Nikol niyə hakimiyyətə gəldi, ona baxın…
Ermənistanda baş verən istənilən hadisə bizim üçün nisbi əhəmiyyət kəsb edir. Rəsmi İrəvan hərbi, siyasi və mənəvi məğlubiyyətdən sonra böhran vəziyyətindədir. Sisian şəhərində ibadət üçün kilsəyə daxil olan Nikol Paşinyanın keşişə uzanan əlinin havada qalması da bunun bir göstəricisidir.
Bu sözləri axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanda baş verən son siyasi prosesləri şərh edərkən deyib.
Politoloq qeyd edib ki, bu vəziyyət hələ uzun müddət davam edəcək:
“Bu gün Ermənistanın heç bir təsir imkanı yoxdur. Bu baxımdan Ermənistanda nə baş verir-versin, bu, bizi maraqlandırmamalıdır. Ermənilər də anlayır ki, Azərbaycan bundan sonra ediləcək istənilən hərəkətin cavabını artıqlaması ilə verəcək”.
Politoloq deyib ki, birgə Bəyanatda nəzərdə tutulan məsələlər qeyd-şərtsiz yerinə yetirilməlidir. Bu prosesdə ən böyük iş sözsüz ki, təminatçı ölkələrin üzərinə düşür:
“Yəni bu ölkələr Ermənistanı başa salmalıdır ki, bundan sonra atılacaq istənilən neqativ addım İrəvan üçün acınacaqlı ola bilər.
Bu gün Ermənistanda baş verən bütün neqativ siyasi hadisələrə baxmayaraq, Nikol Paşinyan hakimiyyətdə qalmağa cəhd edəcək. “Paşinyan hakimiyyətdən gedəcək” sualındansa onun niyə hakimiyyətə gəlməsi sualına fokuslanmaq lazımdır. Faktiki olaraq Paşinyanı hakimiyyətə gətirən qüvvələrin başlıca hədəfi Ermənistanı Rusiya təsirindən çıxarıb, Qərbə meyil etdirmək idi. Real vəziyyətə baxdıqda biz bunun şahidi oluruq. Paşinyan öz missiyasını yerinə yetirənədək ona dəstək veriləcək”.