Ömürlük asılılıq yaradan, məktəb yaşlı uşaqları hədəf alan elektron siqaretlər

Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan olunur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) elektron siqaretin istifadəsi ilə bağlı hesabatına görə, hazırda dünyada 100 milyondan çox insan elektron siqaretdən istifadə edir. ÜST ölkələrə çağırış edərək bildirir ki, yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının istifadəsinin yaxından izlənilməsi, yeni məhsulların yayılmasına qarşı isə təsirli tənzimləyici və maarifləndirici tədbirlərin həyata keçirilməsi zəruridir.
Mövqeyimiz prinsipial olmalıdır
Teleqraf-a danışan Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov hesab edir ki, elektron siqaretlərə qarşı prinsipial mövqe nümayiş etdirilməlidir:
“Elektron siqaretlərlə bağlı tez-tez səsləndirilən bir arqument var. Guya elektron siqaretlər klassik siqaretlərə nisbətən daha az zərərlidir. İlk baxışda bu fikir məntiqli və hətta effektiv təsir bağışlaya bilər. Lakin məsələni daha dərin və geniş kontekstdə təhlil etdikdə bu yanaşmanın ciddi problemlər yaratdığını görürük. Xüsusilə nikotin asılılığının erkən yaşlarda yeniyetmələr arasında formalaşması gələcəkdə daha ağır davranış modellərinə və sağlamlıq problemlərinə yol açacaq. “Tüstüsüz”, “az zərərli”, “meyvəli”, “klassik siqaretdən qurtulmaq üçün ara vasitəçi” kimi çox mülayim formada təqdim olunmaları, bu vasitələrin tərkibindəki maddələrin ciddi asılılıqla yanaşı, həm də qızdırılma zamanı kimyəvi olaraq bəzən aşkarlanması çətin olan toksik birləşmələr əmələ gətirdiyi bilinməkdədir.
Kütləvi istehsal şəraitində nəzarətin zəifləməsi isə daha ciddi gizli asılılıq yaradan psikoaktiv maddələrin dövriyyəyə daxil olma riskini artırır ki, bununla bağlı da həyəcan təbili çalınmaqdadır”.

Deputat vurğulayır ki, sənayeləşmənin ilk dövrlərində siqaretin geniş yayılmasının qarşısını almaq mümkün olmadı:
“O dövrdə nə bu qədər elmi bilik, nə qlobal kommunikasiya, nə də ictimai məsuliyyət mexanizmləri mövcud idi. Amma bu gün biz tamam fərqli bir mərhələdəyik. Bu gün biz riskləri əvvəlcədən görürük və onları vaxtında idarə etmək imkanına sahibik. Əlbəttə, qlobal tütün sənayesi qarşısında heç bir ölkə təkbaşına bütün problemləri birdəfəlik həll edə bilməz. Lakin bu o demək deyil ki, dövlətlər passiv qalmalıdır. Əksinə, erkən mərhələdə, xüsusilə gəncləri, konkret desək məktəb yaşlı uşaqları hədəf alan, qoxusuz və aldadıcı təsir yaradan ömürlük asılılıq yaradan elektron siqaretlərə qarşı prinsipial mövqe nümayiş etdirilməlidir.
Əlimizdə olan biliklər və datalar bizi yeni yaranan risklərə qarşı daha çevik, daha qətiyyətli və daha məsuliyyətli qərarlar verməyə məcbur edir. Bu, gələcək nəsillərin sağlamlığı ilə bağlı dövlət məsuliyyətidir. Bu yolda atılan hər bir addıma cəmiyyətin hər bir fərdinin həssas yanaşmasını xahiş edirəm”.
“Bu qadağa gələcəkdə sağlam nəslin formalaşmasına öz töhfəsini verəcək”
Deputat Müşfiq Məmmədli hesab edir ki, elektron siqaretlərin ən təhlükəli tərəfi məhz psixoloji asılılıq yaratmasıdır:
“Elektron siqaretlər “zərərsizdir” fikri ilə cəmiyyətə təqdim olunur. Bu düşüncə tərzi də belə siqaretlərdən istifadənin satışını stimullaşdırır. Üstəlik bu cür siqaretlər heç də siqareti tərgitmək funksiyasını həyata keçirə bilmirlər, əksinə yenidən klassik siqaretə qayıdışa səbəb olurlar.
İndiyə qədər klassik tütündən istifadəni məhdudlaşdıran bir çox addımlar atılıb, qanunvericiliyə dəyişikliklər olub. Beləki, yeniyetmələrə, gənclərə tütün satışının qadağan olunması, satış yerlərinə məhdudiyyətlərin tətbiq olunması, təbliğat və reklam prosesinə ciddi nəzarəti misal çəkə bilərik. Həm inzibati, həm maarifləndirici tədbirlər, həm də elektron siqaretlərin qadağan olunması istiqamətindəki addımlar gələcəkdə sağlam nəslin formalaşmasına öz töhfəsini verəcək”.

“Elektron siqaretlər öyrənməni gerilədir”
Kardioloq, tibb elmləri üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov deyir ki, infarktın gəncləşməsinin səbəblərindən biri də siqaret və elektron siqaretlərdir.
“Elektron siqaretlər siqareti tərgitmək üçün bir vasitə olaraq düşünülmüşdü. Bu məqsədlə onu yaradan firmalar geniş satışını təmin etdilər. Amma Amerika Qida və Dərman Sənaye Agentliyi buna icazə vermədi. Elektron siqaretin tərkibində buxarlaşdırılmış tütün var. Tütündən başqa qaynadıcı su, ağır metallar və batereyalar mövcuddur. Bütün bunların da çəkildiyi zaman ağ ciyərlərimiz vasitəsi ilə qana keçdiyi düşünülür. Nəticə etibarı ilə elektron siqaretlər də siqaretdir. Və o ürək damarlarında daralmaya səbəb olur, ürək döyüntülərimizi artırır. İnfarktda əsas risk faktorları siqaret, elektron siqaret və qəlyandır. Normal siqaret azalsa da, digərləri artır.
Elektron siqaretdən daha çox xanımlar istifadə edir. O baxımdan 20 il əvvələ baxdıqda indi deyə bilərik ki, infarkt kişilərə nisbətən qadınlarda daha çox gəncləşib.
Həmçinin bu cür siqaretlərdən daha çox gənclər istifadə edir. Onu da bilmək lazımdır ki, elektron siqaretlər öyrənməni də gerilədir və ən siqaret qədər zərərlidir”.
Polise.az



