NATO generallarının Azərbaycana intensivləşən səfərləri
Son günlər NATO-Rusiya münasibətlərinin gərginləşməsi fonunda hərbi Alyans rəsmilərinin Bakıya artan səfərləri diqqət çəkir. Xatırladaq ki, Rusiya NATO-da təmsilçiliyini bağladığını bəyan edəndən sonra da gərginlik artıb, Moskva bir neçə dəfə NATO qüvvələrinin xüsusilə Qara dənizdə sərhədləri pozduğu haqda məlumatlar yayıb. ABŞ müdafiə nazirinin Kiyevə səfərindən sonra Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqların da intensivləşməsi Moskva-Brüssel gərginliyini daha da tətikləyib.
Belə zamanda – oktyabrın 18-də NATO Baş Katibinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavier Kolominanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda olmuşdu. Oktyabrın 25-də isə NATO-nun Beynəlxalq Hərbi Qərargahının Kooperativ Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Françesko Diellanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyində olub. Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər barədə və dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib. General-mayor F.Diella öz növbəsində NATO-nun Azərbaycanla əməkdaşlığın cari vəziyyətindən, bu sahədə əldə edilən müsbət nəticələrdən məmnunluğunu bildirib, qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan-NATO əməkdaşlığı üçüncü ölkəyə yönəlməsə də, Bakının Alyansa üzvlüyü heç vaxt, ümumiyyətlə, müzakirə mövzusu olmasa da, Brüsseldən gerçəkləşən səfərlər Rusiyanın diqqətini çəkməyə bilməz.
Xarici işlər naziri Ceyhun Bayramov həm Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu deyib, həm də NATO-nun tərəfdaş ölkələrin suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib. Azərbaycan NATO və ABŞ koalisiyası üçün Əfqanıstan əməliyyatı dövründə logistik dəhliz, həm də təyyarələri yanacaqla təmin edən mühüm coğrafi məntəqə rolunu oynayıb. Bunu ABŞ Əfqanıstanı tələm-tələsik tərk edərkən amerikalı təhlilçi Luke Coffey də Twitter hesabında qeyd etmişdi. Bəs NATO Qafqazdan nə umur və indiki gərgin regional vəziyyətdə bu cür səfərlərin intensivləşməsi nə ilə bağlı ola bilər?

Sülhəddin Əkbər
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirib ki, bu səfərlərin intensiv olmasının səbəbi NATO-nun regiona marağının artması ilə əlaqəlidir. S.Əkbər bu səfərlərdə beş əsas faktorun olduğunu sadaladı. Onun sözlərinə görə, ilk növbədə Rusiya-NATO münasibətləri kəskinləşib: “İkincisi, NATO-nun Əfqanıstandan çıxması və ətraf regionlara marağının artması müşahidə olunur. Üçüncüsü, İran məsələsidir, dördüncüsü Çinlə bağlı geopolitik layihələrdir və beşinci buranı əlavə edərdim – Xəzərin enerji ehtiyatları və Avropanın enerji təhlükəsizliyində oynadığı rol… Bu beş faktor NATO-nun regionda marağını artırıb. Eyni zamanda Azərbaycan müharibədən qalib çıxan ölkədir və hərbi Alyansın marağının olması təbiidir”.
S.Əkbər düşünmür ki, NATO rəsmilərinin Azərbaycana artan səfərləri Rusiyanı qıcıqlandırsın: “NATO ilə Bakı arasında əlaqələr o səviyyədə deyil ki, Moskva bundan narahat olsun. Azərbaycan siyasi rəhbərliyi NATO-ya üzvlük niyyətinə olmadığını bildirib. Əgər NATO hansısa hərbi infrastruktur qurmaq istəsə, onda Kreml narahat ola bilər”.



