Nizami Gəncəvinin “Xəmsə”si Ankarada nəşr edildi

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın dahi şairi, Türk dünyasının tanınmış mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan bütün əsərlərin orjinaldan Türkiyə türkçəsinə tərcümə və nəşr layihəsi həyata keçirilir.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

“Xəmsə”yə daxil olan əsərlərin orjinaldan Türkiyə türkçəsinə tərcüməsini Erzurum Atatürk Üniversitetinin professoru, tərcüməçi Nimet Yıldırım tərəfindən həyata keçirilir.

Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə dahi Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkçəsində Ankarada nəşr olunub.

Kitaba yazdığı “Ön söz”də professor, kitabın tərcüməçisi Nimet Yıldırım Nizami Gəncəvinin Azərbaycanın, eləcə də bütün Türk dünyası mədəniyyətinin fəxri, ədəbiyyatın inkişafına isə müstəsna təsir göstərən parlaq sima kimi səciyyələndirərək, şairin “Leyli və Məcnun” əsəri ilə Şərqin möhtəşəm məhəbbət dastanını qələmə aldığını vurğulayıb.

O, dahi Nizaminin doğulduğu Azərbaycanın qədim şəhəri Gəncənin orta əsrlərdə Azərbaycan, Orta Asiya və Yaxın Şərqdə əhəmiyyətli elm, ədəbiyyat və mədəniyyət mərkəzi kimi tanındığını vurğulayaraq, şairin ömrü boyu Gəncədə yaşadığını, misilsiz əsərlər yaradaraq poeziya dünyasına əvəzsiz töhfələr verdiyi qeyd edib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Azərbaycan klassik irsinin təbliği məqsədi ilə bu günə kimi dahi Nizami Gəncəvinin “İsgəndərnamə” və “Sirlər xəzinəsi” əsərləri Türkiyə türkçəsinə tərcümə edilərək Ankarada nəşr olunub. Nəşrin Türkiyənin aparıcı kitabxanalarına, mədəniyyət mərkəzlərinə, elm, təhsil, tədqiqat müəssisələrinə hədiyyə olunması planlaşdırılır. Nizami Gəncəvinin Türkiyə türkçəsində çapdan çıxan “Leyli və Məcnun” əsərinin isə bu ilin 14 dekabrında Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təqdimatı nəzərdə tutulub.

Qeyd edək ki, Nizami Gəncəvi “Xəmsə” ilə epik poeziyanın əbədi incilərini yaradıb, zəngin yaradıcılıq xəzinəsi ilə bəşər ədəbiyyatının zirvəsini fəth edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button