NATO baş katibi: Tarixçi Medinski yox, Putin danışıqlar masasına oturmalıdır

Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqlar masasına tarixçi Vladimir Medinski deyil, diktator Vladimir Putin oturmalıdır.
Polise.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte bildirib:
“Bu müharibəyə son qoymaq üçün danışıqlar masasına Putinin oturması lazımdır, tarixçi Medinskinin deyil. İki dəfə İstanbula gələn Medinski Rusiya və Ukraynanın 12-ci əsrdən bəri tarixini bizə danışır. Sülh əldə etmək üçün Ukraynanı bu mübarizədə güclü saxlamaq lazımdır”.
Şimali Atlantika Alyansının baş katibi NATO ilə Rusiya arasında münasibətlərin gələcəyindən də danışıb.
“Ruslarla gözəl, dinc yanaşı yaşayacağımız barədə fikir yoxa çıxıb. Vladimir Putin açıq-aşkar ekspansionistdir. Onun Ukraynaya etdikləri həqiqətən heyrət doğurur. Yeri gəlmişkən, Rusiya tərəfi də daxil olmaqla, hər iki tərəfdən ölənlərin sayı dəhşətlidir. Onun iqtisadiyyatı total müharibə vəziyyətindədir”, – o bildirib.
Polise.az