Naxçıvanda doğum günü dekabr ayında olan şəhidlərin xatirəsi anılıb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi doğum günü dekabr ayında olan şəhidlərin anım tədbirini təşkil edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli əvvəlcə Heydər Əliyev Sarayının foyesində Birinci və İkinci Qarabağ müharibələrində Naxçıvanın şəhid olmuş qəhrəman övladlarının fotolarından hazırlanan guşəyə baxıb.

Dövlət və hökumət rəsmilərinin, şəhid ailələrinin, qazilərin, hərbçilərin, kursantların və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri anım tədbirində Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və dekabrın 25-də baş vermiş təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Azərbaycanın şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına hərtərəfli diqqət və qayğı göstərən nümunəvi ölkə olduğunu bildirib. Deyib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərilir. Naxçıvanda da şəhid ailələri, qazilər və veteranların sosial müdafiəsinə yönəlmiş tədbirlərin əhatə dairəsi ilbəil genişləndirilir. 2023-2024-cü illərdə Dəstək Fondunun xətti ilə 7 şəhid ailəsi və 19 qazi mənzillə, müharibə zamanı və hərbi xidmət vəzifələrini yerinə yetirərkən sağlamlığını itirən 34 şəxs avtomobillə təmin olunub. Hazırda muxtar respublikada hər ay 509 şəhid ailəsi üzvünə Prezident təqaüdü, 181 qaziyə pensiya və 6178 veterana müavinət ödənilir. Ötən iki il ərzində ümumilikdə Dəstək Fondu tərəfindən 744-ü şəhid ailəsi, 297-si müharibə əlili və 79-u müharibə veteranı olmaqla, 1120 nəfərə 1 milyon 533 manatdan artıq vəsait ödənilib.

Fuad Nəcəfli diqqətə çatdırıb ki, şəhid ailələri və qazilərin sosial məişət şəraitinin yaxşılaşdırılması tədbirləri sırasında onların məşğulluq problemlərinin həlli də diqqət mərkəzindədir. Belə ki, 2024-cü ildə şəhid ailələrindən 12-si işlə, 8-i özünüməşğulluq proqramı qazilərdən 18-i işlə, 27-si özünüməşğulluq proqramı üzrə aktivlə, üzrə aktivlə, müharibə veteranlarından 52-si işlə, 23-ü isə özünüməşğulluq proqramı üzrə aktivlə təmin olunub.

Muxtar respublikada şəhid adlarının əbədiləşdirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edən səlahiyyətli nümayəndə vurğulayıb ki, 2023-cü ildə Babək şəhərində Şəhidlər Memorial Abidə Kompleksi istifadəyə verilib. Hazırda Naxçıvan şəhərində, Şərur, Kəngərli, Sədərək, Şahbuz, Culfa və Ordubad rayonlarında bu istiqamətində işlər aparılır. Naxçıvanda şəhid ailələri və qazilərin cəmiyyətə inteqrasiyası istiqamətində də silsilə tədbirlər həyata keçirilir. Hazırda muxtar respublikada şəhid ailə üzvləri və qazilər seçkili orqanlarda təmsil olunur, müxtəlif idarə, müəssisə və təşkilatlarda çalışırlar. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının yerli və mərkəzi icra hakimiyyəti orqanlarında bu kateqoriyadan olan şəxslər işlə təmin edilib.

Fuad Nəcəfli “Şərq qapısı” qəzeti redaksiyası tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə nəşr olunmuş “100 ilin qəhrəmanları” ensiklopedik nəşrini şəhidlərin xatirəsinin və adlarının əbədiləşdirilməsi sahəsində görülən işlərə ən gözəl nümunə kimi dəyərləndirib.

Səlahiyyətli nümayəndə şəhid ailələri, qazilər və veteranlarla bağlı işlərin, həyata keçirilən birgə tədbir və layihələrin bundan sonra da davam etdiriləcəyini, şəhid adlarının hər zaman uca tutulacağını əminliklə ifadə edib.

Şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə Həşimova çıxışında xalqımızın qəhrəman xalq olmasını qürur hissi ilə dilə gətirib. “Otuzillik həsrətə son qoyaraq torpaqlarımızı işğaldan azad edən vətən övladlarının timsalında bir daha əmin olduq ki, bu xalq bir şəhid verib, min qəhrəman yetirir”, – deyən S.Haşımova Naxçıvanın tarix boyu qəhrəman övladlar yetişdirən bir diyar olduğunu qeyd edib.

Anım tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova və şəhid Toğrul Məmmədovun qardaşı Üzeyir Məmmədov şəhid ailələri adından çıxış edərək bu il ərzində şəhidlərin doğum günü ilə bağlı keçirilən yekun tədbiri yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.

Sonra Naxçıvan televiziyasının doğum günü dekabr ayında olan 31 şəhidimizlə bağlı hazırladığı videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycanın əməkdar artisti Fərqanə Qasımova şəhidlərimzə həsr olunmuş və vətənpərvərlik ruhunda mahnılar ifa edib, Naxçıvan Dövlət Universitetinin tələbələri və “Altai” teatrının kollektivi tərəfindən isə kompozisiya nümayiş olunub.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button