Niyaz Niftiyevin aclıq aksiyası: niyə heç olmasa, ev dustaqlığına buraxılmır?
Binəqədi bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyev “məhkəmə proseslərində qarşılaşdığı haqsızlığa etiraz olaraq” 10 avqustdan etibarən saxlanıldığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir.
O, aksiyaya başlaması ilə bağlı vəkili vasitəsi ilə göndərdiyi qısa məktubda qeyd edib ki, cinayət işinin istintaqını aparan 3 müstəntiq dəyişdirilib və bununla Baş Prokurorluq onun barəsində bəraət hökmünün çıxarılmasına mane olmaq, onu həbsdə saxlamaq niyyəti güdür. “Mənə qarşı olan bu haqsızlığa etiraz əlaməti olaraq 10.08.2021-ci tarixdən aclıq aksiyasına başlamışam” – yazıb.
Məhkəmə prosesini izləyən hüquqşünaslar deyirlər ki, ilkin ittiham öz təsdiqini tapmayıb və buna görə də cinayət işinin icraatına xitam verilməli olduğu halda, istintaq orqanı heç bir əsas olmadan, əlavə araşdırmalar aparıb, ilkin ittihamla hər hansısa bir hüquqi bağlılığı olmayan ittiham irəli sürülüb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli “Yeni Müsavat”a deyib ki, Niyaz Niftiyev bələdiyyə müstəvisində çox az müddət işləyib:
“O, 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərinə qatılıb, yanvar ayından bunların səlahiyyətləri təsdiq olunub. Aprel ayında Niyaz həbs olunub. Ümumilikdə fəaliyyət dövrü 4 aydan ibarətdir. Bu 4 ayın içərisindədə cəmi bir həftəyə yaxın müddətdə sədr funksiyası daşıyıb. Ondan əvvəl sadəcə bələdiyyənin idarə heyətinin üzvü olub. Məsələ ondadır ki, Niyaz 1996-cı ildən media camiyəsində çalışıb, biz onu 25 il müddətində jurnalist kimi tanımışıq. Cəmi 4 ay müddətində isə bələdiyyə üzvü, 3 gün sədr olub. Məsələ ondadır ki, 25 illik fəaliyyəti dövründə Niyaz Niftiyevin fəaliyyəti ilə bağlı hər hansı bir qüsur ortada görünməyib. Yəni əgər problemli adam olsa idi, nəysə fərqli fikirləri, düşüncələri, problemli hərəkətləri olsa idi, bu 25 il ərzində biruzə verərdi.
O, 1996-cı ildən 2019-cu ilə qədər media müstəvisində çalışıb, kifayət qədər üzdə olan adam olub. “Azadinforum” kimi uzun müddətli bir saytın baş redaktoru olub. Jurnalist olmaqla yanaşı, Niyaz Niftiyev bir elm adamıdır, kifayət qədər araşdırmaları var. Azərbaycanda orjinal bir sahədə – milli mədəni qruplar ilə bağlı çox geniş araşdırması olub. Yaxşı təklifləri var, Azərbaycanın bir multikulturalizm mərkəzi kimi tanınmasında xidmətləri, kitabları var. Yəni əlavə olaraq 2011-ci ildə prezident tərəfindən öz fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 25 il ərzində fasiləsiz fəaliyyət göstərən, heç bir problemi ortaya çıxmayan, daimi olaraq pozitiv ideyalarını ortalığa gətirən və pozitiv ideyalarla, əməlləri ilə tanınan bir adamın 4 ayın içində birdən-birə dəyişib neqativ hala düşməsi istənilən halda şübhə yaradır”.
Müşfiq Ələsgərli deyir ki, hüquq-mühafizə orqanları tərəfindən ədalətli araşdırma aparılacağına ümidləri olub:
“Düşünürdük ki, ədaləti araşdırma aparılacaq və nəticədə həqiqətlər ortaya çıxacaq. Niyaz Niftiyevin özü də bu məsələni gözləyirdi və həmişə açıq deyirdi ki, mən Azərbaycanın qanunlarına, Azərbaycanın hüquq-mühafizə sisteminə və məhkəməyə güvənirəm, ümid edirəm ki, məhkəmə hər şeyi obyektiv şəkildə ortalığa qoyacaq. Buna görə də istər Niyaz Niftiyev, istərsə də onun çevrəsində olan insanlar hamı sükut halında idi, hamı inanırdı, hamı güvənirdi və hamı gözləyirdi ki, sonunda məhkəmə ədalətli qərar verəcək”.
Müşfiq Ələsgərli iş üzrə 3 müstəntiqin dəyişdirilməsinə diqqət çəkərək bildirib ki, hər yeni müstəntiq gələndən sonra işi öyrənməkdən ötrü müəyyən vaxt ötüb:
“Müstəntiq fəaliyyətini bərpa edəndə bu dəfə məhkəmənin problemi çıxır, məhkəmə deyir ki, xəstələnmişəm, gələn dəfə məhkəmə gəlir, məhkəmə köməkçisinin problemi çıxır, o gedir qayıdır və s. Bütün bunların ardıcıl şəkildə baş verməsi onu göstərdi ki, burda nələrsə düzgün getmir. Və biz bu məsələ ətrafında fikirləşdik və burda nələrsə düzgün getmədiyini görən də biz də Azərbaycan qanunlarına hörmət göstərərək, bütün Azərbaycan media ictimaiyyəti və Niyazı sevənlər, Niyazı tanıyan adamlar onun barəsində ədalətli qərar verilməsini istəyirik. İşlə bağlı bircə dənə də olsun neqativ rəy yoxdur. İlk növbədə Azərbaycanın ziyalıları və Azərbaycanda media kapitanları kimi tanınan şəxslərin Azərbaycan prezidentinə müraciəti oldu. Çox sanballı bir müraciət idi, bu müraciətdə heç bir kəsə qarşı ittiham yox idi. Sadəcə orda qeyd olunurdu ki, cənab prezident, Niyaz Niftiyev bələdiyyə sahəsi adamı deyil, media sahəsində normal fəaliyyət göstərib, cəmi 4 ay orda olub, onun cəmi bir neçə gününü də məsuliyyətli vəzifə daşıyıb. Biz demirik ki, o günahsızdır, bəlkə də yanlış ola bilər, bəlkə də təcrübəsizlik edib. Biz işin əslini bilmirik, bunu ancaq hüquq mühafizə orqanları bilər. Təcrübəsizliyini, qısa müddət işləməsini, onun indiyə qədər ki, fəaliyyətində heç bir nöqsan olmamasını və eyni zamanda himayəsində bir xəstə anasının, hərbi xidmətdə olan övladlarını nəzərə alaraq məsələnin araşdırılmasını xahiş etdik. Əgər qüsuru varsa, bağışlanmasını, yoxsa da ittihamın götürülməsini istəyirik.
Bunun ardınca Azərbaycanın jurnalist təşkilatlarının əlahiddə bir müraciəti oldu, məsələ Milli Məclisdə səsləndi. Bu müraciətlər Ədliyyə Nazirliyinə, Prokurorluğa, ölkə prezidentinə, Milli Məclisə Ali Məhkəməyə göndərilib. Yəni bu qədər müraciətlərin içərisində bu məsələnin bir diqqətə alınmaması artıq şübhələnmək üçün müəyyən əsaslar yaradır. İndi Niyaz aclıq aksiyasına başlayıb. Görünür ki, insan özünə əmin olmasa, bu aclıq aksiyasına başlamaz. Amma biz yenə də məsələnin qanunlar çərçivəsində və hüquq müstəvisində həll olunmasını istəyirik”.
Müşfiq Ələsgərli sual edir ki, nəyin araşdırması aparılır:
“Ortada cəmi 240 manatlıq bir məsələ var. 1 ayın içərisində də araşdırıb ortaya bir nəticə qoymaq olardı, lakin 1 il 6 aydır ki, məsələ uzanır. İşin belə uzanması artıq şübhə doğurur və insanların səbrini daşdırır. Artıq bu hüquqi böhrandır, ciddi problemlərdən xəbər verir. Axı bu insan taleyidir. Bir insanı heç bir nəticə bilinmədən 1 il 6 ay necə içəridə saxlamaq olar? Niyaz indiyə qədər mübarizəsini Azərbaycan qanunları çərçivəsində, Azərbaycan qanunlarına hörmət çərçivəsində aparıb. İndiyə qədər nə dövləti, nə hökuməti qınayan başqa bir hərəkət yoxdur. Sadəcə adamın tələbi ondan ibarətdir ki, lüzumsuz proses təxirə salınsın, əgər günahı varsa isbat olunsun, yoxdursa açılıb buraxılsın.
İkinci tələbim ondan ibarətdir ki, Niyaz ağır cinayət törətməyib, insan qətli yoxdur, əgər məhkəmə prosesi bu qədər uzanırsa, hakimlərin, müstəntiqin bu qədər problemi varsa, adamı ev dustaqlığına buraxsınlar, otursun evində. İş üzrə şahidlərin 60 faizi dindirilib, o adamlar hamsı deyiblər ki, biz Niyaza rüşvət verməmişik. Normal insanıq və bələdiyyənin rüsumu köçürüb sənəd alıb fəaliyyət göstərmişik. İkinci adamda ittiham olunurdu ki guya özündən əvvəlki o bələdiyyə sədrinin, yəni Mətanət Nəsibovanın imzasını saxtalaşdırıb. Mətənat Nəsibova da deyir ki, mənim imzam saxtalaşdırılmayıb. Belə bir halda Niyaz Nifteyevin barəsində ədalətli qərarın verilməsini xahiş edirik”.