Nazir Ceyhun Bayramov GUAM-ın Baş katibi ilə görüşüb
Noyabrın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Baş katibi Altay Əfəndiyev ilə görüşüb.
Polise.az xəbər verir ki, görüşdə tərəflər GUAM çərçivəsində üzv dövlətlər arasında mövcud və gələcək əməkdaşlıq imkanları, gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıb, təsisçi üzv dövlət olaraq ölkəmizin GUAM çərçivəsində fəal əməkdaşlığı təqdir edilib.
Üzv dövlətlər arasında GUAM-ın əsas məqsədləri olan iqtisadi inkişaf, təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində fəal əməkdaşlıqdan məmnunluq ifadə edilib, müxtəlif layihələr və proqramlar çərçivəsində qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin GUAM çərçivəsində ticarət, nəqliyyat, gömrük, enerji, turizm, texnologiyalar və kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əsasında fəaliyyətə xüsusi önəm verdiyini, qeyd olunan sahələr üzrə layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğunu bildirib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Polise.az