NATO Rusiyaya qarşı “robot səddi” qurur: sərhədlər tam avtomatlaşdırılır

NATO yaxın iki il ərzində Rusiya və Belarusla sərhədlər boyunca genişmiqyaslı avtomatlaşdırılmış müdafiə sistemi qurmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, yeni sistem robotlar, pilotsuz uçuş aparatları, ağıllı sensorlar və gücləndirilmiş hərbi mövcudluğu əhatə edəcək.

Bu barədə alyansın quru qoşunları üzrə qərargah rəisinin müavini general Tomas Lovin açıqlama verib. Onun sözlərinə görə, sərhədlər boyunca “çoxsəviyyəli müdafiə xətti” yaradılacaq və ilkin mərhələdə əsas məqsəd mümkün təhlükələri robotlaşdırılmış vasitələr hesabına neytrallaşdırmaq olacaq. Bu isə canlı qüvvənin birbaşa risk altında qalmasının qarşısını almağa imkan verəcək.

Yeni konsepsiya Eastern Flank Deterrence Line (EDFL) – “Şərq qanadının çəkindirmə xətti” adlandırılıb. Layihə çərçivəsində müasir müşahidə sistemləri, yüksək dəqiqlikli sensorlar, avtomatik reaksiya verən müdafiə mexanizmləri və döyüş dronları bir mərkəzdən idarə olunacaq vahid şəbəkədə birləşdiriləcək.

General Lovinin sözlərinə görə, bu texnoloji müdafiə xətti NATO-nun şərq sərhədlərində mümkün təhdidlərin erkən aşkar edilməsi, operativ cavab tədbirlərinin görülməsi və hərbi eskalasiyanın qarşısının alınması baxımından strateji əhəmiyyət daşıyır. Onun fikrincə, yeni sistem alyansın müdafiə qabiliyyətini keyfiyyətcə yeni mərhələyə çıxaracaq.

Layihənin 2027-ci ilin sonuna qədər tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur. NATO rəsmiləri bildirirlər ki, bu addım Avropada təhlükəsizlik balansını qorumaq və alyans ölkələrinin sərhədlərini daha effektiv şəkildə müdafiə etmək məqsədi daşıyır.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button