Nikol Paşinyan bu cəsarəti kimdən alır? – Ətraflı
Ermənistanda siyasi proseslər getdikcə durulur. Vəziyyət sabitləşdikcə Nikol Paşinyan özünü daha inamlı göstərir və qətiyyətli addımlar atır. Maraqlı budur ki, Nikol əvvəllər bir qədər tərəddüdlə baxdığı məsələlərə bu gün daha prinsipial yanaşır.
Məsələn, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan barəsində açılan cinayət işi bir müddət əvvəl durdurulmuşdu. Və çoxları zənn edirdi ki, artıq bu məsələ arxivlərə göndəriləcək. Amma Paşinyan hamını, o cümlədən, opponentlərini də təəccübləndirməkdə davam edir. Belə ki, Serj Sarkisyan barəsində açılmış cinayət işi artıq məhkəməyə göndərilib. Keçmiş prezidentin vəkili Robert Akobyan bir neçə gün öncə jurnalistlərə açıqlamasında məhkəmə qərarından hələ də şikayət verilə biləcəyini və yersiz suçlamanın durdurulacağına inandığını söyləyib.
Yada salaq ki, bir müddət əvvəl İrəvanın ümumi yurisdiksiya məhkəməsi hakim Vahe Misakyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında eks-prezidentin əmlakına qoyulmuş həbsin qaldırılması ilə bağlı vəsatətini rədd etmişdi.
“İttihamın özü qanunsuz və sünidir. Mülkiyyəti həbsdə saxlama qərarına gəlincə, bu da əsassızdır. Bu cür pozuntularla alınan əmlaka həbs qoyulması barədə qərarı hələ görməmişəm”, – deyə vəkil şikayətlənib.
Növbəti məhkəmə iclasları 15 aprel, 29 aprel və 13 may arixlərinə təyin edilib. Ermənistanın üçüncü prezidentinə olan iddia 2019-cu ilin sonunda başladılıb. İstintaqa görə, Sarkisyan 2013-cü ildə “Flash” şirkətinə himayə göstərib. Bu himayədən sonra şirkət dizel yanacağı tədarükü üçün dövlət tenderini şübhəli şəkildə qazanıb. Baxmayaraq ki, adıçəkilən “Flash” tenderdə daha yüksək qiymət təklif etmişdi (təxminən bir milyon dollar fərqlə). İstintaqda olan sənədlər göstərir ki, beləliklə, dövlətə təxminən 1 milyon dollar məbləğində ziyan dəyib.
Sarkisyana qarşı qabaqlayıcı tədbirlərdən biri kimi, ölkədən çıxmamaq barədə qərar qəbul edilib. Bu iş üzrə təqsirləndirilən şəxslər, eyni zamanda, Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Sergo Karapetyan, “Flash”şirkətinin sahibi Barseq Beqlaryan və daha iki vətəndaş – Samvel Qalstyan və Gevorq Arutyunyandır.
Yada salaq ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan barəsində açılmış cinayət işinin məhkəmə prosesi davam edir. Həm Serj Sarkisyan, həm də Robert Koçaryan haqqında cinayət işinin uzadılması əslində Nikol Paşinyanın siyasi hədəflərinə hesablanıb. Çünki hazırda Ermənistanda olan “Qarabağ klanı”nın çox güclü maddi və siyasi dəstəkçiləri var.
Xüsusilə siyasi elitanın radikal qanadı bu adamları dəstəkləyir. Ona görə də Ermənistanın baş naziri həm Sarkisyanı, həm də Koçaryanı təzyiq altında saxlamaq üçün bu tədbirlərə əl atıb. Ola bilsin ki, Paşinyan qarşı tərəfdən hansısa sərfedici təklif gözləyir. Məsələn, Sarkisyan və Köçəryan Paşinyanla separat danışığa gedə bilər ki, “gözlənilən parlament seçkilərinə biz qatılmırıq, əvəzində haqqımızda açılmış cinayət işi qapadılsın”. Və çox güman ki, bu, belə də olacaq. Məhz buna görədir ki, Nikola son günlər çox inamlı təsir bağışlayır. Ötən gün isə daha bir eks-prezident Levon Ter-Petrosyan fərarilikdə günahlandırılıb.
Nəzərə alaq ki, Paşinyan artıq Vladimir Putinin himayəsinə sığınıb. Ona görə də gözlənilən növbədənkənar parlament seçkilərində Nikolun rəhbərlik etdiyi “Mənim addımım” hərakatının qələbəsinə heç kim şübhə etmir.