Nazir: Azərbaycan bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində əməli addımlar atır
Ölkəmiz bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində əməli addımlar atır, bu istiqamətdə görülən işlər öz növbəsində Orta Dəhlizin imkanlarının genişləndirilməsinə də töhfə verəcək. Bu sahədə, tranzit axınlarının rəqəmsallaşması, habelə “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi istiqamətində Mərkəzi Asiya və Qara dəniz regionlarından olan tərəfdaşlarla yaxından fəaliyyət göstəririk.
Polise.az xəbər verir ki, bu sözləri dekabrın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov videokonfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxışı zamanı söyləyib.
Növbəti il ərzində ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası – COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov sözügedən tədbirin qlobal iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə olması üçün ölkəmizin bütün səylərini səfərbər edəcəyini söyləyib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran nazir Ceyhun Bayramov hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə Təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib. Ölkəmizin Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlı olduğu bir daha vurğulanıb.
Polise.az