Naxçıvan şəhərində hərbi sursat aşkar olunub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən Naxçıvan şəhəri, Tumbul kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyinin aidiyyətli təşkilatının əməkdaşları hadisə yerinə cəlb edilib.
Polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısısı olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Polise.az