Odla oyun: Gürcüstanın “dost itirən” vaxtımı? – Saakaşvili elə sözlər dedi ki…

Strateji tərəfdaşımız sayılan qonşu Gürcüstanın Avropa Birliyi və ABŞ-la münasibətləri hələ də gərgin olaraq qalır. Maraqlıdır ki, Ağ Ev rəhbərinin dəyişməsinə rəğmən, Vaşinqtonla ikitərəfli əlaqələr Tramp dönəmində də düzələnə oxşamır. Həmçinin az öncə rəsmi Tiflisin ABŞ hökumətinə münasibətlərə yeni təkan vermək barədə xahiş-çağırışı cavabsız qalıb.
Bu azmış kimi, Gürcüstan hökuməti sanki Azərbaycanla əlaqələrdə də lüzumsuz yerə problem yaradır. Azərbaycanlı TIR sürücülərinin qonşu ölkənin gömrük postlarında ərazisində on günlərlə yubadılmasına və əsassız yerə incidilməsinə ayrı ad tapmaq olmur.
Şübhəsiz, Azərbaycan vəziyyətdən xəbərdardır. Gürcüstandakı səfirliyimiz də işin içindədir. İstisna deyil ki, rəsmi Bakı digər kanallarla da problemi aradan qaldırmağa səy göstərir. Gəl ki, indiyədək “yük köhnə yerində” qalmaqdadır…
Məsələdə siyasi çaların olduğunu söyləyənlər az deyil. Qəribədir, Gürcüstan artıq onun əsas ticarət tərəfdaşına çevrilmiş Azərbaycanla münasibətlərdə niyə “qaşınmayan yerdən” qan çıxarmaq istəsin ki? Üstəlik, bu ölkə öz ərazisindən keçən neft-qaz kəmərlərinə (Bakı-Tiflis- Ceyhan, Bakı-Tiflis-Ərzurum), habelə Bakı-Tiflis-Qars dəmiryoluna görə hər il böyük məbləğlərdə tranzit rüsumları əldə edir, büdcəsini zənginləşdirir. Əlavə olaraq, Gürcüstan Azərbaycandan təbii qazı dünya qiymətinə deyil, aşağı qiymətlə alır. Ümumiyyətlə, bu ölkəyə bir çox başqa yaxşılıqlarımız da dəyib. Eləcə də qardaş Türkiyənin.
Sadalananların fonunda soydaşlarımızın incidilməsini anlamaq çətindir. Hə şey qırağa, bu cür hərəkətlər heç adi qonşuluq prinsipləri ilə də uzlaşmır. Amma gürcü rəsmiləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin vacibliyindən, regionda qarşılıqlı iqtisadi-ticari əməkdaşlığın zəruriliyindən tez-tez dəm vurmağı sevirlər. Prosesə töhfə verməyə hazır olduqlarını bəyan edirlər. Hanı bəs?..
Bu yerdə sabiq prezident Mixai Sakakşvilyə necə haqq qazandırmayasan?
Hazırda həbsdə yatan keçmiş prezident Gürcüstanın hakimiyyətini təkcə Qərb tərəfdaşları ilə deyil, həm də ən yaxın qonşuları – Azərbaycan və Ermənistanla münasibətləri pisləşdirməkdə günahlandırıb.
![]()
“[Gürcüstanın Baş naziri İrakli] Kobaxidze Ermənistandan Gürcüstan QHT-lərini İrəvandan (Ermənistan indi gürcülərlə doludur, çünki əvvəllər Qərbin maliyyəsi ilə Tiflisdə keçirilən konfransların hamısı İrəvana köçürülüb) çıxarmağı və onların hesablarını bağlamağı xahiş edir. Paşinyan hökuməti isə cavab olaraq bəyan edir ki, Ermənistanda xarici agentlər haqqında qanunu yoxdur, qanunu tətbiq etməyi planlaşdırmır və gürcülərin azadlığını məhdudlaşdırmaq üçün əlində heç bir əsas yoxdur. Ardınca Kobaxidze İrəvanı malların hərəkətinə məhdudiyyətlərlə hədələyir”, – Saakaşvili Facebook səhifəsində yazıb.
Eks-prezident ardınca yazır ki, Gürcüstan tərəfi Azərbaycan üçün də problem yaratmağa başlayıb. “Bu arada Tiflis artıq Azərbaycan üçün malların hərəkətinə problem yaradıb. Azərbaycan KİV-i haqlı olaraq məsələdə Rusiyanın təsirini görür”, – Saakaşvili vurğulayıb və rəsmi Bakının qəzəbini haqlı saydığını bildirib.
Bəs görəsən Tiflis odla oynadığının, öz ayağına güllə sıxdığının, yaxud oturduğu budağı kəsməklə məşğul olduğunun fərqindədirmi? Bununla o, gerçəkdənmi Rusiyaya reverans etmək istəyir? Nəyin nəminə? Guya Moskva Abxaziya və Cənubi Osetiyanı döyüşsüz-filansız ona qaytaracaq? Azərbaycan təcrübəsi görk olmadı?
Nəhayət, faktiki Bakı və Ankaranın hesabına ayaqda qalan Gürcüstanın “dost itirən” vaxtımı?..\Zahid SƏFƏROĞLU Musavat\
Polise.az



