“Omikron”u tapan həkimdən təəccüblü açıqlama – Siyasətçilər ondan nə istəyiblər?
Dünyada 5,7 milyondan çox insanın ölümünə səbəb olan koronavirus ilk dəfə ötən ilin noyabr ayında ortaya çıxan “Omikron” variantı ilə təsirini artırmağa davam edir.
Cənubi Afrikada koronavirusun ən çox mutasiyaya uğramış növü kimi tanınan “Omikron” variantını aşkar edən Cənubi Afrika Tibb Assosiasiyasının sədri, doktor Anjelika Cotze(Angelique Coetzee) bir çox alim və siyasətçinin virusun gedişi haqqında ondan yalan danışmasını istədiklərini deyib.
Britaniyanın “Daily Telegraph” qəzetinə açıqlama verən A.Cotzenin sözlərinə görə, dünyanın hər tərəfindən siyasətçilər və alimlər tərəfindən xəstəliyin olduğundan daha pis göründüyünü söyləmək üçün ona təzyiqlər edilib: “Məndən “Omikron” variantını mülayim kimi təsvir etməməyi xahiş etdilər”.
“Omikron” variantının öz ölkəsində yüngül simptomlar yaratdığını qeyd edən mütəxəssis deyib ki, Cənubi Afrikadan olmayan alimlər və siyasətçilər onunla əlaqə saxlayıb bu xəstəliyin çox ciddi xəstəlik olduğunu bildiriblər.
Onlar A.Cotzeni xəstəliyin yüngül olduğunu dediyi üçün tənqid edib, ona qarşı hücuma keçiblər: “Cənubi Afrikada bu, yüngül bir xəstəlikdir, lakin siyasətçilər məndən bunun çox ciddi bir xəstəlik olduğunu söyləməyimi istədilər. Avropalı siyasətçilər və alimlər mənə “zəhmət olmasa deyin ki, bu, yüngül xəstəlik deyil” deyiblər”.
Peyvənd olunmayanlar üçün xəstəliyin daha ciddi olduğunu qeyd edən həkim “onlar məni yalan danışmaqda və “Omikron” variantını aşağılamaqda ittiham etdilər. Onların fikrincə, 38 mutasiyası olan xəstəliyin yüngül olması mümkün deyil”.


