Oktay Qasımov:”Tehranın aqressiv ritorikası ABŞ-İran münasibətlərini yenidən gərginləşdirib”

“Amerika ilə İran arasında bir müddət əvvəl müəyyən razılaşma əldə olunsa da, əksər ekspert və analitiklər bu anlaşmanın uzunmüddətli olacağını real hesab etmirlər. Çünki tərəflər arasında ən mühüm məsələlər üzrə hələ də ciddi fikir ayrılıqları qalmaqdadır”.

Bu sözləri Redaktor.aza ABŞ və İran arasında son toqquşmaları şərh edən politoloq Oktay Qasımov bildirdi. O nəzərə çatdırdı ki, İran Hörmüz boğazı ilə bağlı sərt mövqeyini davam etdirir:

“Rəsmi Tehran beynəlxalq gəmiçiliyin sərbəst həyata keçirilməsi əvəzinə, boğazdan keçən gəmilər üzərində nəzarətin gücləndirilməsi, rüsumların tətbiqi kimi məsələlərdə israr edir. Son dövrlərdə bəzi gəmilərə qarşı hücumlar və onların hərəkətinə mane olunması ilə bağlı hadisələr də gərginliyi artıran amillərdən biri kimi qiymətləndirilir. Digər tərəfdən, İran ABŞ-nin əsas tələblərini, xüsusilə nüvə proqramı və Hörmüz boğazı ilə bağlı məsələlərdə qəbul etməyib və aqressiv ritorikasını davam etdirir. Buna görə də tərəflər arasında gərginliyin yenidən artacağı əvvəlcədən gözlənilən idi. Faktiki olaraq, dünən ABŞ Prezidenti NATO sammitində İranla əldə olunmuş razılaşmanın artıq qüvvədə olmadığını bəyan etdi və Tehrana qarşı daha sərt addımların atılacağını bildirdi. Bundan sonra ABŞ qüvvələrinin İrana qarşı hərbi əməliyyatlar həyata keçirdiyi müşahidə olundu”.

Müsahibimiz hesab edir ki, bu proses genişmiqyaslı müharibəyə çevrilməyəcək. Oktay Qasımovun fikrincə, hazırkı mərhələdə belə bir eskalasiya nə ABŞ-nin, nə də İranın maraqlarına uyğundur.

“İranda hazırda daxili siyasi proseslər davam edir və ölkənin hərbi potensialının da əhəmiyyətli hissəsi əvvəlki qarşıdurmalar zamanı zəiflədilib. ABŞ isə yenidən uzunmüddətli hərbi əməliyyatlara cəlb olunmaqdan daha çox, məhdud zərbələr vasitəsilə İranı mövqeyini yumşaltmağa məcbur etməyə çalışır. Digər mühüm məqam isə ondan ibarətdir ki, ABŞ hazırda beynəlxalq müstəvidə daha əlverişli mövqedə görünür. Əgər əvvəlki qarşıdurmalar zamanı Vaşinqton NATO müttəfiqlərinin tam dəstəyini ala bilməmişdisə, son NATO zirvə toplantısında İranla bağlı ABŞ-nin mövqeyini dəstəkləyən qərarlar qəbul edildi. Alyans üzvləri Hörmüz boğazında sərbəst naviqasiyanın təmin olunmasını vacib hesab etdiklərini və İranın nüvə silahı əldə etməsinə qarşı olduqlarını açıq şəkildə bəyan etdilər. Bütün bunları nəzərə alaraq düşünürəm ki, tərəflər mövcud gərginliyin tammiqyaslı müharibəyə çevrilməsində maraqlı olmayacaqlar. Bununla yanaşı, vəziyyətin sabitləşməsi üçün hər iki tərəfin üzərinə məsuliyyət düşür. Lakin hesab edirəm ki, hazırkı mərhələdə razılaşmaların pozulmasına səbəb olan addımlar daha çox İran tərəfindən atılır. Xüsusilə Hörmüz boğazında sərbəst gəmiçiliyə maneə yaradılması və əvvəlki razılaşmalardan kənara çıxan addımlar gərginliyi artıran əsas amillər kimi qiymətləndirilə bilər”, – deyə o yekunlaşdırdı.\NURİYYƏ\

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button