Nevroloq: Yuxu problemləri genetik faktorlardan təsirlənə bilər

Müasir həyat ritmi, stres, texnologiyadan həddindən artıq istifadə və qeyri-sağlam həyat tərzi yuxu problemlərini cəmiyyətin ən geniş yayılmış sağlamlıq şikayətlərindən birinə çevirib. Bir çox insan gecə yuxuya getməkdə çətinlik çəkir, səhər isə yorğun oyanır. Halbuki keyfiyyətli yuxu yalnız istirahət deyil, həm də beynin və bədənin normal fəaliyyəti üçün həyati əhəmiyyət daşıyan bir prosesdir. Yuxu rejiminin pozulması isə immun sisteminin zəifləməsindən tutmuş, ürək-damar xəstəliklərinə və psixoloji problemlərə qədər bir çox ciddi nəticələrə səbəb ola bilər.
Polise.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Aygün İsayeva bildirib.
O deyib ki, yuxusuzluq uzun müddət davam edərsə, bir çox fiziki və psixoloji sağlamlıq problemlərinə səbəb olur. Bu, yalnız gündəlik həyata deyil, ümumi rifaha da mənfi təsir edə bilər:”Yuxusuzluq immun sistemini zəiflədir, bu da bədəni xəstəliklərə daha həssas edir. Davamlı yuxusuzluq, yüksək qan təzyiqi, ürək xəstəlikləri və digər ürək-damar problemləri riskini artırır. Yuxusuzluq, aclıq və iştahanı tənzimləyən hormonları pozur, bu da çəki artımına səbəb ola bilər. Yuxusuzluq, həmçinin stres və narahatlıq səviyyələrini artırır, bu da emosional narahatlıq yaradır. Depressiya əlamətlərinin güclənməsinə və əhval-ruhiyyənin düşməsi ilə nəticələnir. Yuxusuzluq beyin funksiyalarını zəiflədir, konsentrasiya, yaddaş və qərar qəbuletmə qabiliyyətinə mənfi təsir edir”.
Nevroloq yuxu pozuntusunun müalicəsi barədə məlumat verib: “Müalicə üsulları pozuntunun növünə və səbəbinə bağlı olaraq dəyişir. Yuxu pozuntuları müxtəlif səbəblərdən qaynaqlana bilər və buna görə də müalicə yanaşmaları fərqli olur. Müalicə, adətən, üç əsas yanaşmanı əhatə edir. Davranışsal müalicə (Koqnitiv Davranış Terapiyası – CBT-i) yuxu pozuntuları üçün çox effektiv bir müalicə üsuludur. Koqnitiv davranış terapiyası (CBT-i) yuxusuzluğu və digər yuxu problemlərini müalicə etmək üçün xüsusi olaraq hazırlanan psixoterapiya üsuludur. CBT-i yuxu ilə bağlı mənfi düşüncələri və davranışları dəyişdirməyə kömək edir. Bu terapiya yuxu təlimini, stres idarəetmə texnikalarını və rahatlama metodlarını öyrədir. CBT-i xüsusilə uzun müddət yuxusuzluğu olan şəxslər üçün çox təsirli ola bilər. Medikamentoz müalicəyə (Dərman müalicəsi) gəldikdə isə bəzi hallarda, dərmanlar yuxu pozuntularının müalicəsində istifadə edilə bilər. Bununla belə, dərmanlar yalnız qısa müddətli müalicə üçün və ya digər müalicə üsullarının nəticə vermədiyi hallarda tövsiyə edilir. Yuxu pozuntularını müalicə etmək üçün həyat tərzində bəzi dəyişikliklər də çox faydalı ola bilər. Yuxu rejiminin tənzimlənməsi üçün hər gün eyni vaxtda yatmaq və eyni vaxtda oyanmaq, bədən saatının tənzimlənməsinə kömək edir. Gün ərzində fiziki fəaliyyət və idman etmək yuxuya keçidi asanlaşdırır, lakin yuxudan əvvəl ağır məşqlər etməmək vacibdir. Yuxudan əvvəl ağır yeməklərdən, kofein və alkollu içkilərdən uzaq durmaq faydalıdır”.
Aygün İsayeva yuxu problemlərinin müəyyən dərəcədə genetik faktorlardan da təsirlənə biləcəyinə diqqət çəkib: “Araşdırmalar göstərir ki, bəzi yuxu pozuntuları, məsələn, yuxusuzluq, yuxu apnesi, və narahat ayaq sindromu kimi vəziyyətlər ailəvi olaraq daha çox görünür, genetik meyillilik bu pozuntuların yaranmasında rol oynayır. Bəzi tədqiqatlar göstərir ki, yuxusuzluq problemi olan insanlarda ailə üzvləri arasında da bənzər problemlər ola bilər. Bunun səbəbi, genetik olaraq bədənin yuxu-oyanma dövrünü (sirkadiyan ritmini) idarə edən mexanizmlərdəki dəyişikliklərdir. Yuxu zamanı nəfəsin qısa müddət dayandığı vəziyyət genetik olaraq ailələrdə görülür. Bu, bəzən nəfəs yollarının strukturunun genetikdar olması ilə əlaqədar ola bilər”.
Polise.az



