Naxçıvana dron hücumu zamanı xəsarət alanların sayı artıb – YENİLƏNDİ/FOTO

Dron hücumları nəticəsində, Naxçıvan Hava Limanında xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Teleqraf xəbər verir ki. bu barədə Azərbaycan Respublikası Səhiyyə nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaralılara zəruri tibbi yardım göstərilir və onların vəziyyəti həkim nəzarətindədir.
Babək rayon Nəhrəm qəsəbə sakini, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov hava limanında əmək fəaliyyəti zamanı partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Bununla əlaqədar onda eşitmə qabiliyyəti ilə bağlı müəyyən problemlər müşahidə olunub. Zərərçəkənə ilkin tibbi yardım göstərilib, hazırda vəziyyətinin qiymətləndirilməsi məqsədilə tibbi müayinələr aparılır.
Culfa rayon sakini, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov da hadisə zamanı xəsarət alıb. Onun çiyin nahiyəsində yaralanma qeydə alınıb. Yaralıya tibbi müdaxilə olunub və zəruri müalicə tədbirləri görülüb. Hazırda müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva partlayış dalğasının təsiri nəticəsində qapalı kəllə-beyin travması və barotravma alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Naxçıvan şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Zülfüqarlı isə partlayış nəticəsində döş qəfəsinin arxa səthinin küt travması alıb. Ona tibbi yardım göstərilib və müalicəsi davam etdirilir.
Həkimlərin verdiyi məlumata əsasən, yaralıların vəziyyəti stabildir, həyati təhlükə yoxdur. Səhiyyə müəssisələri tərəfindən zəruri tibbi tədbirlər görülür və xəstələrin vəziyyəti nəzarətdə saxlanılır.
İctimaiyyətə tövsiyə olunur ki, yalnız rəsmi mənbələrdən yayılan məlumatlara etibar etsinlər.
***
14:24
İranın Naxçıvana dron hücumu zamanı xəsarət alanların sayı artıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Naxçıvan Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsindən bildirilib.
Qeyd olunub ki, hadisə ilə əlaqədar xəstəxanaya dörd nəfər müraciət edib, vəziyyətləri stabildir.
.jpg)
.jpg)
.jpg)
***
13:50
İranın Naxçıvana dron hücumu zamanı xəsarət alan iki nəfərin vəziyyəti yaxşıdır, yaxın saatlarda onlar xəstəxananın Nevrologiya şöbəsinə yönləndiriləcəklər.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Naxçıvan Mərkəzi Xəstəxanasının təcili tibbi yardım həkimi Rəna Hüseynova məlumat verib.
Bildirilib ki, hadisə nəticəsində xəsarət alan bir qadın və bir kişi günorta saatlarında xəstəxanaya yerləşdirilib.
“Qadının durumu yaxşıdır, xəsarət almayıb. Qorxduğu üçün panik-atak keçirib. Kişidə isə beyin silkələnməsi olub və partlayış səslərinə görə qulaqları tutulub”.
Qeyd edək ki, bu gün günorta radələrində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hadisə nəticəsində Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.



