“Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib
Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə V.Əzimov adına Qıraqlı kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev müasir dövrümüzün ən ağrılı problemlərindən biri olan və cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın fəsadlarından bəhs edib. O bildirib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmurlar. Hamin maddələrdən istifadə etdikdə isə onlarda dəhşətli vasitəyə ömürlük asılılıq yaranır, vaxt keçdikcə cəmiyyətdən təcrid olunmağa başlayırlar. Ona görə də, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ziyalıların üzərinə düşür.
Daha sonra erkən nigah mövzusunda danışan şöbə rəisi, cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumat verib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.