Ölkədə 2005-2024-cü illər ərzində insan alverinə görə 650 nəfər məsuliyyətə cəlb olunub

Azərbaycanda 2005-2024-cü illər ərzində insan alveri ilə əlaqədar ümumilikdə 650 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Onlardan 552-si qadın, 98-i isə kişidir. 2023-cü ilin yekunlarına əsasən insan alverinə görə məsuliyyətə cəlb olunanların sayı 636 nəfər idi (541 qadın, 95 kişi).
Polise.az xəbər verir ki, bu barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc mayın 13-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, iclasda təqdim edilən “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) bu sahədə son 19 il ərzində görülmüş tədbirlərin nəticələri yer alıb: “Hesabatda insan alverçilərinə qarşı çıxarılan məhkəmə qərarları da təhlil olunub. 2024-cü il üzrə Ağır Cinayətlər Məhkəməsi tərəfindən yalnız 1 nəfərə real azadlıqdan məhrumetmə cəzası verilib, digər 4 şəxsə isə şərti cəza tətbiq olunub. Müqayisə üçün qeyd edək ki, 2023-cü il hesabatında azadlıqdan məhrum edilənlərin sayı 11 nəfər idi. Bu da cəza siyasətində müəyyən dəyişikliklərin müşahidə olunduğunu göstərir”.
Zahid Oruc bildirib ki, cari hesabat dövründə insan alveri ilə əlaqəli digər cinayətlərlə bağlı 15 nəfər təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Bu göstərici əvvəlki illə müqayisədə mühüm artım (2023-cü ildə 6 nəfər) nümayiş etdirir və insan alveri şəbəkələrinin hələ də mövcudluğunu göstərən əsas faktorlardan biri kimi qiymətləndirilir. Ekspertlər bu statistik göstəricilərin dövlətin insan alverinə qarşı apardığı mübarizənin davamlı xarakter daşıdığını və hüquq-mühafizə orqanlarının bu sahədə fəaliyyətini gücləndirdiyini göstərdiyini bildirirlər. Bununla yanaşı, insan alverinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin, ictimai maarifləndirmənin və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanır.
Polise.az