“Niyə dünyada müsəlmanlar daha çox qırğınlara məruz qalır?..”

“…Müsəlmanlar şər qüvvələrinin əsas hədəfidirsə, müsəlman ölkələrində münaqişələrin, terror aktlarının, müharibələrin və s. çoxalması da təbiidir…”
“İkinci əsas dünyəvi səbəb əksər müsəlman ölkələrinin aparıcı dövlətlər və qüvvələr üçün cəlbedici sərfəli coğrafi-siyasi mövqeyə və yeraltı, yerüstü sərvətlərə, o cümlədən neft və qaza malik olmalarıdır…”
“Təəssüf ki, əksəriyyət bu həyata yalnız bu dünya prizmasından baxır, bu dünyada baş verənlərin Axirət dünyasındakı əksi haqda düşünməyi unudur. Odur ki, bu dünyada ölmək, yaralanmaq, ac-susuz qalmaq, yoxsul, xəstə olmağın və s. hələ bədbəxtlik demək olmadığını dərk etmir. Əsl xoşbəxtlik və bədbəxtlik…”
-FİKİR SAVAŞI…-
Bu sualı daha çox İslamın, müsəlmanlığın, dünya həyatının mahiyyətini anlamayanlar verirlər. Və bununla öz cahilliklərinə, imansızlıqlarına, namazdan, orucdan uzaq olmalarına bəraət qazandırmağa çalışırlar: “Əşşi, nə namaz, nə oruc? Görmürsüz harda başını yerə qoyub əlini göyə qaldırıb “Allahu Əkbər” deyən var, başlarına güllə, bomba yağır, acından, susuzluqdan, zəlzələdən, daşqından və s. qırılırlar”…. İlk baxışdan bu fikri həqiqət kimi qəbul edənlər də düşünür ki, doğrudan da bu gün əksər müsəlman ölkələrində: Qəzza-Fələstin, Yəmən, Liviya, İraq, Suriya, Türkiyə, Əfqanıstan, Pakistan, eləcə də Myanma kimi müsəlmanlar azlıqda olan ölkələrdə İslam davamçılarını ya xarici işgalçılar, ya daxili rejim qətlə yetirir, ya da bir-birlərini qırırlar. Əgər müsəlmanlar Yaradana ibadət, qulluq edirsə, bəs niyə bir belə qırğına, əzaba düçar olurlar?..
Ən doğrusunu Allah bilər. Amma biz də Allahın son Kitabı Qurani-Kərim məntiqinə, Onun son Peyğəmbərinin, onun ardıcıllarının, səhabələrinin hədislərinin məntiqinə əsaslanıb öz izahatımızı verməyə çalışacağıq…
Əvvəla, bu dünyadakı hər şey bir imtahandır:
“Əlbəttə, biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can(övlad) və məhsul qıtlığı ilə imtahan edərik.(Ya Muhəmməd! Belə imtahanlara səbr edən şəxslərə müjdə ver!)”( Qurani-Kərim, əl-Bəqərə, 155)…
Allah-təala kimin daha düzgün, daha təqvalı müsəlman olduğunu müəyyən etmək üçün bizləri sınağa çəkir. İmam Həsən(ə.s.) buyurur:”İnsanlar nemət içində rahat yaşayarkən gizlidirlər, elə ki, başlarına bəla gəldi, öz həqiqi simalarına dönərlər, mömin imanına qayıdar, münafiq də nifaqına”… Bu mənada bütün bəşəriyyətin gözü önündə görünməmiş vəhşiliklərə, qırğınlara, mənəvi və maddi əzab-əziyyətə məruz qalan Qəzza- Fələstin xalqının dözümü, dəyanəti, imansız sionistlərə qarşı mübarizədən dönməzliyi hamımız üçün örnək olmalıdır…
İkincisi, tarixən digər din davamçıları, xüsusən xaçpərəstlər arasında da çox qırğınlar olub. Yalnız 1572-ci ilə Parisdəki “Varfolomey gecəsi” adlanan xaçpərəstlərin müxtəlif məzhəbləri arasındakı qırğında bir gecədə 40 minə yaxın xaçpərəst qətlə yetirilib. Birinci və İkinci Cahan müharibələri əsasən xaçpərəst ölkələrin ərazisində cərəyan edib və həlak olanların da əksəriyyəti xaçpərəst olub… İndi də Allahın məsləhəti belədir: müsəlmanlar daha çox qırılır…
Üçüncüsü, əksəriyyətin: imanlının da, imansızın da qəbul etdiyi əsas dünyəvi səbəb odur ki, İblis, dünyanı Allahın əlindən alıb(əstəğfürullah) idarə etməyə çalışan mason, sionist, satanist kimi tanıdığımız şər qüvvələr bütün planet boyu genişmiqyaslı hücuma keçiblər. Və bu hücumun əsas hədəfi müsəlmanlardır. Ancaq planlarından məlum olur ki, onlar xaçpərəstliyi, hətta iudaizmi də məhv edib öz məqsədlərinə uyğun yeni bir din formalaşdırmağa çalışırlar…
Deməli, müsəlmanlar şər qüvvələrinin əsas hədəfidirsə, müsəlman ölkələrində münaqişələrin, terror aktlarının, müharibələrin və s. çoxalması da təbiidir…
Dördüncüsü, ikinci əsas dünyəvi səbəb əksər müsəlman ölkələrinin aparıcı dövlətlər və qüvvələr üçün cəlbedici sərfəli coğrafi-siyasi mövqeyə və yeraltı, yerüstü sərvətlərə, o cümlədən neft və qaza malik olmalarıdır…
Beşincisi, son əsrlərdə İslam ökələrində savadsızlığın, elmsizliyin, cəhalətin, təriqət və məzhəb ayrı-seçkiliyinin, eləcə də iqtisadi böhranın çoxalmasıdır ki, bunun da kökündə yenə də əsasən düşmənlərimizin məkrli planları dayanır.
Altıncısı, müsəlman adlanan insanların çoxu şeytanpərəstlərin fətvalarına uyaraq dünya həyatına qapılıb ağır günahlar edirlər. Allah-Təala xəbərdarlıq edir:
“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar ucbatındandır”(əş-Şura, 30)…
Yəni yaşadığımız hər bir bəla, çətinlik, hətta yüngül bir xəstəlik belə, əvvəllər etdiyimiz günahların kəffarəsidir, yuyulmasıdır. Bu məntiqlə dünyada daha çox əzab-əziyyətə düçar olan şəxslərin Axirətdə cəzaları yüngülləşəcək. Odur ki, Peyğəmbərimiz(s.s.) buyurur: “Ümmətim bağışlanmış bir ümmətdir. Çünki onların əzabları bu dünyada başlarına gələn fitnələr, zəlzələlər və qətllərdir”…
Burada maraqlı, sual doğuran cəhət odur ki, xaçpərəst və yəhudilər müsəlmanlardan daha çox günah edir (kütləvi şərab içirlər, donuz əti yeyirlər, zina edirlər, dinc müsəlmanları qətlə yetirlər və s.), bəs Yaradan onları niyə cəzalandırmır. Əvvəla, onlar da müxtəlif yollarla cəzalandırılır(son onilliklərdə Amerika və Avropanı bürüyən anomal isti, yaxud soyuqlar, yanğınlar, daşqınlar, tufanlar və s.)… Amma Tanrı onların cəzasının çoxunu Axirətə saxlayır ki, əzabları daha da ağır olsun…
O da var ki, öncəki yazılarımızda da vurğuladığımız kimi, təəssüf ki, əksəriyyət bu həyata yalnız bu dünya prizmasından baxır, bu dünyada baş verənlərin Axirət dünyasındakı əksi haqda düşünməyi unudur. Odur ki, bu dünyada ölmək, yaralanmaq, ac-susuz qalmaq, yoxsul, xəstə olmağın və s. hələ bədbəxtlik demək olmadığını dərk etmir. Əsl xoşbəxtlik və bədbəxtlik o biri dünyada – Axirətdədir. Bu gün güllədən, raket zərbələrindən, dağıntılar altında qalaraq dünyadan köçən müsəlmanların xeyli hissəsi bəlkə də Allah qatında şəhid hesab olunurlar. Şəhidlər isə “ölmürlər, Allah dərgahında diridirlər”(əl-Bəqərə, 154)…
Fəqət bu o demək deyil ki, özünü yeri gəldi, gəlmədi(bəzən xəbərimiz olmadan düşmənlərimizin fitvalarıyla) ölümə atıb cənnət arzusuyla bu dünyadan köçmək lazımdır. Peyğəmbərimizin(s.s.) bir çox hədislərində deyildiyi kimi, əsl mömin həm bu dünya, həm də Axirət üçün layiqincə, halallıqla yaşamalıdır, bu həyat Axirətin əkin yeridir…
Bəs bu dünyada və Axirətdə nicat yolu tapmaq üçün nə etmək gərəkdir.Yaradan buna çox gözəl cavab verir: “…Nəfsini pisliklərdən təmizləyən qurtulmuşdur…”(Şəms, 9)
Gəlin, heç olmasa, gündə bir dəfə Qəzzada, Fələstində, Livanda, Suriyada, İraqda, Əfqanıstanda, Pakistanda, Türkiyədə və s. qətlə yetirilən, əzablara məruz qalan müsəlmanlar üçün dua edək…
Allah Özü bizləri həm bu dünyada, həm də Axirətdə nicat tapanlardan qərar versin! Amin!..
Polise.az