Nürnberq prosesinin açıqlanmayan məqamları – Minlərlə insanın dərisindən düzəldilən əşyalar

Rusiya Müdafiə Nazirliyi Nürnberq məhkəmələrinin 80-ci ildönümü ilə bağlı özündə arxiv sənədləri əks etdirən yeni məlumatlar açıqlayıb. “Nürnberq hökmü nəzərdən keçirilə bilməz” adlı məlumatlarda nasistlərin Beynəlxalq Hərbi Tribunalda səsləndirdiyi fikirlər və faktlar yer alıb. Arxiv sənədlərdə məruzələr, məlumat xülasələri, işğal olunmuş ərazilərdə nasist işğalçılarının əməlləri göstərilib.
Sonnenburq konslager düşərgəsi barədə dərc edilən məlumatlarda yazılıb: “Nasist administrasiyası evakuasiya ərəfəsində Sonnenburq həbs düşərgəsində 800-dən çox siyasi məhbusu edam edib. Hadisə yanvarın 31-nə keçən gecə baş verib. Qırmızı ordu bölmələri şəhərə yaxınlaşarkən, 1945-ci il fevralın 1-də səhər tezdən nasistlər bütün məhbusları həyətə apararaq həbsxana binası ilə divar arasındakı dar bir yerə yığaraq güllələyiblər.

Qanlı cinayətlərinin izlərini gizlətmək üçün faşistlər həbsxananı və edam edilənlərin cəsədlərini yandırıblar. Edam yerində qocalar və yeniyetmələr də daxil olmaqla 800-dən çox yarıyanmış meyit tapılıb. 10 fevral 1945-ci il tarixli hesabatda Sonnenburq şəhərindəki həbsxanada 800-dən çox məhbusun edam edilməsi və yandırılması barədə məlumat verilib.
Qurbanlar arasında polyaklar, fransızlar, belçikalılar, çexlər, slovaklar, yuqoslavlar, danimarkalılar və norveçlilər olub. Konsentrasiya düşərgəsi Prussiya siyasi polisinin, daha sonra isə SS-in nəzarəti altında olan erkən nasist konsentrasiya düşərgəsi sisteminin bir hissəsi olub. 1939-cu ildən bu düşərgə xarici siyasi məhbusların, o cümlədən Polşa, Fransa, Belçika, Niderland, Çexoslovakiya və digər ölkələrin vətəndaşlarının saxlanması üçün istifadə olunub. Saxlanma şəraiti son dərəcə ağır olub – məhbuslar ağır əməyə, aclığa, işgəncələrə, özbaşına edamlara məruz qalıblar”.

Digər hadisə Almaniya ordusu tərəfindən insanların kütləvi qətli ilə bağlıdır: “Müharibə illərində Almaniyanın Lvov şəhərini işğalı zamanı SSRİ-nin tərkibində olan dövlətlərin 700 minə yaxın vətəndaşı həlak olub. Litva SSR-də ölkə vətəndaşlarının kütləvi qətlləri baş verib: Panorahda ən azı 100 000, Kaunasda 70 000-dən çox və Alitusda təxminən 60 000. Latviya SSR-də 577 000, Smolensk vilayətində isə 135 000-dən çox sakin öldürülüb.
Leninqrad vilayətində 172 000-dən çox insanın həyatına son qoyulub. İşgəncələrə məruz qalan, o cümlədən Leninqrad şəhərində artilleriya atəşi və bombardmanlar nəticəsində 20 000-dən çox insan ölüb. Sovet İttifaqından təxminən 4 milyon, Çexoslovakiyadan isə 750 min vətəndaş Almaniyanın hakimiyyət orqanları tərəfindən köləliyə və Almaniya daxilində hərbi ehtiyaclara xidmət etmək üçün göndərilib”.

Yuxarıda göstərilən faktlar təkcə statistika deyil, Nürnberq məhkəməsində ittihamların əsasını təşkil edən konkret cinayətlərin birbaşa əksidir.
Digər fakt – Dahau həbs düşərgəsidir. Sənəddə insanlara qarşı törədilən işgəncələr yer alıb. Belə ki, həbs düşərgəsinin nasist administrasiyası məhbusların dərisini soyaraq ondan başmaq və əl çantaları düzəldib. Doktor Blax 1941-ci ilin ortalarından 1942-ci ilin sonuna qədər sağlam məhbuslar üzərində 600-ə yaxın əməliyyat aparıb. Onlar SS tibb tələbələri və SS həkimlərinin hazırlanması üçün həyata keçirilib. Bir çox məhbus əməliyyat masasında, digərləri isə əməliyyatdan dərhal sonra ölüb. Frans Blaxın fikrincə, düşərgədə əsas iş ölü məhbusların dərisini soymaq olub. Almanlar insanların dərilərini kimyəvi üsulla yuyub, sonra Günəşdə qurudub və ondan yəhərlər, başmaqlar, çantalar və başqa əşyalar düzəldiblər. SS xüsusilə üzərində döymə olan dərilərə üstünlük verib. Əsir düşərgəsində Polşa, Fransa, Niderland və digər ölkələrin vətəndaşları, habelə sovet hərbi əsirləri saxlanılıb.

Ümumilikdə orada 30-dan çox ölkədən təxminən 200 min insan olub. Məhkumlar sistematik döyülmələrə, işgəncələrə, tibbi təcrübələrə və məcburi əməyə məruz qalıblar. SS həkimləri məhbuslar üzərində hipotermiya, malyariya və qanköçürmə təcrübələri də daxil olmaqla “elmi təcrübələr” aparıblar. Xəstəlik, düzgün qidalanmama və qəddar rəftar səbəbindən ölüm nisbəti yüksək olub.
Nürnberq məhkəməsi 1945-ci il noyabrın 20-dən 1946-cı il oktyabrın 1-dək baş tutub. Bu vaxt ərzində 403 açıq məhkəmə iclası keçirilib. Ümumilikdə 360 şahid dindirilib, təxminən 200 000 yazılı ifadəyə baxılıb və 24 nasist Almaniyası hökuməti və hərbi rəhbərləri məhkəmə qarşısına çıxarılıb. Onlar tribunalın nizamnaməsi ilə müəyyən edilmiş cinayətlərdə ittiham olunublar. 22 təqsirləndirilən şəxs barəsində hökmlər geri qaytarılıb. İttihamların hamısı və ya bir hissəsi üzrə 19 nəfər təqsirli bilinib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün



