Oğuzda evinin həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında şübhəli bilinən rayonun Muxas kənd sakini Sahabir Hacıbalayev saxlanılıb. Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 4 kq 345 qr 4 ədəd və qurutmaq üçün həyətyanı sahədəki tikilinin çardağında saxladığı çəkisi 2 kq 610 qr 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb. S.Hacıbalayev ifadəsində narkotik vasitəni mart ayında becərdiyini, onlara xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.