“O meydan hərəkatı yaranmasa idi, sən bu gün deputat ola bilməyəcəkdin” – Sabir Rüstəmxanlı

Deputat Bəhruz Məhərrəmovun xalq hərəkatı haqda dedikləri ictimai etiraz doğurub. O, Milli Məclisin iclasında bu mövzuda danışarkən sərt ifadələr işlədib. Milli azadlıq hərəkatını və o hərəkatın liderlərini təhqir edən ifadələrə yol verib.

Həmin iclasda VHP sədri, deputat Sabir Rüstəmxanlı Bəhruz Məhərrəmova sərt formada cavab verib. Onun bu çıxışının videosu sosial şəbəkələrdə trend olub.

Globalinfo.az-ın müxbiri Sabir Rüstəmxanlı ilə mövzu ətrafında danışıb. Deputat deyib ki, bunların hamısı məlumatsızlıqdan irəli gəlir.

Onun sözlərinə görə, həmin şəxslərin o illərlə bağlı məlumatı yoxdur:

“Onlar erməni təhdidlərinin, vəhşiliyinin hansı səviyyədə olduğunu bilmirlər. Bu adamlar nə bilsinlər ki, Xankəndinin mərkəzində hər gün mitinqlər keçirilirdi?! İrəvanda azərbaycanlıların əleyhinə yüzminlərlə insanın toplaşdığı aksiyalar olurdu. O zaman azərbaycanlıları oradan vəhşicəsinə çıxarmışdılar. Moskva da daimi Ermənistanın tərəfində idi. Mixail Qorbaçov rüşvət alıb, Qarabağı ermənilərə satmağı planlaşdırırdı. Azərbaycan hökuməti də Qorbaçov nə desə, onu edirdi. Belə bir dövrdə xalq nə etməli idi?! Əlbəttə, xalq çıxmalı, sözünü deməli idi və çıxdı da. Onun hesabına da bütün dünya Azərbaycanı tanıdı, gücünü, mütəşəkkilliyini gördü. Bundan sonra artıq Qorbaçov geri çəkildi”.

S.Rüstəmxanlı deyib ki, həmin hərəkat olmasa idi, hansısa yolla Qarabağı Ermənistana birləşdirəcəkdilər:

“Azərbaycan ağır günlər yaşayırdı. Xalq da sözünü yalnız hərəkatla deyə bilərdi. Meydan epopeyası Azərbaycan tarixinin ən parlaq, şərəfli səhifələrindən biridir. Bunu Heydər Əliyev özü də deyib. Biz ona deyəndə ki, meydana torpaqlarımızı qorumaq üçün çıxmışdıq, adam bizi Moskvadan izlədiyini bildirdi. İndi hərəkata ləkə yaxmaq nə deməkdir?! O zaman bəzi qorxaq adamlardan başqa hər kəs meydanda idi. Meydanı danmaq Azərbaycanın bütün 20-ci əsrdəki ən parlaq şəxsiyyətlərini danmaqdır. Təsəvvür edin ki, hətta hakimiyyət meydanın qorxusundan addım ata bilmədi. Onlar gəlib məndən soruşurdular: “Sabir bəy, necə danışaq ki, bizi fitə basmasınlar?” Mən də onlara tövsiyə edirdim ki, sözün düzünü desinlər. İndi çıxıb buna hansısa cahil istədiyi qiyməti verə bilməz. Hətta DTK-nın, digər güc strukturlarının da gözü o meydanda olub. Çünki meydan onların hamısından daha güclü idi. Mən bununla bağlı “Xətai yurdu” adlı kitabımda geniş yazmışam. Sadəcə, oxumayıblar, məlumatları yoxdur. Bunu yalnız Azərbaycanı sevməyənlər, bizə düşmən münasibəti bəsləyənlər dana bilər”.

Azadlıq meydanı: 1988-89-cu illər

Deputat Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb:

“Müsavat və Xalq Cəbhəsi hərəkat zamanı yarandı, bəli. Amma o cütlük hakimiyyətdə çox səhvlərə yol verdi. Onlar hakimiyyəti idarə edə bilmədilər deyə, nəticədə Heydər Əliyev dəvət olundu. Müsavat Partiyası ilə Xalq Cəbhəsi səhv etdilər və səhvlərinin də cəzasını çəkiblər, hakimiyyəti itiriblər və s. Onların səhvlərindən biri də odur ki, bu adamlara görə cəbhədə qazandıqlarımızı da itirdik. Bundan başqa, Surət Hüseynov Gəncədə qiyam yaratdı. Bunlar hamısı göz önündədir. Buna görə də, bütün xalq hərəkatını ittiham etmək olmaz! 1990-cı ildə rus gəlib o hərəkatı öz qanında boğdu. Əgər hərəkat pis idisə, həmin vaxt Heydər Əliyev nəyi və niyə müdafiə edirdi? Hərəkat pis olsaydı, 1991-ci ilin avqustunda biz o hərəkatın təsiri altında müstəqillik bəyannaməsini, onun ardından oktyabr ayında müstəqillik aktını qəbul edə bilməzdik. Beləliklə də dövlətimizi bərpa etmiş olduq. Xalqın o tələbləri olmasa idi, 1918-20-ci il xatırlanmazdı. Bunlar hamısı bir-birinə bağlı məsələlərdir. Bunun üzərindən kim xalqı ittiham edə bilər? Sən bu xalqın nümayəndəsisən və bilməlisən ki, o xalq olmasa idi müstəqillik bərpa olunmazdı. Belə olan halda parlament də olmayacaqdı və bu adamlar parlamentə gələ bilməyəcəkdilər. Ona görə də xalqa dil uzatmaq olmaz!”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button