Nobel mükafatçısı Əziz Səncərin Azərbaycan Tibb Universitetində mühazirəsi dinlənilib
Ölkəmizdə səfərdə olan dünya miqyaslı alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər Azərbaycan Tibb Universitetində (ATU) olub. ATU-nun rəhbər şəxsləri ilə keçirilən görüşdən sonra professor Əziz Səncər universitetin tələbə və müəllim heyəti qarşısında mühazirə ilə çıxış edib.
Universitetin mətbuat xidmətindən Polise.az -a verilən məlumata görə, ATU-nun rektoru professor Gəray Gəraybəyli qonağa universitetin yaranma tarixi, strukturu, tədris proqramı və təhsil prosesi barədə ətraflı məlumat verib. O, artıq 90 yaşını geridə qoyan qocaman universitetin Azərbaycanda yüksəkixtisaslı həkimlərin, elmi araşdırmaçıların yetişdirilməsində böyük rolu olduğunu vurğulayıb. Rektor dünyaşöhrətli alimin ATU-da qonaq olmasını universitet kollektivi, tələbələr və gənc tədqiqatçılar üçün mühüm hadisə kimi dəyərləndirərək Əziz Səncərə minnətdarlığını bildirib.
ATU-nun Onkologiya kafedrasının müdiri, Tədris Onkoloji Klinikanın müdiri, akademik Əhliman Əmiraslanov ölkəmizdə elmin inkişafı istiqamətində dövlət səviyyəsində görülən işlərdən danışıb. Təhsilin və səhiyyənin bütün istiqamətləri üzrə müvəffəqiyyət qazanmaq üçün elmi tədqiqatların önəmini vurğulayıb.
Nobel mükafatçısı, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Səncər ATU-da olmaqdan məmnunluğunu ifadə edib. O, universitetində mövcud təhsil prosesi, tələbələrin və rezidentlərin elmi tədqiqatlarını aparması üçün yaradılmış şəraitlə maraqlanıb. Dünyaşöhrətli alim savadlı nəslin yetişdirilməsi üçün gənclərdə elmə maraq oyatmağın, fizika, kimya, biologiya və texnologiya sahələrini təşviq etməyin əhəmiyyətindən danışıb.
Sonra Nobel mükafatçısının universitetin akt zalında tələbə və müəllim heyəti üçün “Xərçəng xəstəliyinin müalicəsində EdU-nun (5-ethynyl-2′-deoxyuridine) tətbiqi” mövzusunda mühazirəsi dinlənilib. Mühazirədə EdU-nun insan genomuna təsiri, mədəaltı vəzin, mərkəzi sinir sistemi xərçənginin müalicəsində effekti ilə bağlı elmi araşdırmaların nəticələrinə istinad olunub.
Görüşdə görkəmli elm xadimi tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, Əziz Səncər Türk dünyasında təbiət elmləri üzrə Nobel mükafatına layiq görülmüş yeganə alimdir. O, 2015-ci ildə DNA təmiri sahəsində araşdırmalarına görə kimya üzrə Nobel mükafatını alıb. ABŞ-da gen mühəndisliyi sahəsini inkişaf etdirən azsaylı alimlərdən biri olan Əziz Səncər ümumilikdə biofizika və biokimya üzrə bir neçə mühüm kəşfin müəllifidir. Onun icad etdiyi elmi metodlar gen mühəndisliyi və xərçəng xəstəliyinin müalicəsi sahəsində geniş imkanlar açır.
Polise.az