə indicə Şamaxıya yola düşün. İlk növbədə Şamaxı R-n polis şöbəsinin pasport bölməsində ustalar ətrafında məlumatları toplayıb dərhal mənə zəng edin. Davay, yubanmayın.
İkinci qrupa daxil olan Elmar və Elmana isə başqa tapşırıq verildi: Ustaların Bakıda yaşamaları barədə məlumat toplayın və təxirə salınmadan həmin ünvanı müşahidə altına alın. Onların Bakıda yaşayıb-yaşamamaları haqqında məlumatı Samirənin bacısı ilə söhbət əsnasında əldə edin. İstintaqın köməyindən istifadə etmək zərurəti varsa əlaqə saxlayın. Di haydı, siz də işinizdə olun. Paralel olaraq istintaq şöbəsinə də cinayət prosesual hüququnun tələbləri çərçivəsində hərəkətlərin davam etdirilməsi, qonşuları dindirməklə əhəmiyyət kəsb edən informasiyalara nail olması tapşırıldı…
Verilən tapşırıqlar rəisin otağında çevik, əməliyyat-axtarışın fəaliyyətinə uyğun ,,ayaqüstü” müşavirənin gəldiyi ilkin qənaət idi. Sonrası verilən tapşırıqların icrasından və ilkin istintaqın nəticəsindən asılı olacaqdı…
Rəis otağında gözləməyə səbri çatmadı. Gödəkcəsini geyinib aşağı düşdü. Növbətçi hissədə də qərar tuta bilmədi. Saat artıq 19-u vururdu. İki saatdır uşaqlar Şamaxıya yola düşmüşdü. Hələ ki, bir xəbər-ətər yox idi. Rəis düşünə-düşünə narahatlığını da biruzə verirdi…
Polis İdarəsində əməliyyat növbətçisi Oruc kişi idi. Ona Oruc dayı da deyirdilər. Əslən Şirvan zonasından idi,polis işçisi kimi təcrübəli və dözümlüydü. Oruc kişi,rəisin narahatlığıni hiss edib sükutu pozdu:
-Rəis,bu iş açılan işdir.Narahat olmayın.
-Narahatlıq ondadır ki,uşaqlar köhnə bir ,,05” jiquli markalı avtomobil ilə yola düşüblər.Hava burda belə yağırsa, gör Şamaxıda vəziyyət necədir? Digər tərəfdən bizdən də tələb edirlər… Nə oldu, nə oldu…lara cavab vermək olmur Oruc kişi?! Bu vaxt növbətçinin şəhər telefonu cingildədi Oruc kişi farağat surətdə: Binəqədi Rayon Polis idarəsinin əməliyyat növbətçisi,polis mayoru Oruc Qocayev eşidir,tez telefonu rəisə uzadaraq:-Rəis Şamaxıdandı.
-Bəli…nə yaxşı, nə yaxşı! Deməli hər iki usta Şamaxının Sündü kəndində yaşayırlar.Çox yaxşı. Kənd rayon mərkəzindən çox uzaqdır? Yaxındırsa,lap yaxşı. Diqqətlə qulaq asın : Mən indi polis rəisi ilə əlaqə saxlayaram. Qalxın yanına, kömək və bələdçilik üçün iki nəfər versinlər və dərhal Sündü kəndinə yola düşün.Hər iki nəfərin evini rəsmi protokolla müayinə edin, baxış keçirin. Amma unutmayın ki, iki nəfər hal şahidləri də olsun. Mütləq mənada rayon prokurorluğunun nümayəndəsi müayinədə iştirak etsə yaxşı olar,Prokuroluğa cinayət işinin Baş Prokurorluğun nəzarətində olması barədə məlumat verin.Maddi subutları-Samirənin əşyaları olduğu çamadanı və odlu silahı tapmağa səy göstərin. Əliboş gəlməyin, Mübariz! Aydın oldumu? Qalxın rəisin yanına, yubanma!
Rəis DİN-nin növbətçi hissəsi vasitəsilə Şamaxı rayon polis şöbəsi ilə əlaqəyə girdi. Nə lazımdırsa həmkarına lakonik məlumat verdi…
Aramsız yağan yağış dayanmırdı. Hava o qədər də soyuq deyildi. Amma axşam ötdükcə hərarət aşağı düşürdü.Artıq ikinci qrupdan da məlumat daxil olurdu.Məlum oldu ki,ustalar Binəqədi qəsəbəsinin “mədən” deyilən ərazisində yaşamışlar. Apaşdırmalara görə ustalar son iki gün ərzində ümumiyyətlə evdə olmamışlar.Hər iki usta ailəlidir,ailələri də Şamaxıda yaşayır.
Rəis əldə etdikləri informasiyanı prokurorla bölüşdü:
-Yoldaş prokuror, hələ ki, uşaqlar pis işləmirlər. Amma havanın şıltaqlığı yaman “əyləci” basır, çətinləşir işimiz. Uşaqlar Şamaxıda yaxşı məlumatlar toplayıblar. Allah eləsin maşın xarab olmasın,texniki cəhətdən avtomobilimiz çox nasazdır,Yılmaz Cavadoviç(mən hörmət əlaməti olraq prokurora belə müraciət edirdim),narahatam…
Saatın əqrəbləri polis avtomobilindən daha yaxşı işləyirdi,yağışlı gecənin 01:30-na doğru sürətlə şütüyürdü. Prokuror da narahat idi,tez-tez maraqlanırdı. Amma nə etmək ki, ağırlıq həmişə polisin çiyninə düşür. Bütün bunları düşündükcə rəis qənaətini prokurordan gizlətmədi.
-Yoldaş prokuror! Bəzən ictimaiyyət, lap elə rəsmi qurumlar, bəzi vətəndaşlar polisin fəaliyyətində kiçik bir qüsur gördükdə onu gizlətmək, dilə gətirməmək əvəzinə, bir az da böyüdürlər. Amma hər bir cinayətin açılması üçün görün neçə yuxusuz,narahat gecələr keçiririk?!Onun fərqinə varan yoxdur. Niyə belə yanaşılır? Bax saat artıq 02:30-u vurur, siz yatmamısız, polis işçiləri küçədə, mən və digər tərkib də işdə.Bəzən cəmiyyətə elə gəlir ki, təhlükəsizliyin təminatı ucuz və sadə bir üsul ilə təmin edilir. Bu cür düşünənlərə yalnız təəssüf edir və köks ötürürük.Bəzən asan bildiyimiz,kiçik bir işi görmək üçün çox əziyyət çəkmək, əmək sərf etmək lazım gəlir. Amma hər şey, qram-qram əldə edilir… Polisin də işi qram-qram alınır,qram,qram..
-Polisi çox təriflədin rəis! Uzaqdan görünən dağa bələdçi lazım deyil.Dövlətimiz onların işini layiqincə dəyərləndirir.Gecəmiz xeyirə calansın! Sağollaşıb ayrıldılar.
Bəşər tarixi yaranandan cəmiyyətdə cinayətlər baş verib. Həzrəti Adəmin övladlarından birinin digərini qısqanclıqdan qətlə yetirməsi, Məkkə müşriklərinin Hz.Muhəmmədin(s.ə.s) tərəfdarlarına qarşı cinayətləri az olmayıb,Quldarlıq, feodalizm, kapitalizm, sosializm və elə indi (bu cəmiyyətin adını deməkdə çətinlik çəkirəm) də cəmiyyətin inkişafı və şüuruna xas cinayətlər var və yəqin ki,nə qədər dövlət var,cinayətlər də alaq otu kimi bitəcək. Əski sovetlər dönəmində cinayətlərin kökünü kəsmək vəzifəsi hüquq-mühafizə orqanlarının qarşısına bir vəzifə kimi qoyulurdu. Cəmiyyət isə buna hazır deyildi və heç vaxt bu vəzifənin öhdəsindən gələ bilməzdi. Çünki cinayətlər cəmiyyətdə,məhz elə cəmiyyətin əlavə məhsulu kimi cücərir. Bir az da obrazlı ifadə etsək cəmiyyət bir zəmiyə bənzər. Ora səpilən toxumların yaxşısı da, pisi də, yabanısı da bitir. Zəminin münbitliyi əkinə müsbət təsir etsə də, alaq otları və digər zərərvericilər inkişafa mane olduğu üçün onunla mübarizəyə ehtiyac yaranır. Əks təqdirdə zəhmət hədər gedər. Cinayətkarlıq da belədir. Cəmiyyətdə mövcud sosial çətinliklər və faktorlar müəyyən qism insanları,zəif iradəyə mənsub olanları cinayətə sövq edir.Onlar cəmiyyətin lümpen təbəqələridir.Sadəcə yaranmış səbəb və şərait belə insanları haq yoldan azdırıb nəticəni hasil edir, ictimai münasibətlərə ziyan dəyir. Bəzən ictimai münasibətlərə edilən qəsdlər qeyri-aşkar şəraitdə baş verdiyindən onların açılmasına zaman lazım gəlir. Cinayətlərin qurbanları isə əksər hallarda bundan xəbərsiz olur,cinayətkar cəzasına çatmayanda isə polis haqqında neqativ rəy yaradırrlar.Polisin spesifik xidmətinin görünməyən tərəfindən ictimaiyyətin məlumatı azdır. Nə isə… Rəis düşündükcə polis əməkdaşlarının şərəfli xidmətinin cəmiyyət tərəfindən düzgün qiymətləndirə bilməməsinə görə əzab çəkirdi… Telefon zəngi rəisi xəyalından ayırdı. Əməliyyat üzrə növbətçi idi:
-Rəis Şamaxıdandır, dəstəyi götürün. Telefonda cinayət-axtarış üzrə əməliyyat müvəkkili Mübariz idi.
-Eşidirəm, Mübariz. Nə xoş xəbərin var, sevindirəcəksənmi bizi?
-Rəis zəhmətimiz hədər getmədi. Ustaların evinə daxil olan kimi Samirəyə məxsus əşyalarla dolu çamadan qapının girişində qaldığını görcək sevindik və maddi sübut kimi götürüldü. Odlu silah isə yataq otağından tapıldı. Müayinə müstəntiqin və hal şahidlərinin iştirakı ilə aparıldı. İlkin dindirmə zamanı hər ikisi cinayətlərini izahatında etiraf etdilər. Səbəb sərxoşluq nəticəsində hərəkətlərini ölçüb-biçə bilməmələri olmuşdur. İfadələrini idarədə mustəntiq alacaq. Qısa bu qədər rəis, başqa sualınız və tapşırığınız varsa buyurun!
-Təbrik edirəm. Ehtiyatla gəlin. Saxlanılanların əllərini qandallayın ki,yolda müqavimət göstərə bilməsinlər. Rəis dəstəyi yerinə qoydu. Saata baxdı. Saat 05:30 göstərirdi. Əməliyyat uğurla və düşünülmüş tərzdə davam edəndə yorğunluğa yer qalmır. Rəis yorulmamışdı,belə gərgin gecələri çox görmüşdü,xoş xəbərdən gümrahlaşdı. Sevincini prokuror ilə bölüşmək istədi. Sübh çağı idi,dan yeri səbrlə açılırdı. Prokuroru narahat etmək istəməsə də “istintaqı onsuz da prokurorluq aparacaq”,- niyə də narahat olmasın? – deyə əlini şəhər telefonuna uzadıb düymələri basdı. Evə vaxtsız daxil olan telefon zəngi prokuroru və ailəsini əsla narahat etmədi. Birinci dəfə deyildi ki? Prokuror telefonun səsini eşidib xoş məramın yaşandığını anladı və dəstəyi götürən kimi:
-Təbrik edirəm, ay rəis?! Bu vaxtın telefon zəngi belə deməyə əsas verir. Düzmü tapdım? Zamanın sınağından uğurla çıxdıq,elə deyilmi?
-Bəli,Yılmaz Cavadoviç! Sizi də təbrik edirəm. Uşaqlar təqsirləndirilə biləcək şəxslər və götürülən maddi sübutları ilə şəhərə qayıdırlar.Yəqin ki, İnşallah iki saata burda olacaqlar. Müstəntiqinizə tapşırıq verin ki, polis idarəsinə gəlsin və dindirməyə başlasın. Belə qənaətdəyəm ki, hər şey öz təsdiqini tapıb. Yerində alınan izahatları öz sözləri ilə yazıblar və əməllərini etiraf ediblər. Bəri başdan deyim ki, heç bir fiziki zor və işkəncələrə məruz qalmayıblar. Prokuror şaqqanaq çəkdi. Bu sübh çağının bədən tərbiyəsi idi…
İlkin izahatlarda hadisə belə təsvir edilir:Ağır hadisənin leytmotivinə canlı təbiət təsirsiz ötüşməmişdi.Yolun kənarında çölün sakitliyi qrupa xoş bahar ovqatı bəxş etmişdi.Süfrə yığışdırılmamış,çörək və kolbasa tikələri hələ ortada qalmışdı.Külək otların arasından süfrənin kənarında qoyulan stəkanı yırğalayırdı.Gün qüruba doğru gedirdi.
Afət və Asim hər ikisi Sündü kəndində yaşayırlar. Peşələri evlərdə təmir işləri ilə məşğul olmaq, rəngsazlıq etməkdən ibarət olub. Samirənin bir otaqlı mənzilini təmir etmək üçün razılaşırlar. Samirə bu müddət ərzində rəfiqəsi ilə bir yerdə yaşayacaqdı- İçəri şəhərdə. Hadisə baş verən zaman iki günlük Şamaxıda istirahət etmək qərarına gəlmişlər və rəfiqələr bu təkliflə razılaşmışlar.Bakı ərazisindən bir neçə km uzaqlaşandan sonra, Asim yolun kənarında bir qədər dincəlməyi təklif edib.
Şəhərdən aldıqları xırda bazarlıq,bir ədəd “Stoliçnıy” araq, 1kq kolbasa və tərəvəzlə magistral yoldan təxminən 200 m aralıda süfrə açılır… Hava hələ xoş idi. 100 qr spirtli içkidən sonra Asim səbrsizlik edib rəfiqələrdən birini toplaşşdıqları süfrədən kənara dəvət edir. Hər ikisinin yaşı 35-i haqlamışdı. Asim əlini Xatirənin boynuna salır. Xatirə müqavimət göstərsə də alınmır. Təpəni aşıb əyləşirlər.Asim ikinci dəfə əlini Xatirənin qoynuna aparır… Xatirə qışqırır. Samirənin özünü Xatirəyə çatdırmaq cəhdi boşa çıxır. Afət ona mane olur. Samirəni maşına dəvət edir. Samirə imtina edir. Qısa mübahisədən sonra, Afət maşındakı ov tüfəngini götürüb Samirəyə təklifi ilə razılaşmayacağı təqdirdə həyatla vidalaşacaq,-deyə onu hədələməyə başlayır. Rədd cavabı aldıqda əlini tətiyə atır, güllənin səsi ətrafda əks səda verir . Asim inanmır.”Axı, patroncıqda patron olmamalıydı. Bu necə açıla bilərdi?!” Hadisənin dramatikləşdiyini görən ustalar şahid bazasını silmək məqsədilə Xatirəni də qətlə yetirir və dərhal hadisə yerini tərk edib Şamaxıya yollanırlar… Bu Afətin ifadəsində yer alan istintaq məlumatı idi. Amma Asim fərqli ifadə vermişdi. O,Samirə ilə Afətin arasında isti münasibətin olduğunu bildirirdi.lakin hadisə günü Samirə Afətə yaxınlıq üçün imkan vermədiyinə görə sonuncu bundan qəzəblənib onu aradan götürmüşdü. Daha sonra yazır:Biz istirahətə gəlməmişdən əvvəl Xatirənin evində bu barədə razılaşmışdıq. Xanımlar isə təbiətin qoynunda razılığı pozmuşdular və cəzasını da aldılar. Bunu da Asim öz sözləri ilə verdiyi ifadəsində etiraf etmişdi…
Tüfəngin açılması təsadüfi deyildi.Bakı-Şamaxı yolu həmin axşam şahidsiz idi.Güllə səsi açıq havada qəribə çıxdı.Sanki daşa dəyib geri qayıtmışdı.Açıq səma güllənin səsini özünə çəkə bilmədi.Süfrə ətrafında dən axtaran sərçələr bir anda havalanıb pərvazlanmışdılar.Külək dayanmışdı,çöldə açılan İlahi süfrə Adəm övladlarının hərəkətlərindən soyuq bir məkana dönmüşdü… “İstirahət məkanı”ndan magistral yola baxanda maşınların səssz-səmirsiz Şamaxıya doğru şütüməsi dumanlı görünürdü.Baş vermiş hadisədən şər qarışır,hava qaralırdı.Təzəcə pöhrələnən yaşıl otların üstünü qan örtmüşdü…
Baharın gəlişindən Xəzər hələ də qərarsız idi.Sahilə çırpılan ləpələr nəyisə pıçıldayıb demək istəyirdi,amma sirri faş etməkdən çəkinirdi.Vaxtı çatmamışdı,bəlkə də.Xəzər dənizi çox hadisələrə şahidlik etmişdi,-sahildən kəsilən addımlara,suda batan səslərə,dalğalara baxaraq əhd-peyman bağlayan gənc cütlüklərə…Xəzər gecənin rənginə boyanmışdı.Amma səmada qan rəngini almış zolaqlar da görünürdü… Bu gecə dəniz haray qoparıb danışsaydı şəhər yəqin ki,yatmazdı…
“Tüfəngin-odlu silahın boş olduğuna əmin olsan belə, əlini tətiyə aparma, o açıla bilər. Axı odlu silaha necə etibar etmək olar? Niyyətin məşqi,bəzən acı nəticənin xəbərçisi,zərərsiz görünə bilən əyləncə isə təhlükəli vərdişlərin acı başlıanğıcı ola bilər,-deyirlər.Bu mənada insan şüurlu ali varlıq kimi riski dayandıra bilməyəndə,riskə aparan davranışı heç dayandıra bilmir.”Rəis məlumatı dinləyə-dinləyə belə bir fikri yaddaşında varaqladı,amma bitmədi…İnsan da odlu silah kimidir.İçində qəzəb,kin,nifrət,hətta hökm də gəzdirir.”Zərəri yoxdur”,-deyib etdiyi hər cürə ehtiyatsız hərəkət,gələcək sabahların peşmançılığıdır.Bütün təhlükələr insanın davranış modelinin içində ərsəyə gəlir.Ona görə də,həyat hər birimizə zərər və hadisə baş vermədən riskli davranışdan çəkinməyi tövsiyə edir.Təhlükəli vərdişdən kənara çəkilib uzaqlaşmaq Müdriklikdir!..Nə etmək ki, sonrakı peşmançılıq fayda vermir…
Rəis baş verən hadisənin təfərrüatına tam bələd olduğundan belə qənaətə gəlmişdi.Cinayət xüsusilə ağır bir cinayət növüdür. Təqsirkarlar nə etdiklərini bilib, əvvəlcədən hansı nəticə doğuracağını da görüb və buna şüurlu şəkildə yol veriblər. Bu əxlaqın, mədəniyyətin, elmin, tərbiyənin, düşüncənin, şüurun olmamasının nəticəsidir. Sadəcə nihilizmdir.İnsan yaranandan müsbət cəhətlərlə diqqət çəkib,Aləmlərin Rəbbi Adəm peyğəmbəri qupquru,saxsı kimi səs verən palçıqdan yaratdıqda Mələklər ordusu çaş-baş qalıblar.Amma cəsarət edib Allahdan nəyisə soruşa bilməyiblər.Rəbbimiz bunu duyub.Vaxtı çatanda,Cənnət qapısının girişində Hz.Adəmin siluetinə Rəbbimiz”Ol”-deyib və Hz.Adəm fövrən canlı varlığa çevrilib.Rəbbimiz mələklərə səmanı və onun tavanına bərkidilmiş ulduzları göstərib adını soruşub.Mələklər çaşıb qalıblar,Sonra Hz.Adəmə eyni sualla xitab etdikdə,o,adları olduğu kimi sadalayıb.Bu anda mələklər heyrət edirlər və tərəddüd etmədən Hz.Adəmin qarşısında cəcdəyə qapılıblar…
“İnsanlarda müsbət dəyərlərin yoxluğu bütün hallarda,bu və ya digər dərəcədə cəmiyyətdə müəyyən fəsadlar yaradır,ictimai münasibətlərə-ictimai orqanizmin Anatomiyasına zərər dəyir.Fərddə elmlə helm vəhdət təşkil etməyəndə, onun davranışı real həyatla uzlaşmır.Bunun üçün cəmiyyəti elə qurmaq, elə inkişaf etdirmək lazımdır ki,pis vərdişlərə yer qalmasın.” Bu, rəisin qənaəti idi və bunu prokurorla bölüşəndə, prokuror razılaşdı “kriminologiya elmi baxımından düzdür”- deyə cavab verdi. Amma nə etmək – belələri var və olacaq! Cinayətə meyilli insanlar öz bəd vərdişlərindən geri çəkilməsələr, biz də mübarizədə daha sərt,ayıq və sayıq olacağıq. Bax, bu günkü kimi. Prokuror fikrini nöqtələdi…
Rəis prokurorun kabinetində müstəntiqin icraatında olan cinayət işi ilə bağlı məlumatı dinləyirdilər. Hər ikisinin qarşısında fincanda çay varıydı.Məruzə zamanı rəis və prokurorun işin mahiyyətinə uyğun sualları ortalığa çıxırdı,müstəntiq isə suallara aydınlıq gətirirdi.O,peşəkar idi,işini zərgər incəliyi qədər dərindən bilirdi. İstintaqın obyektiv və hərtərəfli aparılmasında heç bir şübhə yeri qalmamışdı.Prokuror peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq qrupunun zəhmətini yüksək dəyərləndirdi.”Fərqlənənləri mükafatlandırmaq üçün Baş Prokurora və Daxili İşlər Nazirinə təqdimat göndərəcəyəm”,-dedi.Sonra sözünə davam etdi.Biz işimizi demək olar ki,uğurla bitirdik,ittihamı təsdiq edib cinayət işi üzrə mataeriallar məhkəməyə göndəriləcək.Xüsusilə ağır cinayət iki nəfərin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı istintaq zamanı təsdiqini tapdığından,qüvvədə olan cinayət məcəlləsinin 59-cu maddəsində ehtiva edilən yüngülləşdirici hallar bu iki şəxsə yəqin ki,şamil olunmayacaq.Lakin,cinayətin ağır nəticələrə səbəb olması,sair alçaq niyyətlərlə törədilməsi,habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hallar kimi dəyərləndiriləcək!Sözünü bitirib ittihamı təsdiqlədi. Sonra müstəntiqə:
-Cinayət işi üzrə materialları özün apar məhkəmənin dəftərxanasına təhvil ver.
-Oldu Yılmaz müəllim.
-Gedə bilərsən…
Ardı var…



